Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-698/2023 18.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevnaya qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabehlər Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevnaya qarşı Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 1946-cı il tarixdə inşa edilmiş 48 kv.m fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla cavabdehlər arasında xx.xx.1990-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o, xx.xx.1990-cı tarixdə sabiq Novoivanovka kənd sakinləri Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məxsus fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu ilə 345000 rubla almışdır. 1990-cı il tarixdən həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin tarixdən cavabdehlər Rusiya Federasiyasına köçüb getmiş, tezliklə qayıdıb notarial qaydada müqavilə bağlayacaqlarını vəd etmiş, lakin onlar bundan sonra qayıtmamış və o, fərdi yaşayış evini və torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məhkəmə iclasının yeri və vaxtı barədə onların məlum olan axırıncı yaşayış yerinə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, iddiaçı xx.xx.1990-cı tarixdə sabiq Novoivanovka kənd sakinləri Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məxsus fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini razlaşma yolu ilə 345000 rubla almışdır. Alqı-satqı zamanı o da orada olmuşdur. Cavabdehlər 1990-cı il tarixdə Rusiya Federasiyasına köçüb getmişdir. Ona görə də alğı satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında X4 və X1 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Gədəbəy RİHB-nın Novoivanovka Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arxiv arayışından görünür ki, Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevnanın adına Gədəbəy rayonu, Novoivanovka kəndində fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi olmuş, İddiaçı həmin əmlakı 1990-cı ildə sadə razılaşma yolu ilə almışdır və həmin tarixdən həmin təsərrüfatı idarə edir. İşdə olan 24 aprel 1990-cı il tarixli Aktdan görünür ki, Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevna Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və 1946-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 0.48 kv.m olan evi 345000 rus rubluna İddiaçı satmışlar. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX DƏKRX X5 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçının sahibliyində olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10 -cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə, hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə əlaqədar Gədəbəy Rayonu, Novoivanovka kənd icra nümayəndəliyinin təsərrüfütbaşına kitabında Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevnanın adına qeydlər aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevnanın 1996-cı il tarixədək hüququ mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirilməlidir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğısatqısına dair xx.xx.1990-cı ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdehlər həmin torpaq sahəsini və fərdi yaşayış evini 345000 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehlərə vermiş və cavabdehlər özlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişlər. Cavabdehlər lazımı formada müqavilə bağlayacaqlarını vəd etmiş, lakin vədlərini yerinə yetirməmiş, qeyri-müəyyən ünvana köçmüşlər. Cavabdehlərin olmaması və onların yayınması mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. Yəni, iddiaçı ilə cavabdehlər arasında Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 48 kv.m fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmiş, bu hal əks tərəfin, yəni cavabdehlərin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Məhkəmə sübutlara qiymət verərkən İddiaçı ilə Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevna arasında bağlanmış əqdə istinad edir və belə nəticəyə gəlir ki, Cavabdeh1 Vasilyeviçə və Cavabdeh2 Vasilevnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 48 kv.m fərdi yaşayış evi alğı-satqı müqaviləsinə əsasən İddiaçı istifadəsinə keçmişdir. Ona görə də iddia tələbi təmin edilməli, 24 aprel 1990-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevna arasında Gədəbəy rayonunun Novoivanovka kəndində inşa edilmiş ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 24 aprel 1990-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 Vasilyeviç və Cavabdeh2 Vasilevna arasında Gədəbəy rayonunun Novoivanovka kəndində inşa edilmiş ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-698/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-698/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver