Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-708/2021 25.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 02.10.2015-ci il tarixdə doğulmuş X7 və 06.02.2018-ci tarixdə doğulmuş X8 ilə birlikdə Gədəbəy şəhərində yerləşən, Cavabdeh adına olan 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 149 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, Cavabdeh məxsus fərdi yaşayış evdən istifadə hüququnun tanınmasına və azyaşlı uşaqları, 02.10.2015-ci il təvəllüdlü X9 və 06.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Gədəbəy şəhəri yeni yaşayış massivində yerləşən, ümumi sahəsi 149 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, evin yardımçı sahələrindən (hamam-tualetdən), həmçinin evin kommunal xidmətlərindən (qaz, işıq və sudan) istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlə 2015-ci ilin yanvar ayının 26-da nikah bağlamışlar. Cavabdehlə birgə nikah dövrdə, yəni 04.10. 2016-cı il tarixdə Gədəbəy şəhərinin yeni yaşayış massivində 0,06 ha həyətyanı torpaq sahəsi almışlar. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətinin 11 saylı Ərazi İdarəsindən Cavabdeh adına 12.10.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli çıxarış və 12.10.2016-cı il tarixli, № A 103162 torpaq sahəsinin planı və ölçüsü də verilmişdir. Birgə nikah dövrdə əldə etdikləri 0,06 ha torpaq sahəsində üç otaqdan ibarət olan fərdi yaşayış evi inşa etdirmişlər. Həmçinin, evin altında zirzəmi yerləşir. Maddi imkanları pis olduğundan evə çıxarış almamışlar. Lakin Gədəbəy Rayon Bələdiyyəsi tərəfindən verilmiş arayışla müəyyən edilmişdir ki, həmin ev 149 kv.m olmaqla Cavabdeh adına qeydə alınmışdır. 2021-ci ilin martın o, azyaşlı uşaqları ilə birlikdə tikdirdikləri evdən qovulmuşdur. Birgə nikah dövrdə əldə etdikləri 0,06 ha torpaq sahəsində yaşamaq üçün tikilmiş fərdi yaşayış evinə onun mülkiyyət hüququ gözləntisi vardır. Hazırda onun yaşamaq üçün evi yoxdur və azyaşlı uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi ev atası tərəfindən tikilmişdir. Həmin evin tikintisində iddiaçın və onun valideynlərinin əməyi olmamışdır. Hazırda həmin ev ona məxsus torpaq sahəsində yerləşmir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun qızıdır. Mübahisəli torpaq sahəsi tərəflərin birgə nikah dövründə alınmışdır. Sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, tərəflər həmin evdə yaşamışlar. Evi cavabdeh tikmiş, Onlar evin tikintisində cavabdehə həm maddi həm də fiziki cəhətdən yardımlar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, iddiaçını və cavabdehi kənd sakinləri kimi tanıyır. Həmin ev tikiləndə iddiaçının anası tərəfindən sürücü kimi çağırılmış və iddiaçının anasının verdiyi əşyaları həmin evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli torpaq sahəsi tərəflərin birgə nikah dövründə alınmışdır. Sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, tərəflər həmin evdə yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, cavabdeh onun oğludur. Mübahisəli ev cavabdehin atası tərəfindən tikilmiş, həmin ev onun digər oğlunun yaşaması üçün nəzərdə tutulmuşdur. Lakin iddiaçı ilə aralarında münasibətləri pisləşdikdən sonra onlar həmin evə köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyniməzmunlu ifadə vermişdir. İşdə olan DƏDRX-nin yanında ƏMDK-nin 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə tam mülkiyyət hüququ ilə Cavabdeh adına 12.10.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh adına Gədəbəy bələdiyyəsində 0.06 ha torpaq sahəsi və 149 kv.m əmlak sahəsi qeydiyyata alınmışdır. İşdə olan X2 surətindən görünür ki, Cavabdeh və X11 26.01.2015-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Qulizadə soyadı verilmişdir. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin birgə nikahından 02.10.2015-ci il tarixdə X7 və 06.02.2018-ci tarixdə X8 doğulmuşlar. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhərində 0.06 ha torpaq sahəsi Cavabdeh adına 12.10.2016-cı il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində ev tikilmişdir. Torpaq sahəsi üç tərəfdən Şəhidlər Xiyabanı, digər tərəfdən həyətyanı sahələrlə əhatə edilmişdir. Bir tərəfi isə kəndin əsas yoluna çıxan yoldur. Həmin torpaq sahəsində yaşayış evinin tikilməsi üçün başqa yararlı yer yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikası Mülki məcəlləsinin 225.1-ci maddəsinə əssən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı 2015-cü il tarixdə cavabdeh İddiaçı Gəray oğlu ilə nikah bağlamaqla ailə qurmuş, cavabdehlərin evinə gəlin köçmüş, 2016-cı ilədək həmin evdə yaşamışdır. Ailə münasibətləri 2015-ci il tarixdə yarandığından tərəflər aralarında yaranmış mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Cavabdeh qanuni əsaslarla yeni torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Məhkəmə iclaslarında tərəflərin birgə təsərrüfat aparmaları, həmin torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi və tərəflərin mübahisəli evdə yaşamaları mübahisələndirilməmişdir. Məhkəmə iclasında cavabdeh və onun tərəfindən dəvət edilmiş şahidlər mübahisəli fərdi yaşayış evinin cavabdehə məxsus torpaq sahəsində yerləşmədiyini və tikilmiş evin digər şəxsin olmasını bildirmişlər. Lakin iş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində ev tikilmişdir. Torpaq sahəsi bir tərəfdən Şəhidlər Xiyabanı, digər tərəfdən həyətyanı sahələrlə əhatə edilmişdir. Bir tərəfi isə kəndin əsas yoluna çıxan yoldur. Həmin torpaq sahəsində yaşayış evinin tikilməsi üçün başqa yararlı yer yoxdur. Bundan başqa Gədəbəy şəhər Bələdiyyəsi tərəfindən verilmiş arayışla da müəyyən edilmişdir ki, Cavabdeh adına Gədəbəy bələdiyyəsində 0.06 ha torpaq sahəsi və 149 kv.m əmlak sahəsi qeydiyyata alınmışdır. Məhkəmənin qənaətinə görə mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir və tərəflərin hər ikisi evin tikintisində yaxından iştirak etmişlər. Məhkəmə həmçinin iddia tələbində göstərilmiş iddiaçıya istifadə hüququnun veriməsi tələbinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə cavabdehin mülkiyyət hüquqları vardır. Həmin torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması üçün iddiaçının da gözlənti hüquqları var. Yəni, fərdi yaşayış evinə iddiaçının istifadə hüquqları tanınmalıdır. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı Cavabdeh məxsus Gədəbəy şəhərində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evdən istifadə hüququ tanınmalı və o, azyaşlı uşaqları, 02.10.2015-ci il təvəllüdlü X9 və 06.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Gədəbəy şəhəri yeni yaşayış massivində inşa edilmiş, ümumi sahəsi 149 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməli, evin yardımçı sahələrindən (hamam-tualetdən), həmçinin evin kommunal xidmətlərindən (qaz, işıq və sudan) istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilsin. İddiaçı Cavabdeh məxsus Gədəbəy şəhərində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evdən istifadə hüququ tanınsın. İddiaçı azyaşlı uşaqları, 02.10.2015-ci il təvəllüdlü X9 və 06.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Gədəbəy şəhəri yeni yaşayış massivində inşa edilmiş, ümumi sahəsi 149 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İddiaçı Gədəbəy şəhəri yeni yaşayış massivində inşa edilmiş, ümumi sahəsi 149 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinin yardımçı sahələrindən (hamam-tualetdən), həmçinin evin kommunal xidmətlərindən (qaz, işıq və sudan) istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-708/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-708/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver