Məhkəmə qərarları › İş №2(042)-78/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-78/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-78/2023 12.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 1 ünvanında yerləşən, sahəsi, 36 kvm olan 23 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə mənzilin açaıq hərracdan satılaraq, satışdan əldə olunana vəsaitin cavabdehlə aralarında bərabər şəkildə bölünməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 1 ünvanında yerləşən, sahəsi 36 kvm olan 23 saylı mənzilin naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6. və 259.0.7-ci maddələrinin tələblərinə əsasən işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbləri nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 1 ünvanında yerləşən, sahəsi 36 kvm olan 23 saylı mənzilə hər birinin payı 1/2 hissədə olmaqla İddiaçı və Cavabdeh mülkiyyət hüququ 13 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli 10/419 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 1 ünvanında yerləşən, sahəsi 36 kvm olan 23 saylı mənzildən İddiaçı 1/2 hissədə payının ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Rerspublikası Mülki Məcələsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 1 ünvanında yerləşən, sahəsi 36 kvm olan 23 saylı mənzildən İddiaçı 1/2 hissədə payının ayrılması texniki cəhətdən mümkün deyildir. Ona görə də iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi xərci 100 manat olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq, Dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar