Məhkəmə qərarları › İş №2(042)-699/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-699/2020

02.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-699/2020 02.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Kamil qızının iştirakı ilə İddiaçı Kamil qızının Cavabdehnə qarşı məktəbdə dərslə təminatının yerinə yetirilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdəGədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamil qızı Cavabdeh müdiri Murad Bayramova qarşı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2840/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması və məcburi iş baraxdığı illərin əməkhaqqısının aidiyyatı orqanlar tərəfindən ödənilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakının təmin olunması tələbləri barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı iddia tələblərini dəqiqləşdirmiş, Cavabdehnə qarşı məktəbdə dərslə təminatının yerinə yetirilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı Kamil qızı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Gədəbəy Rayonu Pərizamanlı X2 Məktəbinə azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilmiş, məcburi olaraq buraxılmış iş günlərinə görə əmkhaqqısı ödənilmişdir. Lakin 2017-ci ilin dərs ili başlayan gündən, yəni, xx xxxxxxxx 2017-ci il tarixdən dərs bölgüsü zamanı o, dərslə təmin edilməmiş və ona görə də ona əməkhaqqı verilməmişdir. Halbuki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş, işdən azad edilməsi barədə heç bir əmr olmamış, ona dərslə təmin olunmamasının səbəbləri izah edilməmiş, ona bu barədə heç bir məlumat verilməmişdir. Həmin vaxtdan ona həmçinin müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün göndəriş də verilmir və nəticədə onun əmək hüquqları kobud şəkildə pozulur. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Rеspublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı оlmadan işə baхılmasını mümkün hеsab еtmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(104)- 2840/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Kamil qızının Gədəbəy rayon X1 Məktəbinin direktoru ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxx 2015-ci il tarixli 80 saylı əmri ləğv edilmiş, o, xx xxxxxx 2015-ci il tarixindən başlayaraq məcburi iş buraxmaya görə əməkhaqqı ödənilməklə azərbaycan dili və ədəbiyyat müəllimi işinə bərpa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin d) bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; ı) bəndinə əsasən peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;q) bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Məcəllənin 12-ci maddəsinin a) bəndinə əsasən işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməli; f) bəndinə əsasən işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır. Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilməmiş, işəgötürən tərəfindən bu barədə hər hansı bir əmr veriilməmişdir. Lakin buna baxmayaraq, iddiaçı işəgötürən tərəfindən dərs bölgüsü zamanı dərs saatları ilə təmin edilməmiş, 2017-ci ilin sentyabr ayından etibarən ona əməkhaqqı ödənilməmiş, ona müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməsi üçün göndəriş verilməmiş və bununla da iddiaçının əmək hüquqları əsassız olaraq kobud şəkildə pozulmuşdur. Ona görə də iddia ərizəsi təmin edilməli, iddiaçı dərs saatları ilə təmin edilməli, məcburi iş buraxma müddəti ərzində ödənilməmiş əməkhaqqı iddiaçıya ödənilməli və onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakı təmin edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Kamil qızı dərs saatları ilə təmin edilsin, məcburi iş buraxma müddəti ərzində ödənilməmiş əmək haqqıları ona ödənilsin və onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakı təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar