Məhkəmə qərarları › İş №2(042)-608/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-608/2020

28.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-608/2020 28.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə, evin yardımçı sahələrindən istifadə etmə və torpaq sahəsindən istifadə etmə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı uşaqları Ceyhunə və Eşqin ilə birlikdə köçürülməsi, həyətyanı torpaq sahəsindən və yardımçı sahələrdən (ayaq yolundan, tövlədən, hindən və s.) istifadə etmə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə 2003-cü ildə faktiki evlənmiş, xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 qaynatası, Cavabdeh3 qaynanasıdır. Faktiki nikahlarından onların iki övladı – xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh1 ilə aralarında olan narazılığa görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Boşanmalarına baxmayaraq gəlin köçdüyü cavabdehlərə məxsus evdə qeydiyyatda qalmışdır. 2012-ci ildə o, əri ilə yenidən barışmış və son dövrlərə qədər birlikdə yaşamışlar, birgə tikililər inşa etmiş, birgə təsərrüfat aparmışlar. Lakin son vaxtlar yenidən aralarında narazılıq yaranmış və ayrılmışlar, onu evdən qovmuşlar. Hazırda cavabdehlər onu və azyaşlı uşaqlarını həmin evə buraxmır, orada yaşamasına imkan vermirlər. Yaşamağa başqa yeri yoxdur. Müvəqqəti olaraq atasının yanına sığınmışdır. Gəlin köçdüyü ev qaynatası Cavabdeh2 adınadır.Ona görə də hesab edir ki, o, azyaşlı uşaqları ilə birlikdə hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə 2003-cü ildə faktiki evlənmiş, xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Faktiki nikahlarından onların iki övladı – xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Onlar birlikdə valideynlərinə məxsus evdə yaşamışlar. İddiaçı ilə aralarında olan narazılığa görə rəsmi şəkildə ayrılmışlar. Ailə münasibətləri dağılmışdır. Hazırda o, valideynləri ilə birgə yaşayır. İddiaçının həmin evdə yaşamasında etiraz edir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında onlara qarşı olan iddia tələbini etiraf etmədilər və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Qaradağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 115 nömrəli arayışdan görünür ki, İddiaçı Qaradağ kənd İƏD üzrə nümayəndəliyin 2016-2020-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 66-cı səhifəsinə əsasən ailə üzvləri əri Cavabdeh1, qaynatası Cavabdeh2, qaynanası Cavabdeh3, ögey qızı X5, qızı X3 və oğlu X1 ibarətdir. İşdə olan AZ-İ № 545886 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İ № 889915 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, atası qrafasında Cavabdeh1, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-223/2007 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə Abbasova X6 arasında xx xxx 2006-cı il tarixdə Gədəbəy rayonu Arıxdam İƏV-də bağlanmış nikah pozulmuşdur. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2006-2010-cu illərə dair Qaradağ kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabının 51-ci şəxsi hesabında Cavabdeh2 adına təsərrüfat açılmış, həmin təsərrüfatda onun adına 1965-ci ildə tikilmiş, ümumi sahəsi 2500.1 kv.m, o cümlədən yaşayış sahəsi 67.0 kv.m olan fərdi yaşayış evi və 0.22 ha torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Qaradağ kəndində yerləşir. Həmin evin Cavabdeh2 məxsusluğu mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Qaradağ kəndində yerləşmiş fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 2003-cü il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə cavabdehlərin iradəsi ziddinə deyil, onların razılığı ilə daimi yaşamaq məqsədi ilə köçmüş və əşyalarını həmin evə yığaraq cavabdehlərlə birgə təsərrüfat aparmışdır. İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah olmuş və etibarlı ailə münasibətləri yaranmışdır. Cavabdehlər məhkəmə iclasında iddiaçını mübahisəli evə gəlin olaraq köçürmələrini mübahisələndirmədilər. Eləcə də, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdehlərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmaması həmin evdə yaşayanların sahiblik və faktiki istifadəsinin olmaması demək deyildir. İddiaçı da cavabdehlərlə birlikdə mübahisəli yaşayış evində yaşamış və həmin evə münasibətdə cavabdehlərlə bərabər imkan əldə etmişdir. İddiaçının uşaqları da onun himayəsində yaşadığından və onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən uşağın da mübahisəli fərdi yaşayış evinə iddiaçı ilə birlikdə köçürülmələri tam qanuni və ədalətli hesab edilməlidir. Həmçinin, məhkəmə fərdi yaşayış evinin yardımçı tikililərdən istifadə etməsinə dair tələbinə münasibət bildirərək, onu qeyd edir ki, iddiaçı cavabdehlərlə bərabər vəziyyətdə fərdi yaşayış evindən yaşamaq üçün istifadə edərkən, o, yaşamaq ehtiyaclarını təmin etmək üçün evin yardımçı sahələrindən, yəni tualet, tövlə, hin və digər yardımçı sahələrdən istifadə etməkdə cavabdehlərlə eyni bərabər imkanlara malik olmalıdır. Əks halda tərəflər arasında ədalətli balans prinsipi pozulmuş olardı ki, bu da iddiaçının gələcəkdə mübahisəli fərdi yaşayış evində yaşaması imkanını çətinləşdirərdi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməli və yardımçı sahələrdən istifadə etmək hüququ tanınmalıdır. Məhkəmə həmçinin, cavabdehlərə məxsus torpaq sahəsindən istifadə hüququnun tanınması barədə iddiaçının iddia tələbini təmin etmir. Belə ki, mübahisəli torpaq sahəsinin hüquqi statusuna dair heç bir hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilmədi. Həmçinin, iddiaçının cavabdehlərin iradəsi ilə mübahisəli fərdi yaşayış evinə köçürülməsi təsdiqini tapsa da, torpaq sahəsinin cavabdehlər tərəfindən iddiaçıya istifadəyə verilməsi və bununla əlaqədar hər hansı hüququnun yaranması məhkəmə iclasında sübuta yetirilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cü il təvəllüdlü X4 ilə birlikdə evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən, 0.22 ha həyətyanı torpaq sahəsində tikilmiş, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cü il təvəllüdlü X4 ilə birlikdə evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən, 0.22 ha həyətyanı torpaq sahəsində tikilmiş, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadığı fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar