Məhkəmə qərarları › İş №2(042)-85/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-85/2023

26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-85/2023 26.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu ii tarixli, 2 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən A № 262587 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona məxsus olan 8193 kv.m torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.22 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli, 2 nömrəli qərarı ilə mərhum X1na və onun ailə üzvlərinə Gədəbəy rayonu, Qoşabulaq kəndində “Öküz dağı” adlanan ərazidən 8193 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə keçmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A Ne 262587 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin sənəd atasının adına verilmiş, subyekt siyahısında isə onun və digər ailə üzvlərinin adı qeyd edilmişdir. X1 xx.xx.2004-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsinə bütövlükdə o sahiblik etmiş, torpaq sahəsi bu gün də onun nəzarətindədir. Torpaq sahəsinin 0.22 ha hissəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdehlər həmkəndliləri olmaqla ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsini tamamailə qanunsuz olaraq zəbt etmişlər. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması Qoşabulaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla da öz təsdiqini tapır. Cavabdeh1 0.22 ha torpaq sahəsini qanunsuz olaraq tutub qardaşı oğlu olan digər Cavabdeh2 istifadəsinə vermişdir. Dəfələrlə cavabdehlərdən onun torpaq sahəsindən çıxmalarını və torpaq sahəsini boşaltmalarını tələb etsə də, heç bir nəticəsi müsbət olmamışdır. Nəticədə onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud surətdə pozulmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1999-cu il tarixdə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2010-cu il tarixdə dəyişdirilmişdir. Ona məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahələri həmsərhəddir. O özünə məxsus torpaq sahəsini istifadə edir. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini istifadə etmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 355 nömrəli arayışdan görünür ki, İddiaçı Gədəbəy RİH başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 02 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 12-ci səhifəsində 98 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır. Hal-hazırda Qoşabulaq kəndində yaşayır. İşdə olan X12 kitabında xx.xx.2010-cu il tarixdə 798 nömrə ilə uçota alınmış A № 262587 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli 02 nömrəli qərarı ilə Gədəbəy rayonu Qoşabulaq kəndində X2 adına 8193 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu Qoşabulaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 21 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş AN: 262587 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qoşabulaq kəndində “Öküz Dağı” adlanan ərazidən İslahat Komissiyası tərəfindən ona göstərilən 0.82 ha torpaq sahəsindən tam istifadə edə bilmir. Həmin torpaq sahəsinin 0.60 ha hissəsindən istifadə edir. Qalan hissəsi isə qonşusu tərəfindən zəbt olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli, 02 saylı qərarı ilə verilmiş Gədəbəy rayonu Qoşabulaq kəndində yerləşən, A № 262587 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı məxsus olan 8193 kv.m torpaq sahəsinin 0.0327 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 10/5507 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin müətəxəssis rəyinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009cu il tarixli, 02 saylı qərarı ilə verilmiş Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, A № 262587 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X4 məxsus olan 8193 kv.m torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və X4 məxsus olan 8193 kv.m torpaq sahəsinin 0.0327 ha (327 kv.m) hissəsi Cavabdeh2 tərəfindən istifadə istifadə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli 02 nömrəli qərarı ilə X12 kitabında xx.xx.2010-cu il tarixdə 798 nömrə ilə uçota alınmış A № 262587 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Gədəbəy rayonu Qoşabulaq kəndində X2 adına 8193 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyini iddia etmiş və cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Məhkəmə mübahisəli torpaq sahəsi üzrə iddia qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçının X1nun mülkiyyətinə verilmişdir. X5 xx.xx.2004-cü il tarixdə ölmüşdür. M.Verdiyevin ölümndən sonra həmin torpaq sahəsini İddiaçı istifadə etmiş və faktiki sahiblik etmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzrə X2 birinci növbə vərəsəsi olaraq İddiaçı iddia qaldırmaq üçün subyektik hüququ vardır. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğu və həmin torpaq sahəsinin 327 kv.m hissəsinin qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlər, mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli, 02 saylı qərarı ilə verilmiş Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, A № 262587 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X4 məxsus olan 8193 kv.m torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və X4 məxsus olan 8193 kv.m torpaq sahəsinin 0.0327 ha (327 kv.m) hissəsi Cavabdeh2 tərəfindən istifadə istifadə edilir. Bu da onu göstərir ki, Cavabdeh2 iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Cavabdeh2 isə mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli 02 nömrəli qərarı ilə X12 kitabında xx.xx.2010-cu il tarixdə 798 nömrə ilə uçota alınmış A № 262587 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X3 məxsus olan və İddiaçı qanuni istifadəsində olan 8193 kv.m torpaq sahəsinin 327 kv.m hissəsindən Cavabdeh2 məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin digər Cavabdeh1 tərəfindən istifadə edilməsi işdə olan sənədlər, ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Orucov X7 rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli 02 nömrəli qərarı ilə X12 kitabında xx.xx.2010-cu il tarixdə 798 nömrə ilə uçota alınmış A № 262587 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X3 məxsus olan və İddiaçı qanuni istifadəsində olan 8193 kv.m torpaq sahəsinin 327 kv.m hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis rəyinin verilməsinə görə müəyyən edilmiş mütəxəssis xərcini ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc və ekspertiza xərci cavabdeh E. Orucova aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Orucov X7 rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 2009-cu il tarixli 02 nömrəli qərarı ilə X12 kitabında xx.xx.2010-cu il tarixdə 798 nömrə ilə uçota alınmış A № 262587 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında mərhum X3 məxsus olan və İddiaçı qanuni istifadəsində olan 8193 kv.m torpaq sahəsinin 327 kv.m hissəsindən (tutduğu hissəsindən) çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərci Cavabdeh2 alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar