Məhkəmə qərarları › İş №2(042)-600/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-600/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-600/2023 24.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X3 miras qalmış, Gədəbəy rayonu Pirbulaq kəndində xerləşən, JN-102 KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq torpaq sahəsindən, JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə anası X14 1954-cü ildə ailə qurmuşlar. Valideynlərinin birgə nikahından o - Ərizəçi, X17 qızı, X10, X15 və X5 adında beş övladı olmuşdur. X4 xx.xx.1986-cı ildə, anası X14 xx.xx.2009- cu ildə, vəfat etmişdir. Eləcə də qardaşı X15 xx.xx.2011-ci ildə, bacısı X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində anası X6 mülkiyyətinə 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-102 KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eləcə də Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 06 saylı qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində anası X6 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə tərtib edilmişdir. Anasının sağlığında, yəni 1995-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Ev təsərrüfatbaşına kitabda anasının adına qeyd edilmişdir (bu barədə Pirbulaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışını ərizəsinə əlavə etmişdir). Evin sahəsi 80 kv.m olmaqla ikimərtəbəli fərdi yaşayış evidir. Anasının vəfatından sonra ondan miras qalmış, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə, 0.25 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə faktiki olaraq o sahiblik etmişdir. Anasının dəfnini o təşkil etmiş, bütün xərcləri o çəkmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları anasından qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, anasından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 245 nömrəli imtina məktubu verilmişdir. Anasından qalmış miras əmlaklarla bağlı sağ qalan qardaşı və bacısı ilə onun arasında heç bir mübahisə yoxdur. X2 və bacısı X10 notarial ərizə verərək anasından qalmış mirası qəbul etməkdən imtina etmişlər. Hal-hazırda anasından qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum anası X3 qalmış, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən, 0.25 ha həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə, 0.25 ha həyətyanı sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum anası X6 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onun sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırması üçün hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 312 nömrəli arayışdan görünür ki, Ərizəçi anası mərhum X7 adına Pirbulaq kəndində 2 mərtəbəli 80 kv.m sahəsi olan 1995-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X19, anası qrafasında X14 qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışdan və ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X19 xx.xx.1986-cı il tarixdə, X16 xx.xx.2009-cu il tarixdə, X8 xx.xx.2022-ci il tarixdə, X15 xx.xx.2011-ci il tarxdə ölmüşdür. İşdə olan JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 nömrəli qərarı ilə X6 mülkiyyətinə Gədəbəy rayonu, Pirbulaq kəndində 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-067A KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 nömrəli qərarı ilə X6 mülkiyyətinə Gədəbəy rayonu, Pirbulaq kəndində 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatda olan X17 və ünvan 1 ünvanında qeydiyyatda olan X11 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, anaları X14 23 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Onlar tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Miras əmlak onlar tərəfindən qəbul edilməmişdir və qəbul etmək niyyətində də deyildirlər. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 245 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X19 və X14 ilə evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə Ərizəçi, X17, X10, X15 və X5 adında beş övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Gədəbəy rayonu, Pirbulaq kəndində X6 mülkiyyətinə JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsi, JN-067A KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X6 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X9 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X6 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X6 Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X6 mülkiyyəti kimi qiymətləndirilməlidir. X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Pirbulaq kəndində fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahələrinin miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan X12 və X6 birgə yaşadıqları dövrdə beş övladları olmuşdur. X1 xx.xx.2011-ci ildə, X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhumun digər övladları X17 və X11 notarial qaydada ərizə verərək analarından qalmış miras əmlakı qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər. Ərizəçi valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 nömrəli qərarı ilə JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən, JN-067A KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.52 ha həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 nömrəli qərarı ilə JN-067A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən, JN-067A KOD 50521028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.52 ha həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar