Məhkəmə qərarları › İş №2(042)-62/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-62/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-62/2022 10.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli JN 222 KOD 50515018 saylı qərarı əsasında məxsus 0.77 ha (əkin və biçənək) pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi şəkildə çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən, JN 222 KOD 50515018 saylı Dövlət aktı əsasında kənd təsərrüfatı təyinatı məqsədi ilə ümumilikdə 0.77 ha əkin və biçənək üçün nəzərdə tutulan pay torpaq sahəsi verilmişdir. ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.15 ha hissəsini cavabdehlər qanunsuz olaraq zəbt edərək əkin sahəsi kimi 22 ildir ki, istifadə edirlər. Onlar bu məsələnin dinc yolla həll edilməsi üçün aidiyyəti qurumlara dəfələrlə yazlı və şifahi müraciətlər etmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehlər könüllü olaraq onlara məxsus olan torpaq sahəsini boşaltmaq istəmirlər. Ona görə də, cavabdehlərin onlara məxsus torpaq sahəsindən məcburi şəkildə çıxarılmasını istəyir. Eləcə də, onların müraciəti əsasında mütəxəssislər tərəfindən ona məxsus torpaq sahəsinin sərhədləri göstərilmiş və həmin mübahisəli torpaq sahəsinin ona məxsus torpaq sahəsi olması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Mübahisəli torpaq sahəsi zəbt torpaq sahəsi olmaqla onun istifadəsindədir. O, iddiaçının torpaq sahəsini tutmamışdır. Onun həmin torpaq sahəsinə dair hər hansı sənədi yoxdur. Buna baxmayaraq həmin torpaq sahəsi ona Aqrar İslahat Komissiyası tərəfindən verilmişdir. Həmin mübahisəli yerə Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçının təkilifi ilə əməkdaşlar gəlmişdir. Onlar ölçü işləri aparmışlar və demişlər ki, həmin torpaq sahəsinin iki armatur dirək arasında başlayaraq torpaq sahəsinin həmin hissəsinin guya iddiaçıya məxsus torpaq sahəsi olması göstərilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 137 saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh1 və X5 hal- hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayırlar. İşdə olan JN-222 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Düzyurd kəndində 0.77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayonu İHB-nin Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 162 saylı arayışdan görünür ki, X12 hal-hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatdadır və yaşayır, ailə üzvləri bunlardır; atası mərhum X11, anası İddiaçı, özü X12. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 31 saylı arayışın surətindən görünür ki, İddiaçı mərhum oğlu X13 xx.xx.1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İşdə olan Kadastr və Yerquruluşu Layihə-X9 Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi İsmayılov Nizami, Gədəbəy rayonu, Düzyurd Bələdiyyəsinin sədri Aslanova Hicran və Gədəbəy rayonu, Düzyurd kənd sakini X6 iştirakları ilə tərtib edilmiş 09 iyul 2021-ci il tarixli aktdan görünür ki, X6 xx.xx.2021-ci il tarixli, müraciəti ilə bağlı JN-0222 saylı Dövlət aktına əsasən, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində mülkiyyətində olan 0.21 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, mübahisəli ərazi Gədəbəy rayonu, Düzyurd kəndində yerləşir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus torpaq sahəsi dəmir setka ilə çəpərlənmişdir. Torpaq sahəsinin sağ tərəfindən tikililər yerləşir. İddiaçının ona məxsus 0.77 ha torpaq sahəsinin 0.15 ha hissəsini göstərərək cavabdehlər tərəfindən tutulduğunu iddia etmiş və cavabdehlər isə həmin torpaq sahəsinin zəbt torpaq sahəsi olmaqla onlara məxsus olduğunu, lakin, bu barədə onların adına hər hansı sənədin olmadığını, iddiaçı isə həmin torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına Dövlət aktının olduğunu bildirmişdir. İddiaçı həmin torpaq sahəsinin onun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən naturada koordinantlarının göstərildiyini və həmin torpaq sahəsinin mübahisəli 0.15 ha hissəsinin ona məxsus olması göstərilmiş, eləcə də, cavabdeh də mütəxəssislər tərəfindən torpaq sahəsinin sərhədləri naturada göstərilərkən həmin 0.15 ha torpaq sahəsi iddiaçının torpaq sahəsinin sərhədləri daxilində göstərildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Düzyurd kəndində 0.77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-222 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu və həmin ərazinin faktiki vəziyyətdə cavabdeh tərəfindən 0.77 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsinin qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, yerində müayinə iclasının protokolu ilə, iddiaçının və cavabdehlərin izahatı ilə müəyyən edilir. Belə ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın mütəxəssisləri tərəfindən tərəflərə naturada göstərilmiş, həmin iddiaçının iddia etdiyi torpaq sahəsinin ona məxsus torpaq sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir. Tərəflər mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilməsini mübahisələndirmədilər. Eləcə də, mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansını hüququnun olmasını təsdiq edən heç bir sənəd yoxdur. Bu da onu göstərir ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı əsasında ona məxsus olan 0.77 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsindən onların məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş, JN-222 KOD 50515018 saylı saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.77 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və X1 rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş, JN-222 KOD 50515018 saylı saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.77 ha torpaq sahəsini tutduqları (istifadə etdikləri) hissəsindən çıxarılsınlar. Cavabdeh1 və X2 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar