Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-65/2023 13.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı əsasında ona məxsus olan 0,25 ha əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X2 çıxarılması və həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə verərək, X2 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 saylı qərarı ilə ona və ailə üzvlərinə 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş bu barədə JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı təqdim edilmişdir. Cavabdeh1 ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini tutmuşdur. Lakin cavabbdeh Cavabdeh1 tikdiyi ev onun zəbt etdiyi hissədə yerləşmir. Ona görə də müvafiq qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilmiş, lakin onlar məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdhlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN-424 KOD 50515018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ƏMDX-nin DƏDKR X4 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin 0,1234 hektaradək hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 1,10 ha torpaq sahəsininin 0,1234 hektaradək hissəsini zəbt etmiş və bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Lakin cavabdehin Cavabdeh1 məxsus ev zəbt edilmiş hissədə yerləşmir. Eyni zamanda digər cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsininn zəbt edilməsi halı müəyyən edilməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 hazırda sahibliyində və istifadəsində olan və İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Rzayev X1 Əli İsgəndər oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-65/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-65/2023
13.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver