Məhkəmə qərarları › İş №2(042)-654/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-654/2021

06.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-654/2021 06.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinə qarşı örüş sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinə qarşı Gədəbəy Rayon Novosaratovka kənd Bələdiyyəsi tərəfindən ona icarəyə verilmiş Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 29 ha örüş sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılması, eləcə də onlara məxsus 120 baş mal qaranın onlar tərəfindən həmin örüş sahəsindən çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onunla Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi arasında bağlanmış 03.07.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, 29 ha örüş sahəsi 10 il müddətinə ona icarəyə verilmişdir. İcarə haqqı hər il üçün 500 manat müəyyən edilmişdir. O, hər il icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. 2017-ci ildə icarə müqaviləsinin bitməsinə az qalmış o, Novosaratovka bələdiyyəsinə müraciət etmiş, icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. Lakin həmin vaxtdan indiyədək Novosaratovka bələdiyyəsi onunla yeni icarə müqaviləsi bağlamamışdır. Buna baxmayaraq o, hər il həmin örüş sahəsindən istifadə etmiş və illik icarə haqlarını hər il ödəmişdir. Hazırda cavabdehlər onun örüş sahəsinə ümumilikdə 120 baş öz mal-qaralarını salaraq otarırlar. O, dəfələrlə cavabdehlərə mal- qaralarını onun örüş sahəsindən çıxarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bununla da onun həmin örüş sahəsində istifadə etməsinə maneələr yaratmışlar. Bununla bağlı Gədəbəy rayon Polis şöbəsinin X4 şikayət etmiş, lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi örüş sahəsinin yaxınlığıda örüş sahəsi icarəyə götürmüşlər. Onlar iddiaçının iddia etdiyi örüş sahəsində heyvanlarını otarmamışlar. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, İddiaçı 2007-ci il tarixdən 2017-ci il tarixədək Gədəbəy Rayon Novosaratovka bələdiyyəsindən 29 ha torpaq sahəsi icarəyə götürmüşdür. Lakin icarə müqaviləsinin müddəti bitdikdən sonra müqavilə yenilənməmişdir. Hazırda müqavilənin yenilənməsi üçün həmin ərazinin prosedur sənədləri "xxxx" MMC-ə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 03.07.2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 29 ha örüş sahəsi 10 il müddətə İddiaçı icarəyə verilmişdir. İşdə olan Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı ilə müqavilənin yenilənməsi üçün həmin ərazinin prosedur sənədləri "xxxx" MMC-ə təqdim edilmişdir. İşdə olan materialdan görünür ki, İddiaçı ona məxsus örüş sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılması haqqında Gədəbəy Rayon Polis X1 müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Yəni, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmin hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da nümayiş etdirilmiş və qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi arasında bağlanmış 03.07.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, iddiaçıya 29 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 2017-ci il tarixdə bitmiş, lakin tərəflər arasında icarə müqaviləsi yenilənməməmişdir. Yəni, həmin örüş sahəsindən cavabdehlərin çıxarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar