Məhkəmə qərarları › İş №2(042)-750/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-750/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-750/2023 25.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı anası X1 miras qalmış Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 1708.02 kvm və 0,03 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X10 və anası X6 1959-cu il tarixdə nikah bağlamışlar. Anası 07 iyul 2018-ci il tarixdə, atası 06 avqust 2021-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin ondan başqa daha iki övladı olmuşdur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə valideynlərinə Gədəbəy rayonu, Miskinli kəndi ərazisində 1708.02 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onlar 1978-ci ildə ev tikmişlər. Ev anasının adına qeydə alınmışdır. Anasının vəfatından sonra həyətyanı torpaq sahəsi və yaşayış evini o, miras kimi qəbul etmişdir. Digər vərəsələr miras əmlakı qəbul etməkdən imtina etmişlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki,ərizəçi dayısıdır. O, Gədəbəy rayonu,Miskinli kəndində yaşayışır. X6 nənəsi olmuşdur. O, 2018-ci ildə vəfat etmişdir. Anasından miras qalmış həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş evi miras kimi ərizəçi qəbul etmişdir. O, həmin torpaqdan istifadə etmiş, evdə yaşamışdır. Digər vərəsələr mirası qəbul etməkdən imtina etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X9 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Arayışdan görünür ki, X8 07 iyul 2018-ci il tarixdə ölmüşdür. İşdə olan X5 surətindən görünür ki, X10 ərizəçinin atası, X6 anası olmuşdur. İşdə olan A 140804 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində X4 1708.02 kvm həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Arayışdan görünür ki, X10 və X2 adına 0.17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qeydə alınmışdır. İşdə olan Arayışdan görünür ki, Ərizəçi faktiki olaraq Gədəbəy rayonu, Miskinli kəndində yaşayır. İşdə olan ərizələrdən görünür ki, digər vərəsələr mirası qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin anası miras qoyan X6 07 iyul 2018-ci il tarixdə ölmüşdür. Ərizəçinin anasının mülkiyyətində torpaq sahəsi və torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasının gözləntisi hüququ olmuş, yəni, həmin əmlak miras aktivinə daxil olmuşdur. Ərizəçi anasından miras qalmış Gədəbəy rayonu, Miskinli kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzəruində yerləşən yaşayış evini miras kimi qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmiş və bu barədə ərizələr vermişlər. Bununla belə, ərizəçi tərəfindən mərhum anasının mülkiyyətində 0.03 ha həyətyanı torpaq sahəsinin olması faktı sübut edilməmişdir. Ona görə də ərizə qismən təmin edilməli, ərizəçi tərəfindən mərhum anası X3 mülkiyyətində olmuş Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 1708.02 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi tərəfindən mərhum anası X3 mülkiyyətində olmuş Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 1708.02 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar