Məhkəmə qərarları › İş №2(042)-580/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-580/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-580/2023 10.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X2 miras qalmış, Gədəbəy rayonu Slavyanka kəndində ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 61.14 kv.m olan A literli fərdi yaşayış evindən və ümumi sahəsi 50 kv.m olan B literli fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə anası X9 1948-ci ildə ailə qurmuşlar. Onların birgə nikahından o - Ərizəçi, X10, X5, X6 və X7 adında 5 övladı olmuşdur. X1 1964-cü ildə, anası X9 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. Eləcə də qardaşı X10 xx.xx.1979-cu ildə, bacıları X5 xx.xx.1996-cı ildə, X6 xx.xx.1998-ci ildə, X7 isə xx.xx.2018-ci ildə vəfat etmişdir. Gədəbəy rayonu, Slavyanka kəndində valideynlərinin istifadəsində 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Onlar sağlığında həmin torpaq sahəsində A və B literli olmaqla iki ədəd fərdi yaşayış evi tikmişlər. Evlərin texniki pasportu xx.xx.1989-cu ildə anasının adına tərtib edilmişdir. Həmin sənəddən görünür ki A literli fərdi yaşayış evi 1971-ci ildə tikilmiş, 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 61.14 kv.m, B literli fərdi yaşayış evi isə 1984-cü ildə tikilmiş, ümumi sahəsi 50 kv.m-dir. Həm valideynlərinin sağlığında, həm də valideynlərinin vəfatından sonra onlardan qalmış mülkə faktiki olaraq o sahiblik etmişdir. Buna görə də, həmin evlərin yerləşdiyi 0.25 həyətyanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən onun adına xx.xx.2006-cı il tarixli, JN-405D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Anasının vəfatından sonra ondan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən A və B literli fərdi yaşayış evlərinə faktiki olaraq o sahiblik etmişdir. Anasının dəfnini o təşkil etmiş, bütün xərcləri o çəkmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları anasından qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 409 saylı vərəsəlik arayışını ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, anasından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 155 nömrəli imtina məktubu verilmidşir. Anasından qalmış miras əmlaklarla bağlı heç bir mübahisə yoxdur. Qardaş və bacıları vəfat etmişdir. Eləcə də atası və anası vəfat etmişdir. Hal-hazırda anasından qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum anası X2 qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 61.14 kv.m olan A literli fərdi yaşayış evindən və ümumi sahəsi 50 kv.m olan B literli fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən fərdi yaşayış evlərinə mərhum anası X3 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onun sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırması üçün hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 135 nömrəli arayışdan görünür ki, Ərizəçi adına olan Gədəbəy rayonu, Slavyanka kəndində 0.25 ha həyətyanı torpaq sahəsində 1949-cu ildə inşa edilmiş yaşayış evi qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 409 nömrəli arayışdan görünür ki, Ərizəçi anası mərhum X9 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində yaşamış və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Mərhumun başqa yerdə yaşayan ailə üzvi kimi Ərizəçi qeyd edilmişdir. Mərhumun digər övladları X7, X6, X10 və X5 vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. Atası qrafası boş saxlanılmış, anası qrafasında X9 qeyd edilmişdir. İşəd olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışlardan görünür ki, X9 xx.xx.1998-ci il, X10 xx.xx.1979-cu il, X6 xx.xx.1998-ci il, X5 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan SSR dövründə xx.xx.1989-cu il tarixdə X3 adına tərtib edilmiş fərdi yaşayış fonuna aid yaşayış evinin texniki pasportunun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 adına Gədəbəy rayonu, Slavyanka kəndində A literli 1971-ci ildə tikilmiş, 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 61.14 kv.m olan fərdi yaşayış evi və B literli 1984-cü ildə tikilmiş, ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan JN-405D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə Ərizəçi mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 155 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X8 və X9 ilə 1948-ci il tarixdə faktiki olaraq evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə Ərizəçi, X10, X5, X6 və X7 adında 5 övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə Ərizəçi mülkiyyətinə JN-405D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Azərbaycan SSR dövründə xx.xx.1989-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış fonuna aid yaşayış evinin texniki pasportuna əsasən X3 adına Gədəbəy rayonu, Slavyanka kəndində həmin həyətyanı torpaq sahəsində yerləşən A literli 1971-ci ildə tikilmiş, 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 61.14 kv.m olan fərdi yaşayış evi və B literli isə 1984-cü ildə tikilmiş, ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evləri qeyd edilmişdir. Odur ki, həmin “A” və “B” literli fərdi yaşayış evləri X3 mülkiyyətində olmuşdur. X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Slavyanka kəndində “A” literli 1971-ci ildə tikilmiş, 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 61.14 kv.m olan fərdi yaşayış evi və “B” literli 1984-cü ildə tikilmiş, ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evləri X2 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqları X10, X5, X6 və X7 vəfat etmişdir. Ərizəçi anasının ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-405D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Ərizəçi verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 61.14 kv.m olan “A” literli fərdi yaşayış evindən və ümumi sahəsi 50 kv.m olan “B” literli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X3 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-405D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Ərizəçi verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 61.14 kv.m olan “A” literli fərdi yaşayış evindən və ümumi sahəsi 50 kv.m olan “B” literli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar