Məhkəmə qərarları › İş №2(042)-791/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-791/2021

17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-791/2021 17.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş sahədə tikililərin cavabdehin hesabına sökülüb boşaldılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05.06.1999cu il tarixli, 09 nömrəli qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayon Novosaratovka kəndində yerləşən 2.59 ha kənd təsərrüfatı təyinatı məhsulları istehsalı torpaq sahəsinin biçənək üçün nəzərdə tutulmuş 1.37 ha hissəsinə Cavabdeh tərəfindən mal-qara salınmasına və onun öz torpaq sahəsindən istifadə etməsinə onun tərəfindən yaradılan hər cür maneələrə qadağa qoyulmasına, ödənilmiş 10 manat dövlət rüsumunun və hüququ yardıma görə 40 manat çəkilmiş xərcin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05.06.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Gədəbəy rayonu, Novosaratovka kəndində 2.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0028 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsi əkin və biçənək hissəsindən ibarətdir. Biçənək sahəsi 1.37 hektardır. Cavabdeh öz mal-qarasını onun biçənək sahəsinə salaraq otarır. Dəfələrlə ona torpaq sahəsini otarmamasmı bildirsə də, nəticəsi olmamışdır. Həmçinin, o, kənd sakinlərinin malqarasını muzd qarşılığında otarır və həmin mal-qaranı onun biçənək sahəsinə salır. Bu da onun mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmiş, izahat verərək, bildirmişdir ki, həqiqətən heyvanları otararkən heyvanlar bir neçə dəfə iddiaçının torpaq sahəsinə girmişdir. Lakin həmin vaxt heyvanları tez çıxartmış və iddiaçının torpaq sahəsinə zərər vurmasının qarşısını almışdır. Bundan sonra iddiaçının torpaq sahəsinə heyvanlarını salmayacaqdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN 0028 KOD 50500038 saylı Torpağa Mülkiyyət Hüququna X1 surətindən görünür ki, digər ailə üzvləri ilə birlikdə İddiaçı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli qərarı ilə 2.59 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə etmiş, cavabdeh isə iddia tələblərini etiraf etmişdir. Ona görə də, iddia tələbləri təmin edilməli, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05.06.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayon Novosaratovka kəndində yerləşən 2.59 ha kənd təsərrüfatı təyinatı məhsulları istehsalı torpaq sahəsinin biçənək üçün nəzərdə tutulmuş 1.37 ha hissəsinə Cavabdeh tərəfindən mal-qara salınmasına və iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödənilmiş, eləcə də hüquqi yardım göstərilməsi üçün 40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 05.06.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayon Novosaratovka kəndində yerləşən 2.59 ha kənd təsərrüfatı təyinatı məhsulları istehsalı torpaq sahəsinin biçənək üçün nəzərdə tutulmuş 1.37 ha hissəsinə Cavabdeh tərəfindən mal-qara salınmasına və İddiaçı öz torpaq sahəsindən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə qadağa qoyulsün. Ödənilmiş 10 manat dövlət rüsumunun və hüquqi yardım üçün çəkilmiş 40 manat xərcin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar