Məhkəmə qərarları › İş №2(042)-887/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-887/2021

23.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-887/2021 23.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evə köçürülmə, evin yardımçı sahələrindən və kommunal xidmətlərindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ilə müraciət edərək onun azyaşlı uşağı - 02.11.2010-cu il təvəllüdlü X3 ilə birlikdə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşadığı və onların istifadəsində olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi və evin yardımçı sahələrindən (hamam- tualetdən), həmçinin, evin kommunal xidmətlərindən (qaz, işıq və sudan) istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh2 iddiaçının həyat yoldaşı, Cavabdeh1 qayınatası, Cavabdeh3 isə qayınanasıdır. İddiaçı Cavabdeh2 ilə 21 oktyabr 2008-ci il ildə qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə 02.11.2010-cu il doğum tarixli X3 adında bir övladları anadan olmuşdur. Uşağın atalığı müəyyən edilmişdir. Cavabdeh2 ilə iddiaçının 21.10.2008-ci ildə toyları olduqdan sonra həmin gün cavabdehlərin yaşadığı və onların sahibliyində və istifadəsində olan, Gədəbəy rayonu Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ev ikimərtəbəli olmaqla birinci mərtəbə 3 otaqdan, ikinci mərtəbə isə 4 otaqdan ibarətdir. Evin hər iki mərtəbəsində yaşayış üçün tam şərait vardır. İddiaçı 2020-ci ilin mart ayının sonuna kimi həmin evdə yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmışlar. Aralarında olan narazılığa görə cavabdehlər iddiaçı 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində iddiaçını evdən çıxarmışlar. Hazırda yaşamağa yeri yoxdur. Ona görə də, iddiaçı azyaşlı uşağı ilə birlikdə cavabdehlərə məxsus evə köçürülməsini istəyir. Həmçinin hesab edir ki, iddiaçının həmin mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ vardır. Ona görə də, hesab edir ki, həmin evə köçürülməli, evin yardımçı sahələrindən, qaz, işıq və sudan, istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Odur ki, iddia tələbini təmin edilməsini istəyir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddia tələbini etiraf edərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. Digər cavabdehlər Cavabdeh2 onun oğlu, Cavabdeh3 isə həyat yoldaşıdır. İddiaçı ilə oğlu 2008-ci il tarixdə qeyri-rəsmi olaraq evlənmişlər. Aralarında rəsmi nikah olmamışdır. İddiaçı həmin vaxtdan onlara məxsus evə gəlin köçmüşdür. Onlar bir ailə olaraq həmin evdə yaşamışlar. O, iddiaçının azyaşlı uşağı ilə birlikdə evə köçürülməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 02.11.2010-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında Cavabdeh2, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02.11.2010-cu il tarixdə anadan olmuş Cavabdeh2 atası hesab edilmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsusluğu mübahisələndirilmir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 2008-ci il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki qanunvericilik Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı onunla ev sahibi arasında heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Həmçinin cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin, məhkəmə fərdi yaşayış evinin yardımçı tikililərdən və evin kommunal xidmətlərindən istifadə etməsinə dair tələbinə münasibət bildirərək, onu qeyd edir ki, iddiaçı cavabdehlərlə bərabər vəziyyətdə fərdi yaşayış evindən yaşamaq üçün istifadə edərkən, o, yaşamaq ehtiyaclarını təmin etmək üçün evin yardımçı sahələrindən, yəni hamam və tualetdən və evin kommunal xidmətləri olan qaz, işiq, və sudan istifadə etməkdə cavabdehlərlə eyni bərabər imkanlara malik olmalıdır. Əks halda tərəflər arasında ədalətli balans prinsipi pozulmuş olardı ki, bu da iddiaçının gələcəkdə mübahisəli fərdi yaşayış evində yaşaması imkanını çətinləşdirərdi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yardımçı sahələrdən və evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı uşağı- 02.11.2010-cu il təvəllüdlü X3 ilə birlikdə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşadığı və onların istifadəsində olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməli və cavabdehlər tərəfindən iddiaçının azyaşlı uşağı ilə birlikdə evin yardımçı sahələri olan hamamdan, tualetdən, evin kommunal xidmətləri olan qaz, işıq və sudan istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşağı - 02.11.2010-cu il təvəllüdlü X3 ilə birlikdə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşadığı və onların istifadəsində olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülsün və cavabdehlər tərəfindən iddiaçının azyaşlı uşağı ilə birlikdə evin yardımçı sahələri olan hamamdan, tualetdən, evin kommunal xidmətləri olan qaz, işıq və sudan istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar