Məhkəmə qərarları › İş №2(042)-708/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-708/2024

22.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-708/2024 22.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və cavabdeh Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinə qarşı “işə bərpa, əmrlərin ləğvi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun işdən azad olunması barədə İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 158 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması və ona xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, onun işdən azad olunması barədə İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 158 nömrəli əmrin və xx.xx.2024-cü il tarixli 165 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması və ona xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 dekabr 2012-ci il tarixdə İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbdə psixoloq vəzifəsinə işə qəbul edilmiş, 2013-cü ilin sentyabr ayından həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır. İşlədiyi müddətdə heç bir əmək pozuntusuna yol verməmişdir. Səhhətində olan xəstəliklə əlaqədar xx.xx.2024-cü il tarixdə Türkiyəyə getmiş, müayinə və mülaicə olunaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Bu barədə sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmadığına görə xx.xx.2024-cü il tarixdə onun Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən kənarlaşdırılması barədə əmr vermişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və o öz işinə bərpa edilməlidir. Belə ki, o işə gəlmədiyi vaxt xəstə olmuş və Türkiyə Respublikasında müalicədə olmuşdur. Bu faktı təsdiq edən xəstəlik sənədlərini və yol biletlərinin surətlərini iddia ərizəsinə əlavə edir. Əmək qanunverciliyinə görə işçinin xəstəliyi ilə əlaqədar işə gəlmədiyi müddətdə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Həmçinin işdən azad olunması ona məlum olduqdan sonra işə bərpa edilməsi üçün işəgötürənə, eləcə də müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, Gədəbəy rayon İcra hakimiyyəti Başısının qəbullarında olmuşdur. Lakin etidiyi müraciətlərin heç bir müsbət nəticəsi olamamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, ləğv edilməsini tələb etdiyi əmr İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarılmış və həmin əmr onun bir ay müddətinə işdən kənarlaşdırılması barədə olmuşdur. Həmin əmrdən sonra Cavabdeh xx.xx.2024-cü il tarixli, 165 nömrəli ikinci əmri vermişdir. Həmin əmrdə qeyd edilmişdir ki, “İddiaçı 04 mart 2024-cü il tarixdən müalicə adı ilə məktəbə gəlmədiyinə görə, heç bir üzürlü sənəd təqdim etmədiyi üçün ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.”. Hesab edir ki, həmin əmr də qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, o iddia ərizəsində də qeyd etdiyi kimi, səhhətində olan xəstəliklə əlaqədar xx.xx.2024-cü il tarixdə Türkiyəyə getmiş, müayinə və mülaicə olunaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Buna baxmayaraq İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmasına görə xx.xx.2024-cü il tarixdə onun Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən kənarlaşdırılması barədə əmr vermişdir. Bundan sonra o iddia ərizəsi il məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası keçirildikdən sonra, yəni xx.xx.2024cü il tarixdə Cavabdeh 165 nömrəli ikinci əmri vermişdir. İddiaçı ərizələrindən göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki,onun məcburi olaraq işə buraxılmaması vaxtı 04 mart 2024-cü ildən hesablanmalıdır. Belə ki, o həmin tarixdən işə getməmiş, xəstəlikdən əziyyət çəkmiş, bu barədə məktəb direktoruna demişdir. Məktəb direktoru özü də bunu izahatında bildirmişdir. Odur ki, o məcubri olaraq xəstəliyi ilə əlaqədar 04 mart 2024-cü ildən 31 mart 2024-cü ilədək işə çıxmamış, həmin tarixdən sonra isə o işdən kənarlaşdırılmışdır. O, məcburi olaraq əmək haqqından məhrum olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh izahatı verərək bildirdi ki, İddiaçı xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasına gedəcəyini demiş, getmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək işdə olmamış və xx.xx.2024-cü il tarixdə onun Əmək Məcəlləsinin “ç” bəndinə əsasən üzrlü sənədlər təqdim edilənə qədər işdən kənarlaşdırılması barədə əmr vermişdir. İddiaçının xəstəliyi ilə əlaqədar təqdim etdiyi sənədlər Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən qəbul edilməmişdir. Bundan sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Odur ki, iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı aid № 087722 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 98 №-li əmrlə Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixli 156 №-li əmrlə ibtidai sinif müəllimi ixtisaslı İddiaçı dərs ilinin sonundadək müqavilə yolu ilə dərs aparılmasına icazə verilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli 98 №-li əmrlə üzrlü sənəd təqdim edənə qədər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbindəki işindən kənarlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, 125 №-li əmrlə İddiaçı tərəfindən 04 mart 2024cü il tarixdən müalicə adı ilə məktəbə dəlmədiyinə görə heç bir üzrlü sənəd təqdim etmədiyinə üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəblə olan əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 165 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən 04 mart 2024-cü il tarixdən müalicə adı ilə məktəbə dəlmədiyinə görə heç bir üzrlü sənəd təqdim etmədiyinə üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəblə olan əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 158 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı üzrlü sənəd təqdim edənə qədər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbindəki işindən kənarlaşdırılmışdır. İşdə olan Türkiyə Cumhuriyyəti “Tekden Hastaneleri” tərəfindən verilmiş müayinə sənədlərindən görünür ki, İddiaçı xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlər aralığından Türkiyə Cumhuriyyəti “Tekden Hastaneleri”-də müayinə və müalicə almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçı hüququnun pozulduğunu bildiyi halda öz məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, hüquqi savadsızlığı ilə əlaqədar məhkəməyə vaxtında müraciət etməmişdir. Nəticədə fərdi əmək mübahisəsinin həll edilməsi üçün iddia ərizəsi və digər zəruri sənədlərin hazırlanması, eləcə də hüquqi savadsızlığı ilə əlaqədar obyektiv hallar iddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələnmişdir. Məhkəmə qeyd olunan obyektiv halları üzürlü hesab edərək, buraxılmış müddəti bərpa edib mübahisəyə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq saymışdır. İşin mübahisələndirilməyən faktiki hallarından aydın olur ki, İddiaçı xx.xx.2012-ci il tarixli 98 №-li əmrlə Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixli 156 №-li əmrlə ibtidai sinif müəllimi ixtisaslı İddiaçı dərs ilinin sonundadək müqavilə yolu ilə dərs aparılmasına icazə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli 158 №-li əmrlə üzrlü sənəd təqdim edənə qədər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbindəki işindən kənarlaşdırılmışdır. İddiaçı səhətində olan problemlə əlaqədar məktəb direktorunu şifahi məlumatlandırmış, 04 mart 2024-cü il tarixdən işə çıxa bilməmiş, müalicəsini Türkiyə Cumhuriyyətində alması barədə məktəb direktoruna məlumat vermişdir. 07 mart 2024-cü ildən 30 mart 2024-cü il tarixdək İddiaçı Türkiyə Cumhuruyyətində müayinə və müalicə almışdır. xx.xx.2024-cü il tarixli, 165 №-li əmrlə İddiaçı tərəfindən 04 mart 2024-cü il tarixdən müalicə adı ilə məktəbə gəlmədiyinə görə heç bir üzrlü sənəd təqdim etmədiyinə üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəblə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq o, xəstəliyi ilə əlaqədar müayinə və müalicə də olduğu dövrə görə işdə çıxarıldığını bildirmiş, bunun qanunsuz olduğunu iddia etmiş və işdən azad edilməsinə dair verilmiş əmrin ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM-in) 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinin xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydaları və əsasları ƏM-in 69-cu maddəsi (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) və 70-ci maddəsi (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə tənzminlənir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı hazırda cavabdeh olan işəgötürən Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 158 №-li və xx.xx.2024-cü il tarixli, 165 №-li əmrləri əsasında, yəni işəgötürənin təşəbbüsü ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işçi ilə bağlanmış müqaviləni ləğv etmək üçün, ƏM-in 70-ci maddəsində sadalanan yuxarıdakı şərtlərdən birinin olması tələb olunur. Həmin maddədə sadalanan şərtlərdən biri də “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə mülalicə üçün Türkiyə Cumhuriyyətinə getmiş və İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlər aralığından Türkiyə Cumhuriyyəti “Tekden Hastaneleri”-də müayinə və müalicə almışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Belə olan halda məhkəmə o, qənaətə gəlir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməməsi onun əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməzdi və bu əsasla onun işdən azad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin vəzifələrindəndir. Həmin Məcəllənin 12-ci maddəsinin 2-ci maddəsinə əsasən, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tutduğu müəllim vəzifəsindən azad edilərkən onun işə gəlməməsinin səbəbi barədə məktəbə məlumat verməməsi, iddiaçıya bununla əlaqədar yazılı bildiriş göndərilib-göndərilməməsi, iddiaçının üzürlü və ya üzürsüz səbəbdən işə gəlməməsinin yoxlanılmasını təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınası ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinə xitam verilməsini qadağan etdiyi halda, Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 76-cı maddələrinin tələbələrinə əməl etməmiş və nəticədə işçi İddiaçı əmək hüquqlarını pozmuşdur. Məhkəmə həmçinin, iddiaçının məcburi iş buraxmaya görə əmək haqqı tələbini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin hallarından görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar məcburi olaraq 04 mart 2024cü tarixdən işə çıxmamış və ona həmin tarixdən əmək haqqı ödənilməmişdir. İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixli 158 nömrəli və xx.xx.2024-cü il tarixli, 165 №-li əmri qanunsuz olduğundan məhkəmə hesab edir ki, 04 mart 2024-cü il tarixdən etibarən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində olan Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixli 158 nömrəli və xx.xx.2024-cü il tarixli, 165 nömrəli əmrləri qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı əvvəlki işinə, yəni Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməli və İddiaçı 04 mart 2024-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı barəsində olan Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2024-cü il tarixli 158 nömrəli və xx.xx.2024-cü il tarixli, 165 nömrəli əmrləri qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Gədəbəy rayonu İnəkboğan kənd N.İsgəndərov adına tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı 04 mart 2024-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar