Məhkəmə qərarları › İş №2(042)-588/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-588/2020

11.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-588/2020 11.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq ona və ailə üzvlərinə AİK-in xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-00xx xxx 50507018 saylı Dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin 0.34 ha əkin üçün nəzərdə tutulmuş hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayon X2 xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində onun və ailə üzvlərinin mülkiyyətinə 0.75 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.34 ha hissəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdeh 20 ildir ki, onun torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsini qanunsuz olaraq tutub istifadə edir. O, dəfələrlə torpaq sahəsinin boşaldılması barədə cavabdehə bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 212 saylı arayışdan görünür ki, Səfərov X4 rayonu, Böyük Qaramurad kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ərazidə torpaq islahatı gedən zaman ailəsi ilə birlikdə, beş nəfər ailə üzvü olmaqla JN 0089 nömrəli dövlət aktı ilə cəmi 0.75 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.34 ha əkin, 0.41 ha biçənək sahəsidir. İşdə olan JN-00xx xxx 50507018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X1 xx xxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 0.75 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssislər İlqar Məmmədov və X5 rayon Məhkəməsinin təyin edilmiş məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə iddiaçının izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon X1 xx xxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 0.75 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinə əsasən, mütəxəssislər İlqar Məmmədov və X5 rayon Məhkəməsinin təyin edilmiş məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ona məxsus olan torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar