Məhkəmə qərarları › İş №2(042)-625/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-625/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-625/2023 31.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu Çanaqçı kəndində yerləşən, A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 1695.32 kv.m torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, X2 onun bibisidir. X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. Atasının iki qardaşı, 4 bacısı olmuşdur. Onlardan biri də X1dır. X9 xx.xx.2008-ci ildə vəfat etmişdir. Eləcə də atasının digər qardaş və bacıları vəfat etmişdir. X4 onun bibisi olması məhkəmə qaydasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsini ərizəyə əlavə etmişdir. X1 ailə qurmamış, ölən günədək atasının evində yaşamışdır. Bibisini o dəfn etdirmiş, bütün dəfn xərclərini o çəkmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 2008-ci il tarixli, 01 nömrəli qərarı ilə Gədəbəy rayonu, Çanaqçı kəndində X1na 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə keçmiş DTXK tərəfindən A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Bibisinin vəfatından sonra ondan miras qalmış, Gədəbəy rayonu, Çanaqçı kəndində yerləşən 1695.32 kv.m torpaq sahəsinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakı bibisindən qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 490 saylı arayışı ərizəsinə əlavə edir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, bibisindən miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 312 nömrəli imtina məktubu verilmişdir. Bibisindən qalmış miras əmlakla bağlı ikinci növbə vərəsə olaraq qardaş və bacıları ilə aralarında heç bir mübahisə yoxdur. Onlar bibisindən qalmış miras əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmir. Hal-hazırda bibisindən qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum bibisindən qalmış, Gədəbəy rayonu, Çanaqçı kəndində yerləşən 1695.32 kv.m torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə mərhum X1nın mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, o, sağlığında həmin əmlakı daşınmaz əmlakın dövlət reyestrində adma qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 498 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Çanaqçı kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 490 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X1 ölən bir günə kimi birgə Gədəbəy rayonu, Çanaqçı kəndində yaşamışdır və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvü kimi Ərizəçi qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.2008ci il tarixdə, X11 27 may 2005-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-858/2022 saylı qətnaməsinə əsasən, 04 aprel 2008-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində vəfat etmiş X4 xx xxx 1962-ci il tarixdə doğulmuş Ərizəçi ilə qohumluq münasibətində, yəni X2nın Ərizəçi bibisi olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin 18 may 2023-cü il tarixli arayışına əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-858/2022 saylı qətnaməsi 27 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı ilə Gədəbəy rayonu, Ağamalı kəndində (indiki Çanaqçı kəndində) X9 adına 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 19 may 2023-cü il tarixli, 312 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X2 Ərizəçi bibisidir. X2 evlənməmişdir və uşaqları yoxdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı ilə Gədəbəy rayonu, Ağamalı kəndində (indiki Çanaqçı kəndində) X9 adına 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Odur ki, həmin torpaq sahəsi X9 mülkiyyətində olmuşdur. X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Gədəbəy rayonu, Ağamalı kəndində (indiki Çanaqçı kəndində) 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə birinci növbə vərəsələri yoxdur. Ərizəçi G.Əsgərovanın 2-ci növbə qanun üzrə vərəsəsi X10 oğludur. Əşrəf Orucov isə öldüyündən onun oğlu hazırki iş üzrə Ərizəçi bibisinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Ağamalı kəndində (indiki Çanaqçı kəndində) yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı ilə A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Ağamalı kəndində (indiki Çanaqçı kəndində) yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı ilə A № 253088 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 1695.32 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar