Məhkəmə qərarları › İş №2(042)-74/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-74/2022

12.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-74/2022 12.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14.07.2008-ci il tarixli, 03 saylı qərarı ilə AN-261429 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 0.22 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları (həmin torpaq sahəsində inşa etdirdikləri tikilinin sökülməsi) və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının eyni saylı qərarı əsasında AN- 261430 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatı məqsədi üçün ayrılmış pay torpaq sahəsinin 0.30 ha hissəsindən digər Cavabdeh1 məcburi şəkildə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14.07.2008-ci il tarixli, 03 saylı qərarı ilə AN 261429 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 0,22 ha və AİK-nın eyni saylı qərarı əsasında 0.50 ha kənd təsərrüfatı təyinatı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki hissədə yerləşməklə 0.22 ha hissəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zəbt edərək içərisindən fərdi yaşayış evi inşa etmişlər. Digər torpaq sahəsinin 0.30 ha hissəsini isə digər Cavabdeh1 tutaraq istifadə edir. O, bu barədə aidiyyəti orqanlara həm yazılı, həm də şifahi olaraq dəfələrlə müraciət etməsinə, baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlər ona məxsus torpaq sahələrini könüllü olaraq boşaltmırlar. Odur ki, ona məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ona məxsus torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi şəkildə çıxarılmasını və tikilinin sökülməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Qaradağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli, 158 saylı arayışdan görünür ki, Hacıyev X1 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 saylı ev təsərrüfatlarının uçotu kitabının 14-cü səhifəsində, 104 nömrəli şəxsi hesabda qeydiyyatdadır və hal-hazırda Qaradağ kəndində yaşayır. İşdə olan X4 kitabında 02.04.2010-cu il tarixdə 74 nömrə ilə uçota alınmış A seriyalı 261429 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2008-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 2233.46 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X4 kitabında 02.04.2010-cu il tarixdə 74 nömrə ilə uçota alınmış A seriyalı 261430 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2008-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı Gədəbəy rayonu, Zəhmətkənd kəndində 4995.66 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2008-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, X4 kitabında 02 04.2010-cu il tarixdə, 74 nömrə ilə uçota alınmış, AN-261429 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında İddiaçı məxsus olan 2233.46 kv.m torpaq sahəsinin hər hansı hissəsinin koordinatları cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Gədəbəy rayon Aqrar islahat Komissiyasının 14 iyul 2008-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, X4 kitabında 02.04 2010-cu il tarixdə, 74 nömrə ilə uçota alınmış, AN-261430 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi əsasında İddiaçı məxsus olan 4995.66 kv.m torpaq sahəsinin hər hansı hissəsinin koordinatları Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2008-ci il tarixli, 03 saylı qərarları ilə İddiaçı Gədəbəy rayonu, Zəhmətkənd kəndində 4995.66 kv.m və 2233.46 kv.m torpaq sahələri verilmişdir. X4 kitabında 02 04.2010-cu il tarixdə, 74 nömrə ilə uçota alınmış, AN-261430 və AN-261429 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulduğunu və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona məxsus torpaq sahəsində tikili inşa edildiyini iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2008-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, X4 kitabında 02 04.2010-cu il tarixdə, 74 nömrə ilə uçota alınmış, AN-261429 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında İddiaçı məxsus olan 2233.46 kv.m torpaq sahəsinin hər hansı hissəsinin koordinatları cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin Gədəbəy rayon Aqrar islahat Komissiyasının 14 iyul 2008-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, X4 kitabında 02.04 2010-cu il tarixdə, 74 nömrə ilə uçota alınmış, AN-261430 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi əsasında İddiaçı məxsus olan 4995.66 kv.m torpaq sahəsinin hər hansı hissəsinin koordinatları Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi, eləcə də ona məxsus torpaq sahələrində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis rəyi ilə təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi, eləcə də ona məxsus torpaq sahələrində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa edilməsi öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 311 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 311 manat İddiaçı oğluna aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar