Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-565/2023 19.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ona və ailə üzvlərinə məxsus olan 0.1529 ha torpaq sahəsinin 0.6 ha hissəsindən Cavabdeh çıxarılmasına və 2022-ci ildə əkdiyi 25-30 sm hündürlüyündə taxılın 2023-cü ilin aprel ayında cavabdeh tərəfindən traktorla əkilərək qəsdən vurulmuş ziyanın və 1998-ci ildən onun torpaq sahəsinin cavabdehin istifadə etməsinə görə ona vurulmuş ziyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla onun və ailə üzvlərinin mülkiyyətinə 0.1529 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi onun adınadır. Bir sözlə həmin torpaq sahəsinə dair bütün hüquq müəyyənedici sənədləri vardır. Həmin torpaq sahəsinin təxminən 0.6 ha hissəsini iş üzrə Cavabdeh qanunsuz olaraq zəbt edərək istifadə edir. Hazırda onlar sözügedən torpaq sahəsindən istifadə edə bilmirlər. O və ailə üzvləri cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağını dəfələrlə xahiş etsələr də, cavabdeh buna məhəl qoymamışdır. Onların hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Cavabdehin bu hərəkətləri davamlı olaraq aralarında mübahisələrə səbəb olur. Bu barədə bir çox aidiyyəti orqanlara müraciətlər etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh uzun müddətdir ki, ona məxsus torpaq sahəsini istifadə edir. O, bundan əvvəl ƏMDK-nın yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, özünə məxsus torpaq sahəsini istifadə etmişdir. İddiaçının torpaq sahəsini tutmamışdır. Torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı heç bir mütəxəssis gəlməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********78 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.1529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə payları olmaqla adlarına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin 22 aprel 2019-cu il tarixli aktından görünür ki, X1 olan yerini tam olaraq istifadə etmir. X2 məxsus Dövlət aktında olan koordinantlar faktiki istifadədən 5 metr qərbdə yerləşir. Bundan əlavə X2 məxsus Dövlət aktında olan koordinantlarına əsasən torpaq sahəsinin bir hissəsi JN-304 nömrəli Dövlət aktının mülkiyyətçisi Cavabdeh faktiki istifadə etdiyi ərazidə yerləşdiyi müəyyən olunmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 10/4871 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin 22 aprel 2019-cu il tarixli aktına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, **********878 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.1529 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və X1 olan yerini tam olaraq istifadə etmir. X2 məxsus Dövlət aktında olan koordinantlar faktiki istifadədən 5 metr qərbdə yerləşir. Bundan əlavə X2 məxsus Dövlət aktında olan koordinantlarına əsasən torpaq sahəsinin bir hissəsi JN-304 nömrəli Dövlət aktının mülkiyyətçisi Cavabdeh faktiki istifadə etdiyi ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********78 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Gədəbəy şəhərində yerləşən 0.1529 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə payları olmaqla adlarına qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyini iddia etmiş, cavabdehin ona məxsus olan torpaq sahələrindən çıxarılmasını və cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin torpaq sahəsinin bir hissəsinin qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlər, işdə olan sübutlar və ekspert rəyi ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan akta və ekspert rəyinə əsasən, İddiaçı və onun ailə üzvlərinə məxsus Gədəbəy şəhərində yerləşən 0.1529 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Bu da onu göstərir ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsini qanunsuz istifadə edir. Cavabdeh isə mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsinin tutulmuş hissəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi və taxıl sahəsinin əkilməsi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi, ona məxsus torpaq sahəsində əkdiyi taxıl sahəsinə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona zərər vurulduğunu bildirsə də, o, cavabdehin həmin torpaq sahəsindən necə istifadə etməsi, istifadə nəticəsində ona vurulmuş ziyanın nədən ibarət olması, nə qədər olması, həmin ziyanın necə yaranması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. MPM-in 771-.1-ci maddəsinə əsasən, qeyd olunan halları sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan hissəsində tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********78 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy şəhərində yerləşən 0.1529 ha torpaq sahəsinin tutduğu hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********78 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy şəhərində yerləşən 0.1529 ha torpaq sahəsinin tutduğu hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-565/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-565/2023
19.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver