Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-736/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən 2 otaq, bir zal, mətbəx hamam-tualet və zirzəmidən ibarət ikimərtəbəli fərdi yaşayış evinin bölünərək, ½ hissəsinə payının müəyyən edilməsi, həmin əmlakın naturada bölünməsi mümkün olmadıqda onun dəyər qiymətinin ½ hissəsinin Cavabdeh alınaraq, ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə nikahlarını 2004-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 22.04.2005-ci il tarixdə X1 və 02.01.2004-cü il tarixdə X2 doğulmuşlar. Cavabdeh ilə ailə qurduqdan sonra Gədəbəy şəhəri, H.Əliyev prospektində fərdi yaşayış evi tikmişlər. Övladları həmin evdə doğulmuşlar. Onlar 2020-ci il tarixədək həmin evdə yaşamışlar. Cavabdehlə aralarında narazılıq olduğuna görə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Yaşayış evi iki mərtəbəli olmaqla birinci mərtəbə zirzəmidən, ikinci mərtəbə 2 otaq, bir zal və mətbəxdən, həmçinin hamam-tualetdən ibarətdir. Həmin ev cavabdehlə birgə nikahda olduqları dövrdə tikilmişdir Fərdi yaşayış evi dövlət qeydiyyatından keçməsə də, kommunal xidməyləri ödənilmişdir. Ona görə də Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən, 2 otaq, bir zal, mətbəx, hamam-tualet və zirzəmidən ibarət ikimərtəbəli fərdi yaşayış evinin bölünməsini, əgər naturada bölünməsi mümkün olmadıqda həmin evin dəyərinin ½ hissəsinin pay olaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(042)-238/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 22.04.2005ci il tarixdə X1 və 02.01.2004-cü il tarixdə X2 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2.1-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Resxpublikası Mülkü Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahları dövründə əldə etdikləri torpaq sahəsi və tikinti ilə əlaqədar qanunda nəzərdə tutulmuş əqdlər bağlanmamış və hüquqlar qeydə alınmamışdır. Yəni, həmin daşınmaz əmlaka payların müəyyən edilməsi mümkün deyil. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən iddiaçının mülki işə məhkəmədə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-736/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-736/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver