Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-783/2021 12.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı azyaşlı uşaqları 22.05.2007-ci il tarixdə doğulmuş X8, 07.07.2008-ci il tarixdə doğulmuş X7 və 23.03.2010-cu il tarixdə doğulmuş X9 ilə birlikdə Gədəbəy şəhəri, Şəhriyar küçəsində olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən 11 saylı mənzilə köçürülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X3 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı X10 ilə 2004-cü ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını 27.01.2012-ci ildə Gədəbəy rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 22.05.2007-ci il tarixdə X8, 07.07.2008-ci il tarixdə X7 və 23.03.2010-cu tarixdə X9 doğulmuşlar. Tərəflər evləndikdən sonra Gədəbəy şəhəri, Şəhriyar küçəsində yerləşən ikimərtəbəli bina evinin birinci mərtəbəsində 11 saylı mənzildə yaşamışlar. Mənzil 4 otaq, bir koridordan ibarətdir. İddiaçının övladları həmin evdə doğulmuşlar. X10 04.01.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da iddiaçı həmin evdə yaşamışdır. Lakin 2021-ci ilin iyun ayının 10-da cavabdehlər iddiaçını uşaqları ilə birlikdə həmin evdə qovmuşlar. Mənzil vaxtilə iddiaçının qaynanasının olsa da, hazırda ev Cavabdeh1 adına sənədləşdirilmişdir. Hazırda iddiaçının yaşamağa evi yoxdur və müvəqqəti olaraq azyaşlı uşaqları ilə birlikdə valideylərinin evində yaşayır. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı onun qardaşı X10 ilə 2004-cü ildə qeyri-rəsmi ailə qurmuş, onun anasına məxsus gərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı onun anasını və qardaşını dəfələrlə döymüşdür. Bundan sonra o, anasını özünün kirayə tutduğu evdə saxlamışdır. Onlar iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. Qardaşı xəstə olduğundan iddiaçı onu dəfələrlə döymüş, hətta bir neçə dəfə polis əməkdaşları mübahisə ilə əlaqədar onların yaşadıqları evdə olmuşlar. İddiaçı onun mülkiyyətində olan evə köçürülməsi onun mülkiyyət hüquqlarının pozulması ilə və daimi olaraq, onlar arasında dava olması ilə nəticələnəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, İddiaçı və X5 birgə nikahlarından 22.05.2007-ci il tarixdə X8, 07.07.2008-ci il tarixdə X7 və 23.03.2010-cu tarixdə X9 doğulmuşlar. İşdə olan X4 surətindən görünür ki, X10 04.01.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı cavabdeh X10 ilə 2004-cü ildə ailə qurmuş və cehiz əmlakı ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, iddiaçı 2004-cü ildə cavabdeh X10 ilə ailə qurmuş və ailə üzvi kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxtdan, yəni, 17 il ərzində o, həmin evdə yaşamışdır. Lakin tərəflər arasında münasibətlər həddən artıq gərgin vəziyyətdə olmuş, bu səbəbdən cavabdehlər evi tərk edərək, kirayədə yaşamış, iddiaçı ilə birgə təsərrüfat aparmamışlar. Həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçının həmin evə köçürülməsi Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-783/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-783/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver