Məhkəmə qərarları › İş №2(042)-661/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-661/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-661/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun cavabdehlərə məxsus Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, xx.xx.2008-ci ildə Cavabdeh1 ilə ailə qurmuş, xx.xx.2009-cu il tarixdə nikah bağıamışlar. Toydan sonra cehiz əmlakı ilə birlikdə cavabdehlərə məxsus Gədəbəy rayonunun Qoşabulaq kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X2, xx.xx.2011-ci il tarixdə X1 və xx.xx.2014-cü il tarixdə X3 doğulmuşlar. Hazırda münasibətləri pozulmuşdur və onlar faktiki olaraq ayrılmışlar. Cavabdehlə aralarında olan nikah Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Uşaqlar hazırda cavabdehin himayəsindədirlər. O, hazırda valideynlərinə məxsus evdə yaşayır. Halbuki 10 ildən artıq bir müddətdə cavabdehlərə məxsus evdə yaşamış, onlarla birgə təsərrüfat aparmış, evin, təsərrüfatın saxlanması və yaxşılaşdırılmalarında öz əməyi və vəsaitləri ilə iştirak etmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh1 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə həqiqətən 2008-ci ildə ailə qurmuşdur. İddiaçı ona məxsus olan evə gəlin köçmüşdür. Nikahlarını 2009-cu ildə bağlamışlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. İddiaçı son vaxtlara qədər həmin evdə yaşamışdır. Lakin iddiaçı ona ailə xəyanəti etmiş, bu səbəbdən ailə münasibətləri pozulmuşdur. İddiaçı ilə münasibətləri son dərəcə gərgindir. Əgər iddiaçı ona məxsus evə köçürülərsə, mübahisələri kəskinləşə, bədbəxt hadisələrə səbəb ola bilər. İddiaçı hazırda həmin kənddə valideynlərinə məxsus evdə yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə caabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2009cu il tarixdə X2, xx.xx.2011-ci il tarixdə X1 və xx.xx.2014-cü il tarixdə X3 doğulmuşlar. İşdə olan ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət, sahiblik və yaxud istifadə hüququ ilə Gədəbəy rayonu, inzibati ərazi dairəsi üzrə fərdi yaşayış evi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh1 ilə 2009-cu ilin dekabr ayında nikah bağlamış və cehiz əmlakı ilə birlikdə Cavabdeh1 məxsus Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, iddiaçı 2009-cu ilin dekabr ayında Cavabdeh1 ilə nikah bağlamış, cavabdehlərə məxsus evə köçmüşdür. Yəni, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tənzimlənməli, iddiaçının hazırda yaşayış yerinin olması nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, azyaşlı uşaqlar hazırda cavabdehlərin himayəsindədirlər, tərəflər arasında olan münasibətlər son dərəcə kəskindir və onların bir evdə yaşaması ağır nəticələrə səbəb ola bilər. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar