Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-582/2020 04.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq övladları ilə birlikdə 1986-cı ildən 2020-ci ilin mart ayının 25-dək yaşadığı Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, Cavabdeh məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia ərizəsində dəqiqləşdirmə apararaq övladları ilə birlikdə 1999-cu ildən 2020-ci ilin mart ayının 25-dək yaşadığı Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, Cavabdeh məxsus olan torpaq sahəsində yerləşən, əri X10 tərəfindən tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, X10 ilə 1986-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxtdan Cavabdeh məxsus olan, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Övladları həmin evə dünyana gəlmişdir. 1999-cu ildə Cavabdeh torpaq sahəsində ev tikdirmişlər. Həmin ev üç otaqdan ibarətdir. O, evi əri və onun qazancı hesabına tikmiş və ailəsi ilə birlikdə həmin tikilidə yaşamışdır. xx xxxx 2020-ci ildə Cavabdeh onu və övladlarını həmin evdən qovmuşdur. Onun yaşamağa başqa yeri olmadığı üçün məcburiyyət qarşısında müvəqqəti olaraq qohumunun evinə sığınmışdır. Hazırda cavabdeh onu və uşaqlarını həmin evə buraxmır, orada yaşamasına imkan vermirlər. Yaşamağa başqa yeri yoxdur. Gəlin köçdüyü ev Cavabdeh adınadır.Ona görə də hesab edir ki, o, övladları ilə birlikdə hazırda Cavabdeh məxsus olan torpaq sahəsində yerləşən, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, əri X10 tərəfindən tikilmişfərdi yaşayış evinə köçürülməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etdi və izahatında göstərdi ki, İddiaçı onun oğlu X10 ilə 1986-cı ildə ailə qurub evlənmişdir. İddiaçı onun yaşadığı evə gəlin köçmüşdür. Uşaqları həmin evdə doğulmuşdur. 1999-cu ildə həmin evdən başqa oğlu Arzu İbrahimov başqa bir ev tikmişdir. Həmin ev də ona məxsus torpaq sahəsində tikilmişdir. Oğlu Arzu ailəsi, yəni Ranə və uşaqları ilə birlikdə 1999-cu ildə həmin evə köçmüşdür. Orada 2020-ci ilin mart ayınadək yaşamışlar. Onun bütün əmlakı oğlu Arzunundur. Ranə onu öz evinə qoymadığından o, da Ranəni evdən qovmuşdur. O, iddiaçı onu öz evinə qoymadığından o da iddiaçını qovmuşdur. Hazırda iddiaçının onun evinə köçməsinə və orada yaşamasına etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 224 nömrəli arayışdan görünür ki, İddiaçı 09 nömrəli təsərrüfatbaşına kitabın 21-ci səhifəsinə əsasən, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatdadır və yaşayır. Ailə üzvləri ailə başçısı X2, uşaqları X9, X14, X3, X4, nəvələri X7 və X5 ibarətdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə, X14 xx.xx.1989-cu il tarixdə, X3 xx.xx.1998-ci il tarixdə, X4 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2006-2010-cu illərə dair Arıxdam kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabının 274-cü şəxsi hesabında Cavabdeh adına təsərrüfat açılmış, həmin təsərrüfatda onun adına 1977-ci ildə tikilmiş, ümumi sahəsi 160 kv.m, o cümlədən yaşayış sahəsi 80 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Arıqdam kəndində yerləşir. Həmin evin Cavabdeh məxsusluğu mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Arıxdam kəndində yerləşmiş fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 1999-cu il tarixdən yaranmışdır. Belə ki, iddiaçı cavabdehin oğlu Arzu İbrahimovla 1986-cı ildə ailə qurmuş, 1999-cu ildə övladları ilə birlikdə əri Arzu tərəfindən qaynanasına (cavabdehə) məxsus torpaq sahəsində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinə köçmüşdür. Ev cavabdehə məxsus torpaq sahəsində tikildiyindən təsərrüfatbaşına kitabda da onun adına qeydə alınmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə cavabdehin iradəsi ziddinə deyil, onun razılığı ilə daimi yaşamaq məqsədi ilə köçmüş və əşyalarını həmin evə yığaraq əri və qaynanası ilə birgə təsərrüfat aparmışdır. İddiaçı ilə X10 arasında rəsmi nikah olmuş və etibarlı ailə münasibətləri yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçını mübahisəli evə köçürməsini mübahisələndirmədi. Eləcə də, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmaması həmin evdə yaşayanların sahiblik və faktiki istifadəsinin olmaması demək deyildir. İddiaçı da cavabdehlə birlikdə mübahisəli yaşayış evində yaşamış və həmin evə münasibətdə cavabdehlə bərabər imkan əldə etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçını mübahisəli evə köçürməsini mübahisələndirmədi və iddia tələbini etiraf edərək iddiaçının evə köçməsinə razı olduğunu bildirdi. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Məhkəmə həmçinin, iddiaçının iddia tələbinin uşaqlarının da mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının uşaqları – X9, X14, X3 və X1 hər biri yetkinlik yaşına çatmışdır. Onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilmir. Ona görə də onların hər biri müstəqil mülki hüquq subyekti olduğundan iddiaçının uşaqlarının da mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, 1999-cu ildə X10 tərəfindən Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsində tikilmiş, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, 1999-cu ildə X10 tərəfindən Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsində tikilmiş, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-582/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-582/2020
04.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver