Məhkəmə qərarları › İş №2(042)-683/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-683/2020

14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-683/2020 14.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi Habil qızının iştirakı ilə, Ərizəçi Habil qızının “qanun üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Habil qızı məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bacısı X1 miras qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 0.15 ha və 0.09 ha həyətyanı torpaq sahələrinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Habil qızı ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, o, xx xxxxxxx 1933-cü ildə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuşdur. Atası X6 (1903-cü il təvəllüdlü), anası X3 (1905-ci il təvəllüdlü) olmuşdur. Mərhum anası X3 1990-cı ildə vəfat etmişdir. Atası mərhum X6 isə Böyük Vətən Müharibəsinə gedib qayıtmamışdır. Onlar ailədə iki bacı və bir qardaş olmuşlar. Bacısı X8 xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Mərhum bacısı Gülşən Rəsulova ailəli olmamışdır, övladı yoxdur. O, bacısının ikinci dərəcəli vərəsəsidir. Bacısı ölən günədək onun yanında olmuş, bacısının dəfn xərclərini o, çəkmişdir. Mərhum X2 0.15 ha və 0.09 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Hər iki torpaq sahəsinə dair mərhum bacısının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi vardır. O, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müddəti ötürdüyünə görə notariat orqanı tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib mərhum bacısı X2 miras qalmış 0.15 ha 0.09 ha həyətyanı torpaq sahələrinin faktiki qəbul etməsi faktının məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 108 nömrəli arayışdan görünür ki, Ərizəçi Habil qızı hal-hazırda Gərgər kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan AZ-İV №432042 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1933-cü il tarixdə anadan olmuş, atası qrafasında X6, anası qrafasında X3 qeyd edilmişdir. İşdə olan X-JQ №374441 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1930-cu il tarixdə anadan olmuş, atası qrafasında X6, anası qrafasında X3 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X3 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İşdə olan Az-İ №826816 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 24 nömrə ilə uçota alınmış A №097151 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X5 xx xxxxxx 1997-ci il tarixli, 13 saylı qərarı ilə Gədəbəy rayonu, Gərgər kəndində X8 adına 993 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 25 nömrə ilə uçota alınmış A №097151 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X5 xx xxxxxx 1997-ci il tarixli, 13 saylı qərarı ilə Gədəbəy rayonu, Gərgər kəndində X8 adına 1507 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Notariat ofisi tərəfindən Ərizəçi Habil qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 188 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi Habil qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Habil qızı ilə mərhum X8 bacıdırlar. Mərhum X8 evlənməmiş və uşaqları yoxdur. ərizəçinin və mərhum Gülşən Rəsulovanın anası X3 xx.xx.1990-cı il tarixdə ölmüş, ataları X6 1941-1945-ci illər Böyük vətən müharibəsinə getmiş və müharibədən qayıtmamışdır. Gədəbəy rayon X5 xx xxxxxx 1997ci il tarixli, 13 saylı qərarı ilə Gədəbəy rayonu, Gərgər kəndində X8 adına 993 kv.m və 1507 kv.m olmaqla həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahələri ilə bağlı A №097151 seriyalı və A №097152 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin torpaq sahələri bağlı X8 qızının adına mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların X8 qızına məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, ölçüləri 993 kv.m və 1507 kv.m olan, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən həyətyanı torpaq sahələrinə dair X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X4993 kv.m və 1507 kv.m olan, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən həyətyanı torpaq sahələrindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin torpaq sahələriX4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra Gədəbəy rayonu, Gərgər kəndində 993 kv.m və 1507 kv.m həyətyanı torpaq sahələri miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri X2qalmış miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə birinci növbə vərəsələri yoxdur. Ərizəçi Habil qızı bacısının ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu Gərgər kəndində yerləşən ölçüləri 993 kv.m və 1507 kv.m olan həyətyanı torpaq sahələrindən ibarət miras əmlakın Ərizəçi Habil qızı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu Gərgər kəndində yerləşən ölçüləri 993 kv.m və 1507 kv.m olan həyətyanı torpaq sahələrindən ibarət miras əmlakın Ərizəçi Habil qızı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar