Məhkəmə qərarları › İş №2(042)-689/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-689/2020

17.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-689/2020 17.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus olan torpaq sahəsinin özünə qaytarılması və ona dəymiş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Düzyurd kəndində şadlıq evi tikdirmişdir. Cavabdeh onun xəbəri olmadan ona məxsus torpaq sahəsinə yiyələnmiş və ona maddi ziyan vurmuşdur. Cavabdehə məxsus torpaq sahəsi çıxarışla 0.02 ha olsa da, o faktiki olaraq ona çıxarışla məxsus olan torpaq sahəsinin 2 metr eni, 7 metr uzunluğunda torpaq sahəsini tutmuşdur. Ona görə də cavabdehin onun torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə ərizə verərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Gədəbəy rayon Məhkəməsinin 2(042)-717/2017 saylı mülki işi üzrə xx xxxxxx 2017-ci il tarixdə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsini Bələdiyyədən alğı-satqı yolu ilə qanuni sənədləşmə aparılmaqla almışdır. Ondan sonra 2009-cu ildə iddiaçı onun aldığı torpaq sahəsinin qonşuluğunda olan vətəndaşlara verilmiş əkin üçün nəzərdə tutulmuş pay torpaqlarını alaraq qanunsuz olaraq şadlıq sarayı və digər ticarət obyektləri tikdirmişdir. Həmçinin o, bununla əlaqədar məhkəməyə hazırkı iddiaçıya qarşı iddia qaldırmış, iddia tələbi Gədəbəy rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş, hazırkı iddiaçının tikdirdiyi hasar sökülmüşdür. İddiaçı ona qarşı iddia qaldıraraq ona məxsus olan torpaq sahəsində tikdirdiyi hasarı sökdürmək istəyir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətinə sahibkarlıq məqsədi ilə Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində 0.15 ha torpaq sahəsi verilmişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə 0.02 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-717/2017 saylı qətnaməsindən görünür ki,İddiaçı ona Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində Gədəbəy rayon Düzyurd Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarına əsasən kommersiya məqsədilə verilmiş 0.02 ha torpaq sahəsinin zəbt etdiyi 22 kv.m hissəsindən çıxarılması, cavabdeh İddiaçı zəbt etdiyi torpaq sahəsində qanunsuz tikdiyi daş hasar öz hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********07 nömrəli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin koordinantları ilə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsinin koordinantları üst-üstə düşmür. Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalı və bunun nəticəsində iddiaçıya maddi ziyan dəyməlidir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətinə sahibkarlıq məqsədi ilə Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində 0.15 ha torpaq sahəsi, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə 0.02 ha torpaq sahəsi verilmişdir. İddiaçı çıxarış əsasında cavabdehə məxusus 0.02 ha torpaq sahəsi olmasına baxmayaraq, ona məxusus olan torpaq sahəsindən 2 metr eni, 7 metr uzunluğunda torpaq sahəsini tutulduğunu və bunun nəticəsində ona maddi ziyan dəydiyini iddia etmişdir.Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ilə müəyyən olunur ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin koordinantları ilə Gədəbəy rayonu. Düzyurd kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsinin koordinantları üst-üstə düşmür. Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis rəyi ilə təsdiqini tapmadığından iddia tələbi əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 746.38 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 746.38 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar