Məhkəmə qərarları › İş №2(042)-775/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-775/2023

14.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-775/2023 14.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət olaraq onlara məxsus olan 0.5468 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələblərini onunla əsaslandırmışdır ki, onlar Gədəbəy rayonu, Düzyurd kəndində yaşayırlar. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X12 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış əsasında Gədəbəy rayonu, Düzyurd kəndində xüsusi mülkiyyət hüququ ilə onların ümumi birgə mülkiyyətinə ümumlikdə 0.5468 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi verilmişdir. DƏDKR X9 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair B№ ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da Düzyurd kəndində yaşamaqla onların həmkəndliləridir. Cavabdehlər hal-hazırda onlara məxsus olan 0.5468 ha əkin torpaq sahəsini bütövlükdə tuturaq zəbt etmişlər. Cavabdehlərə dəfələrlə onlara məxsus torpaq sahəsindən çıxamalarını tələb etsələr də, onlar buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirirlər. Nəticədə onların mülkiyyət hüququları pozulmuşdur. Ona görə də onlara məxsus torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını istəyirlər. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, özünə məxsus torpaq sahəsindən istifadə edir. İddiaçılara məxsus torpaq sahəsini tutmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsini tutmamışdır. Bundan əvvəldə mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılar məhkəmədə iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İşdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına ümumi birgə payları olmaqla ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-807/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər X2, X5, X6, X1 və X7 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(042)-510/2019 saylı qətnaməsindən görünür ki, X8 və onun ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.79 ha torpaq sahəsinin 0.40 ha hissəsindən cavabdeh İddiaçı2 çıxarılması qət edilmişdir. İşdə olan Gədəbəy rayonu Düzyurd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 saylı arayışdan görünür ki, Düzyurd bələdiyyəsinin ərazisində Cavabdeh1 adına 0.10 ha həyətyanı, 0.36 ha zəbt torpaq sahəsi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********16 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.2069 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6976 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, **********16 reyestr nömrəli çıxarış əsasında İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsi Cavabdeh1 tərəfindən 0.2069 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Gədəbəy rayonu, Düzyurd kəndində yaşayırlar. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına ümumi birgə payları olmaqla ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçılar məhkəmədə iddia qaldıraraq, onlara məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyini iddia etmiş, cavabdehlərin ona məxsus olan torpaq sahələrindən çıxarılmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.2974 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0.2069 ha hissəsinin Cavabdeh2 tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlər, mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən, İddiaçı1 Nurəddin qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.2069 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Bu da onu göstərir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Cavabdehlər isə mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən onlara məxsus olan 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsindən Cavabdeh1, 0.2069 ha hissəsindən Cavabdeh2 məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 və 0.2069 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə müəyyən edilmiş mütəxəssis xərcini ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0.5468 ha torpaq sahəsinin 0.2974 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 və 0.2069 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh2 çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar