Məhkəmə qərarları › İş №2(042)-745/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-745/2021

04.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-745/2021 04.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh1 qarşı evə köçürülmə və evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasına dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında) yerləşən mərhum X1ndan miras qalmış iki mərtəbəli fərdi yaşayış evindən ayrıca olan, həmin evin əl damı kimi istifadə edilən bir otağına köçürülməsi, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, cavabdehlər siyahısından Cavabdeh2 çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh2 anası, Cavabdeh1 isə qardaşıdır. Mərhum X1 anası Cavabdeh2 ilə 1960-cı ildə ailə qurub evlənmiş, ailə münasibətlərindən böyük qardaşı X10, bacısı X11, kiçik qardaşı Cavabdeh1 və o doğulmuşdur. Atası ailə qurduqdan sonra ünvan 2 ünvanında özünə fərdi yaşayış evi tikmişdir. O, 1969-cu ildə həmin evdə doğulmuşdur. Digər bacı və qardaşları həmin evdə böyümüşlər. O, 1991-ci ildə ailə qurmuş və Gəncə şəhərinə köçümüşdür. Həyat yoldaşı Həbibov Vidadi ilə aralarında rəsmi nikah olmamışdır. Ailə münasibətlərindən 1992-ci ildə X5 dünyaya gəlmişdir. Bundan sonra 1993-cü ildə həyat yoldaşından ayrılmış və həmin vaxtdan atasının evinə qayıtmışdır. 2019-cu ilin sentyabr ayınadək həmin evdə yaşamışdır. 2019-cu ilin sentyabr ayının 28-də qardaşı Cavabdeh1 onu ata evindən zorla çıxarmışdır. Hazırda bacısı X6 evində yaşayır. Yaşamağa evi yoxdur. X1 2020-ci ilin dekabr ayının 5-i vəfat etdi. Ata evi iki mərtəbəli olmaqla, birinci mərtəbə 3 otaqlı zirzəmidən, ikinci mərtəbə isə dörd otaqdan ibarətdir. Bundan başqa evdən ayrıca yerləşən 1 otaqdan ibarət əl damı, tövlə və quyu mövcuddur. Evin yerləşdiyi torpaq sahəsində onun da mülkiyyət hüququ var. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmənin 07 iyul 2021-ci il tarixdə keçirilmiş iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı 1969-cu il tarixdən 1991-ci il tarixədək atasından miras qalmış evdə yaşamışdır. O, 1991-ci il tarixdə ailə qurmuş və ərinə məxsus evə köçmüşdür. Lakin aralarında olan narazılıq səbəbindən ayrılmışlar. Onlar ayrılarkən birgə mülkiyyətlərində olan ev satılaraq, əldə edilmiş gəlir bölünmüşdür. Bacısının payı verilmişdir. Lakin iddiaçı özünə ev almamış, digər qardaşına məxsus evə köçmüşdür. Atası öldüyü vaxtadək orada yaşamış, atası öldükdən sonra hazırki evə köçmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin evə istifadə hüququ olmamışdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək, bildirmişdir ki, İddiaçı 1969-cu il tarixdə hazırda köçürülmək istədəiyi evdə doğulmuş, orada böyümüşdür. O,1991-ci il tarixdə ailə qurmuş, lakin 1993-cü il tarixdə ailə münasibətləri pozulmuş və iddiaçı yenidən valideynlərinin evinə gəlmişdir. 1993-cü ildən 2020-ci il tarixədək iddiaçı həmin evdə yaşamış, ataları öldükdən sonra qardaşı onu evdən qovmuşdur. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə X7, Cavabdeh2, İddiaçı və X8 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə X7, Cavabdeh2, İddiaçı və X8 0.80 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Cavabdeh1, X2 və X4 0.08 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarı ilə Cavabdeh1, X2 və X4 0.75 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibuluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Beləliklə, tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı 1969-cu il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən mərhum X1na məxsus ikimərtəbəli fərdi yaşayış evində doğulmuş, 1998-ci il tarixdə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə digər ailə üzvləri ilə birlikdə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmşdir. İddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşir. İddiaçı və cavabdeh 1969-cu il tarixdən 2020-ci il tarixədək həmin evdə yaşamış, evin yaxşılaşdırma işlərində iştirak etmiş və birgə təsərrüfat aparmışlar. Mübahisəli evə tərəflərin mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, evin hüquqi statusundan aslı olmayaraq, evin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə paylı mülkiyyəti olduğu üçün həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən də iddiaçının istifadə etmək hüququ var. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı ünvan 1 ünvanında) yerləşən mərhum X1ndan miras qalmış ikimərtəbəli fərdi yaşayış evindən ayrıca olan, əl damı kimi istifadə edilən otağa köçürülməli, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. İddiaçı ünvan 1 ünvanında) yerləşən mərhum X1ndan miras qalmış ikimərtəbəli fərdi yaşayış evindən ayrıca olan, əl damı kimi istifadə edilən otağa köçürülsün. İddiaçı evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar