Məhkəmə qərarları › İş №2(042)-590/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-590/2025

02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-590/2025 02.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "alqı-satqıbağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi" tələbi barədə mülki iş (açar sözlər: mülkiyyət hüquqi ilə əlaqədar mübahisələr, çıxarışın ləğvi, bağışlanma və alqı-satqı müqavilələrinin etibarsızlığı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "alqı-satqıbağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən həmin çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin bağışlanmasına dair Cavabdeh1 və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin satılmasına dair X6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-71/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən X2 miras qalmış Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarışa əsasən, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 48,0 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. O, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs olaraq Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-71/2021 saylı qətnaməsindən apellyasiya şiakyəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-735/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 2(042)-71/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş və Cavabdeh1 mərhum həyat yoldaşı X2 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilmsəi haqqında ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-640/12 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-735/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq artıq ləğv edilmiş qətnamə əsasında, Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməmişdir. Həmçinin, Cavabdeh1 həmin çıxarış əsasında 01 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsini Cavabdeh2 satmış, bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli, AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmçinin, Cavabdeh1 06 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evi və 0,13 hissədə torpaq sahəsini qızı X3 bağışlamış, bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında X1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra X6 həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin 0,13 ha hissəsini Cavabdeh4 satmış, bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli, AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilmsinə dair müqavilələrin əsasında Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış durur ki, həmin çıxarışın da verilməsinə əsas olan məhkəmə qətnaməsi ləğv edilmişdir. Odur ki, hesab edir ki, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyindən həmin çıxarış ləğv edilməli, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN- İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməli, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin bağışlanmasına dair Cavabdeh1 və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0.13 ha hissəsinin satılmasına dair X6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № 1 135552 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim etmiş və etirazının onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.14 ha hissəsi hazır kı is üzrə cavabdeh olan ona - X7 daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən (xx.xx.2022- ci il tarixli AN nömrəli ******* nömrəli) satılmış və həmin hissəyə dair onun adına çıxarış hazırlanmışdır. Göründüyü kimi o mübahisəli torpaq sahəsinə dair vicdanlı alıcı sayılır. Baxmayaraq ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 hüquqlarının qanunsuz qeydə alınması qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(042)-71/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Çünki tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci ildə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilənədək bağlanmışdır ki, həmin vaxt onun xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş və hüquq mühahisələndirilməmişdir. Yəni, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu halda ilkin qeydin hansı əsasla əldə edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Belə ki, aşağıda qeyd olunan müddəalara görə daşınmaz, əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz, əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız, dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Yəni, hazırkı iş üzrə onun alqısatqı müqaviləsi üzrə əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan mülkiyyət hüququna təminat verilmişdir. Həmin torpaq sahəsinə dair ilkin qeydiyyatın hansı əsaslarla əldə edilməsi iş üzrə əhəmiyyət kəsb etmir. Buna görə də hesab edir ki, hazırkı halda hər hansı əks mövqe mübahisə edilən torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmış cavabdeh kimi onun hüquqlarını poza biləcəyindən iddia təmin edilməməlidir.

5. Cavabdeh4 da iddia tələbinə qarşı eyni məzmunlu etiraz ərizəsi vermişdir.

6. Cavabdeh2 nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan; -Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-71/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-735/2023 saylı qərardadından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)- 71/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh1 mərhum həyat yoldaşı X2 miras qalmış daşınar və daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinin baxılmamış saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və 48 kv.m fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 4da DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,14 ha torpaq sahəsini 5000 manat məbləğ qarşılığında Cavabdeh2 satmışdır. - Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 03 fevral 2023-cü il tarixli, reyestrdə 4Ə-234 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsində görünür ki, Cavabdeh1 Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən ünvan 4da DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini Cavabdeh3 bağışlamışdır. - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 06 mart 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 4da DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini ümumilikdə 5000 manat məbləğ qarşılığında Cavabdeh4 satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,13 ha torpaq sahəsi və 98,80 kv.m fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına qeydə alınmışdır.

11. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-71/2021 saylı qətnaməsi ilə, Cavabdeh1 tərəfindən X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsi və 48 kv.m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh1 Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən sözügedən 0,27 ha torpaq sahəsinin 0,14 ha hissəsini Cavabdeh2 satmışdır. Eləcə də, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 03 fevral 2023-cü il tarixli, reyestrdə 4Ə-234 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini Cavabdeh3 bağışlamışdır. Bundan sonra Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 06 mart 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh3 ünvan 4da DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,13 ha torpaq sahəsini və 98,8 kv.m fərdi yaşayış evini Cavabdeh4 satmışdır. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-71/2021 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-735/2023 saylı qərardadına əsasən, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)- 71/2021 nömrəli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq ləğv edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş çıxarışların ləğvini, bağlanış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 13cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

13. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

17. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

19. Göstərilən Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.[194] - 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. - 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329-cu maddəsinə əsasən, Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 337-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. https://eqanun.az/framework/46944Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. Məhkəmə qeyd edir ki, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin və 48 kv.m fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmasına əsas Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 71/2021 saylı qətnaməsi olmuş və həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-735/2023 saylı qərardadı ilə tamamilə ləğv edilmişdir. Belə olan məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ləğv edildiyindən onun yaratdığını hüquqi nəticələr də etibarsız hesab edilməlidir.

22. Bundan başqa məhkəmə həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin bağışlanmasına dair Cavabdeh1 və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 0,13 ha hissəsinin satılmasına dair X6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlir. Belə ki, ləğv edilmiş məhkəmə qətnaməsi ilkin olaraq Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın verilməsinə səbəb olmaqla ardıcıl olaraq yuxarıda qeyd edilən digər müqavilələrin bağlanmasına və əqdlərin qeydə alınmasına səbəb olmuşdur.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 25 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

24. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

25. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

26. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

27. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.

28. ““N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Həmçinin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

30. Məhkəmə bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcılar olan Cavabdeh4 və Cavabdeh2 vicdanlı alıcı olub-olmamaları ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında qohumluq və şəxsi tanışlıq münasibətləri mövcuddur. Belə olan halda onların arasında aparılmış alqı-satqı münasibətləri real deyil, formal xarakter daşımış və məqsəd daşınmaz əmlakın digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə maneə yaratmaq olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh4 və Cavabdeh2 vicdanlı alıcı hesab edilə bilməzlər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. Həmçinin məhkəmə qeyd edir ki, X6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilələr əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların da ləğv edilməsi üçün əsaslar yaranmışdır. Lakin həmin çıxarışların ləğvi tələb edilmədiyindən məhkəmə iddia tələbindən kənara çıxılmasını məqsədə müvafiq hesab etmir.

33. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməlidir.

34. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbləri təmin edilsin. Cavabdeh1 adına qeydiyyata alınmış Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m və torpaq sahəsinin ölçüsü 0,27 ha olan fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin 0,14 ha hissəsinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsinin bağışlanmasına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2023-cü il tarixli, 4Ə-234 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ev 106 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv/m fərdi yaşayış evinin və 0,13 ha torpaq sahəsinin bağışlanmasına dair Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar