Məhkəmə qərarları › İş №2(042)-665/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-665/2023

04.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-665/2023 04.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və onun etiabrnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, onun əvvəlki vəzifəsinə bərpa olunmasına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsinə, 50 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 1991-ci ildən 08 fevral 2023cü il tarixinə kimi Gədəbəy Rayon X14 Hüquqi şəxsində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ilin fevral ayının 8-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən əvvəlki işinə qayıtması mümkün olmamışdır. Cavabdeh tərəfindən işdən azad olunarkən hesab edir ki, qaydalar pozulmuşdur. O, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişəmsə, bəs nə üçün onun izahatı alınmamışdır?. Onun vəzifədən azad olunması işlədiyim kollektivində, həmkarlar təşkilatında müzakirə olunmamış, onların bu barədə fikirləri soruşulmamış və rəsmi olaraq münasibəti öyrənilməmişdir. Eyni zamanda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. İş buraxmasına səbəb isə ölkə xaricində müalicə alması olmuşdur. Bu barədə şifahi qaydada rəhbərliyə məlumat vermişdir. Lakin cavabdeh onun bu müraciətinə əhəmiyyət verməmişdir. Eyni zamanda cavabdehin onu işdən azad etməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qazax- X22 tərəfindən də müvafiq araşdırılma aparılmışdır. Həmin araşdırma zamanı müəyyən olunmudur ki, 06 fevral 2023-cü il tarixində onun barəsində müvafiq tədbir görülməsi üçün Gədəbəy rayon Səhiyyə X10 Şurasına müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Səhiyyə X10 Şurasının razılığına əsasən xx.xx.2023-cü il tarixli PHŞ-6-38/3-1-73/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilərkən, son haqq-hesab pulunun əmək haqqı kartina köçürülərkən, eyni zamanda onun barəsində qeyd olunan əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozularaq xitam verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də Gədəbəy rayon X14 hüquqi şəxsin direktoru X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinə uyğun olaraq 29 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin araşdırma zamanı X18 Xidmətinin X4 xx.xx.2023-cü il tarixli 3-17-5/2-10309/2023- cü il tarixli PHŞ-6-38/3-1- 73/2023 nömrəli əmrin ləğv edilib nəticəsi barədə X18 Xidmətinin Qazax- X22nə məlumat verilməsi tələb olunmuşdur. Lakin bu günə kimi tələb yerinə yetirilməmişdir. Hesab edir ki, cavabdeh müəsisədəfasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdə ki, nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu işdən azad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun etiabrnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 1991-ci ildən qeyd edilən vəzifədə işləmişdir. İddiaçı ilə müddətsiz olaraq əmək müqaviləsi bağlanılmışdır. 2023-cü ilin fevral ayının 7-də Həmkarlar Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermiş və iddiaçı fevral ayının 8-i işdən azad edilmişdir. İddiaçının məlumatı olmadan Həmkarlar Komitəsinin iclası keçirilmişdir. Eləcə də, Həmkarlar Komitəsinin iclası müraciət edildikdən 10 gün müdətində keçirilməli olduğu halda bir gün müddətindən keçirilmişdir. Həmçinin Həmkarlar Komitəsi işçinin hüquqlarının qorumalı və onun tərəfindən çıxış etməli olsa da müəyyən edilir ki, Həmkarlar Komitəsi cavabdehin tərəfindən çıxış etmiş və həmin iclas iddiaçının işdən azad edilməsinə yönəldilmişdir. Həmçinin iddiaçı tərəfindən müalicədə olmasına dair sənəd də təqdim edilmişdir. Bunda baxmayaraq iddiaçı işdən azad edilmişdir. Hesab edir ki, iddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də, əmrin ləğv edilməsini, iddiaçının işə bərpa olnmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçı heç bir icazə almadan 2022-ci ilin avqust ayından dekabr ayınadək işdə olmamışdır. Həttə iddiaçı Rusiya Federasiyasına getmişdir. İddiaçının ərazidə olmaması barədə icra nümayəndəliyindən arayış alınmışdır. İddiaçını bununla bağlı izahat verməkdən imtina etmişdir. İddiaçıya işdə olmamasına görə üzrlü səbəb təqdim etməsi üçün vaxt verilmiş, iddiaçı bununla bağlı sənədlər təqdim edəcəyini bildirsə də, heç bir üzrlü səbəb təqdim etməmiş və Həmkarlar Komitəsinin iclasında bu məsələ müzakirə olunaraq iddiaçı işdən azad edilmişdir.İddiaçı tərəfindən sənədlər təqdim edilsə də iddiaçı bir-iki günlük müalicədə olması barədə sənədlər olmuşdur. Lakin iddiaçı təxminən avqsut ayından dekabr ayınadək işdə olmamışdır. Hesab edir ki, iddiaçı düzgün olaraq işdən azad edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İnsan Resusları üzrə şöbənin müdiri vəzifəsində işləyir. O, xəstəxanın kadr işləri üzrə cavabdeh şəxsdir. İddiaçı 1991-ci ildən xəstəxada işləmişdir. O, qeyd edilən vəzifədə işlədiyi müddətdə iddiaçının barəsində hər hansı intizam tədbiri görülməmişdir. İddiaçı kənd tibb həkim məntəqəsində fəhlə vəzifəsində işləmişdir və onun iş davamiyyətinə həkim məntəqəsinin müdiri nəzarət edir. Məntəqə müdiri tərəfindən onlara iddiaçının ölkə xaricində olması bildirilmişdir. Onlar bununla bağlı araşdırma aparmışlar və iddiaçının yaşadığı ərazi üzrə icra nümayəndəliyindən də iddiaçının ərazi olmaması barədə arayış almışlar. Həmçinin digər vətəndaşlarda da bu barədə maraqlanan zaman iddiaçının ümumiyyətlə həkim məntəqəsinin fəaliyyət göstərdiyi ərazidə yox, Şəmkir rayonunda yaşaması bildirilmişdir. Onlarda olan məlumata görə iddiaçı 2022-ci ilin avqust ayından işdə olmamışdır. Onlar bunu 2022-ci ilin noyabr ayında müəyən etmişdir. İddiaçının ilkin olaraq işdə olmaması barədə məlumat şifahi olaraq məntəqə müdiri tərəfindən bildirilmişdir. İddiaçının işdə olamaması müəyyən edildikdən sonra sonuncunun işdən kənarlaşdırılması barədə əmr verilmiş və iddiaçıya işdə olmamasını təsdiq edən hər hansı üzrlü səbəb təqdim edilməsi üçün vaxt verilmişdir. Vaxt tamam olduqda isə iddiaçı tərəfindən heç bir üzrlü səbəb təqdim edilmədiyinə görə iddiaçıya rəsmi məktub göndərilərək işdən azad edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir və bu barədə akt tərtib edilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmri o tərtib etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktorunun 21 noyabr 2022ci il tarixli Əmrinin surətindən görünr ki, İddiaçı 01 avqust 2022-ci il tarixdən işə davam etmədiyi üçün üzrlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmışdır. İşdə olan Gədəbəy Rayon X14 Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanmış Məktubun surətindən görünür ki, ona 10 iş günü müddətində işə gəlmədiyi 01 avqust 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək olan müddət üçün üzrlü səbəb barədə sənədlər təqdim etməsi təklif olunmuşdur. İşdə olan Gədəbəy Rayon Səhiyyə X10 Şurasının 07 fevarl 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı vəzifəsindən azad edilməsinə etiraz edilməmişdir. İşdə olan əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Əlinağılar KHM-nin fəhlə vəzifəsinə təyin edilmişdir. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3-1-73/2023 №li əmrinə əsasən “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Əlinağılar KHM-nin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3-1-73/2023 saylı Əmrinin surətindən görünür ki, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin Əlinağılar kənd həkim məntəqəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Əlinağlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy Rayon X14 Hüquqi Şəxsinə ünvanlanmış məktubdan görünür ki, Əlinağılar kəndində qeydiyyatda olan İddiaçı yaxın qohumlarının dediyinə görə xx.xx.2022-ci il tarixdən Rusiya Federasiyasına getmişdir. Hal-hazırda ərazidə yoxdur. İşdə olan Gədəbəy Rayon X14 Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş xəstəlik sənədlərinə Gədəbəy Rayon X14 Hüquqi Şəxsin tərkibində olan Həkim Məsləhət komissiyasında baxılmış və müəyyən edilmişdir ki, həmin sənədlər onun işə gəlmədiyi dövrü əhatə etmir, davamlı deyildir və xəstəlik vərəqləri arasında fasilələr olduğu üçün üzrlü sənədlər hesab edilməmişdir.Həmçinin İddiaçı daha 10 iş günü müddətinə vaxt verilməklə işə gəlmədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün üzrlü səbəbdən sənədlər təqdim etmədiyi halda müəssisə ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan Gədəbəy Rayon X14 Hüquqi X21 Komissiyasının xx.xx.2023-cü il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərin 2022-ci ilin avqsut ayından işə gəlmədiyi dövrü əhatə etmədiyi, davamlı olmadığı müəyyən edilmiş və xəstəlik vərəqləri arasında fasilə olduğu üçün üzrlü sənədlər hesab edilməmişdir. İşdə olan Gədəbəy Rayon X14 Hüquqi Şəxsin dirüktoru Firdovsi Sarıyev tərəfindən Gədəbəy SİHİ Şurasının sərdi Ceyhun Məmmədova ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin Əlinağlar kənd HM-in fəhləsi İddiaçı xx.xx.2022-ci iltarixdən xx.xx.2022-ci il tarixədək işə gəlməmişdir. İşə gəlmədiyi müddət ərzində heç bir üzrlü sənəd təqdim etməmişdir. Ona görə də onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı ilə Şikayət təmin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X4 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin DƏMX X9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Gədəbəy Rayon X14 Hüquqi Şəxsinin nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş və İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müddət müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə müvafiq olaraq hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Cavabdeh “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçıya onun işdən azad olunması barədə əmrin (sərəncamın, qərarın), əmək kitabçasının surətinin vaxtında verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmrin verildiyi tarixdən yəni, 08 fevral 2023-cü il tarixdən bir aydan artıq müddət keçməsinə baxmayaraq, iddiaçı iddia müddətini buraxmamışdır. Buna baxmayaraq, məhkəmə aşağıdakı əsaslara görə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktoru Firdovsi Sarıyev tərəfindən X24 Məntəqəsinin fəhləsi İddiaçı 01 avqust 2022-ci il tarixdən işə çıxmadığı, Rusiya Federasiyasında olduğu müəyyən edilmiş, bununla əlaqədar araşdırılma aparılması, işə çıxmamanın səbəblərinin müəyyən edilməsi üçün 21 noyabr 2022-ci il tarixdə İddiaçı işdən kənarlaşdırılması barədə əmr verilmişdir. İddiaçı 2022-ci ilin noyabr ayının axırlarında Azərbaycana qayıtdıqdan sonra Rusiya Federasiyasına müalicə olunmaq üçün getdiyi, lakin xəstəliyini və müalicə olunmasını təsdiq edən sənədləri almaqda çətinliklərinin olduğu barədə məlumat vermiş və müalicəsi ilə bağlı sənədləri alıb təqdim edəcəyini bildirmişdir. 25 yanvar 2023-cü il tarixdə İddiaçı poçt vasitəsilə sənədlər daxil olmuş, Həkim Məsləhət Komissiyasında həmin sənədlərə baxılmış və sənədlərin İddiaçı işə çıxmadığı dövrləri əhatə etmədiyi, davamlı olmadığı, xəstəlik vərəqələri arasında fasilələr olduğu məlum olmuşdur. Bundan sonra 27 yanvar 2023-cü il tarixdə İddiaçı xəstəliyini təsdiq edən sənədlərin təqdim edilməsi üçün daha 10 gün vaxt verilmişdir. Lakin, sonuncu müalicədə olması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. 06 fevral 2023-cü il tarixdə İddiaçı hərəkətləri barəsində rəy verilməsi üçün Gədəbəy Rayon Həmkarlar İttifaqı Şurasına müraciət edilmişdir. Rəy 07 fevral 2023-cü il tarixdə verilmiş və bundan sonra 08 fevral 2023-cü il tarixdə İddiaçı ilə bağlanmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Əmr verilmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «ç» bəndinin tələblərinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən , Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Maddənin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məcəllənin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX X9 tərəfindən İddiaçı işdə azad olunması zamanı əmək qanunvericiliyini pozulubpozulmaması araşdırılmış və Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktoru X6 barəsində İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələtləri pozulmaqla xitam verilməsi müəyyən edilmiş, bununla da İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar əsasən X8 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. X20 tərəfindən sözügedən inzibati tənbeh vermə haqqında qərardan Gədəbəy rayon Məhkəməsinə şikayət verilmişdir. Şikayətə baxılaraq Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı ilə Şikayət təmin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X4 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DƏMX X9 tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və şikayət işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin DƏMX X9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktoru Firdovsi Sarıyev tərəfindən əmək qanunvericiliyinin normalarının pozulmaması müəyyən edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarları hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşldur ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Belə ki, S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.” Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilməməsi və onun düzgün olaraq işdən azad edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Eləcə də, məhkəmə qeyd edir ki, X24 Məntəqəsinin fəhləsi İddiaçı 2022-ci ilin avqsust ayından 2022-ci ilin noyabr ayındadək buraxdığı iş müddətlərinin üzrlü səbəbdən buraxmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xəstəlik sənədləri isə davamlı olmamış, aralarında fasilələr olmuşdur. Ona görə də həmin xəstəlik sənədləri ilə İddiaçı qeyd edilən müddətlərdə iş müddətini buraxması üzrlü hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Gədəbəy Rayon X14 Hüquqi Şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3-1-73/2023 saylı Əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə onu qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsasları kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl mediasiya xərci və vəkil üçün xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş mediasiya xərci və vəkil xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 500 manat vəkil xidmət haqqı İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar