Məhkəmə qərarları › İş №2(042)-601/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-601/2023

26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-601/2023 26.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə edilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən zəbt edilmiş JN 0182 seriyalı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin boşaldılması və edilən hər cür maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli 01 nömrəli qərarı ilə 1.15 hektar kənd təssərrüfatı məhsullarının istehsalı məqsədi ilə ailə üzvləri ilə birlikdə ona torpaq sahəsi verilməsinə baxmayaraq cavabdehlər həmin torpaq sahəsini zəbt etmişdir. Əlində JN 0182 KOD 50526018 saylı Dövlət Aktı olmasına baxmayaraq cavabdehlər onun torpaq sahəsini könüllü olaraq qaytarmırlar. Özləri istədikləri kimi əkin-səpin işləri aparırlar. Cavabdehlərə və ailə üzvlərinə də torpaq sahəsi verilmişdir. Cavabdehlərin hər biri öz torpaq sahələrini istifadə etməklə yanaşı onun da torpaq sahəsini istifadə edirlər. O, dəfələrlə cavabdehlərə həmin torpaq sahəsinin boşaldılmasını desə də, cavabdehlər onunla razılaşmayaraq torpaq sahəsini boşaltmırlar. Cavabdehlərə torpaq sahəsindən istifadə etməsinə imkan vermələri üçün çox xahiş etsə də, buna məhəl qoymayıb torpaq sahəsində öz başına olaraq bu ildə istifadə etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə aid heç bir sənədi belə yoxdur. Cavabdeh2 bacısı X1 onların qonşuluğunda torpaq sahəsi olmuşdur. Həmin şəxs vəfat etdikdən sonra cavabdehlər torpaq sahəsini Solmazındır deyərək özbaşına zəbt ediblər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini istifadə etmir. Belə ki, o, öz torpaq sahəsini istifadə edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi ona məxsusdur və özünə məxsus torpaq sahəsini istifadə edir. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini tutmamışdır. İddiaçıya məxsus torpaq sahəsini Cavabdeh2 tutmuşdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli, 2(041)-878/2015 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli 01 saylı qərarına əsasən Məmmədov Rafiq Tahir oğluna, X4, X5 və İddiaçı kənd təsərrüfatı məsulları istehsalı məqsədi ilə 1.15 hektar torpaq sahəsi verməsini özündə əks etdirən JN-0182 KOD 50526018 seriya nömrəli, 18 may 2006-cı il tarixdə 186 N° ilə qeydə alınmış “Torpaq mülkiyyət hüququna dair” X10 Rafiq Tahir oğluna, X5, X4 (və İddiaçı) məxsus olması hüquqi əhəmiyyətli faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh1 və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı əsasında JN 181 saylı, KOD 50526018 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə məxsus olan və Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən torpaq sahəsinin 10 metr uzunu və 11 metr enindən ibarət hissəsində cavabdehlər Məmmədov Rafiq Tahir oğlu və X7 tərəfindən aparılmış tikili onların öz vəsaitləri hesabına sökülməsi qət edilmişdir. İşdə olan JN-183 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001ci il tarixli, 05 nömrəli qərarı ilə X2 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.43 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(041)- 585/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehlər Məmmədov Rafiq Tahir oğlu və X7, iddiaçı Cavabdeh1 Gədəbəy rayon X3 10 aprel 2001-ci il tarixli, 05 saylı, JN 181 KOD 50526018 seriya nömrəli Torpağa Mülkiyyət Hüququna dair “Dövlət Aktı” əsasında verilmiş 2.05 ha torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmaları qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(104)- 1367/2021 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-452/2021 saylı qətnaməsindən cavabdehlər Məmmədov Rafiq Tahir oğlu və X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(042)-452/2021 saylı qətnaməsi dəyişdirilməsi, JN-181 KOD 50526018 saylı Dövlət aktına əsasən Cavabdeh1 ümumi mülkiyyətində olan, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Gədəbəy Rayon Məhkəməsinin 26 dekabr 2014- cü il tarixli, 2(041)-585/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş, zəbt edilmiş hissəsindən istifadə edilməsinə (torpaq sahəsini əkib-becərilməsinə, torpaq sahəsinə traktorun daxil olmasına) cavabdehlər Məmmədov Rafiq Tahir oğlu və X7 tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(104)-27/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X7 və Məmmədov Rafiq Tahir oğlunun apelyasiya şikayəti təmin edilməməsi, Gədəbəy rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X7 və Məmmədov Rafiq Tahir oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli, 2(104)-27/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(104)- 329/2020 saylı qətnaməsinin surətindən görünür ki, Apelyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-40/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçı Cavabdeh1 cavabdehlər X7 və Məmmədov Rafiq Tahir oğluna qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 nömrəli qərarı əsasında JN 0118 KOD 50526018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 2,05 ha həyətyanı torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən öz hesablarına sökülməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN182 KOD 50526018 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan 1.15 ha torpaq sahəsinin 0.18 ha-dək hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 0.10 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 10/5109 nömrəli ekspert rəyindən görünür ki, Mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan 1.15 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan 1.15 ha torpaq sahəsinin 0.18 ha-dək hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 0.1645 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğu və həmin ərazinin faktiki vəziyyətdə 0.18 ha-dək hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 0.10 ha-dək hissəsinin Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, tərəflərin izahatları ilə, eləcə də ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında ekspert və mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN182 KOD 50526018 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan 1.15 ha torpaq sahəsinin 0.18 ha-dək hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 0.10 hadək hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Bu da onu göstərir ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Eləcə də, cavabdehlər mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Məhkəmə işdə iştirak edən cavabdehlərin mübahisəli torpaq sahəsini tutmadığı barədə bildirdiklərini heç bir sübutla əsaslandırlmamış şəxsi mülahizəsi hesab edir və qeyd etməyi zəruri sayır ki, qeyd olunan mülahizələr iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyi ilə tam təkzib olunur. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı əsasında ona məxsus olan 1.15 ha torpaq sahəsinin 0.18 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 0.10 ha hissəsindən Cavabdeh1 məcburi çıxarılmasını və həmin torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə verilmiş, JN- 0182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.15 ha torpaq sahəsinin 0.18 ha hissəsindən (istifadə etdikləri hissəsindən) cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 0.10 ha hissəsindən Cavabdeh1 çıxarılmalı və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə verilmiş, JN-182 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.15 ha torpaq sahəsinin 0.18 ha hissəsindən (istifadə etdikləri hissəsindən) cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 0.10 ha hissəsindən Cavabdeh1 çıxarılsın və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar