Məhkəmə qərarları › İş №2(042)-858/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-858/2022

26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-858/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1932-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum bibisi X5 ona münasibətdə qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, mərhum X20 onun doğma atası, X12 isə onun doğma bibisidir. Mərhum bibisi 1932-ci il tarixdə, atası isə 1934-cü il tarixdə anadan olmuşlar. Bibisi Güləsər faktiki olaraq ailə qurmuş, lakin övladı olmamışdır. Bibisi onu oğlu kimi saxlayıb böyütmüşdür. X14 doğum haqqında şəhadətnaməsi olmamışdır. Mərhum atası Əşrəf Orucov xx.xx.2005-ci il tarixdə, bibisi X12 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Onun hal-hazırda yaşadığı ev X14 adına olmuşdur. O, yaşadığı evə dair sənəd almaq məqsədi ilə aidiyyəti qurumlara müraciətlər etmişdir. Ona vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gədəbəy rayon Notariat ofisinə müraciət etməsini bildirmişlər. Tələb olunan sənədləri toplayıb Gədəbəy rayon Notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, mərhum X14 doğum haqqında şəhadətnaməsi yoxdur. Onun mərhum bibisi X7 münasibətdə qohumluq faktı müəyyən edildikdən sonra vərəsəlik şəhadətnaməsi verilə bilər. Mərhum atası X13 mərhum bibisi X16 ilə doğma bacı-qardaş olmasını şahid kimi yaxın qonşuları X8, X3 və X6 təsdiq edə bilərlər. xx.xx.1932-ci il tarixdə anadan olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum bibisi X5 ona münasibətdə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasının adı Əşrəf, bibisinin adı Güləsər olmuşdur. Əşrəf və Güləsər bacı-qardaş olmuşdur. O, X5 ərizəçinin bibisi olmasını təsdiq edir. X1 oğlu və X3 oğlu məhkəmə iclasında X2nun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, S.Məmmədov küçəsi, ev 1, m., 36 qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nın Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 133 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1934-cü il tarixdə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X20, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X12 04 aprel 2008-ci il tarixdə, X20 27 may 2005-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində ölmüşlər. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Maraqlı şəxsndə doğum akt qeydləri 1945-ci ildən 75 il saxlanıldığı bundan əvvələ olan aktlar Milli Arxivin Gədəbəy rayon şöbəsinə təhvil verildiyi səbəbdən doğum akt qeydinin bərpasına dair ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. Onun atası X20 1934-cu ildə, bibisi X12 1932-cı ildə anadan olmuşdur. Ərizəçinin bibisinə vaxtilə doğum haqqında şəhadətnamə alınmamışdır. Atası 27 may 2005-ci ildə, bibisi 04 aprel 2008-ci ildə ölmüşdür. Ərizəçinin bibisi ailə qurmuş, lakin, övladı olmamışdır. Hazırda yaşadığı ev bibisinin adınadır. Ərizəçi vərəsəlik şəhadətnaməsi alarkən bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə, X12 ilə onun qohum olmasını müəyyən etmək zərurəti yaranmışdır. Ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X12 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 04 aprel 2008-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində vəfat etmiş X5 xx xxx 1962-ci il tarixdə doğulmuş Ərizəçi ilə qohumluq münasibətində, yəni mərhum X5 Ərizəçi bibisi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar