Məhkəmə qərarları › İş №2(042)-922/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-922/2025

21.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-922/2025 21.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xx.xx.2025-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Dövlət tərəfindən ailəmizə ayrılmış 1,19 ha torpaq sahəni bələdiyyə tərəfindən ailə üzvümüzə tanıdılmasına, eyni zamanda həmin torpaq sahəsinə əmlak daşınmaz tərəfindən çıxarış verilməsinə dair qətnamə qəbul edəsiniz.” Aşağıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Hazırkı iddia üzrə cavabdeh (Cavabdeh) inzibati orqandır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə və “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanı kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia ilə inzibati hüquq münasibəti ilə bağlı mübahisə qaldırılmışdır. İddia, növünə görə məcburetmə haqqında iddiadır. Hazırkı iş üzrə irəli sürülmüş iddiadan görünür ki, iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması inzibati orqanlardan tələb edir. Əslində publik hakimiyyətin daşıyıcısı olan yerli icra hakimiyyəti orqanı tərəfindən hər hansı şəxsə torpaq sahəsinin verilməsi üçün həmin orqan tərəfindən bu barədə inzibati akt qəbul olunmalıdır. Əgər həmin orqan belə aktın (iddiaçının arzuladığı inzibatı aktın) qəbulundan imtina edərsə, yaxud həmin orqanın hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməzsə iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldıra bilər. Lakin iddiaçı qeyd olunan orqana onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün müraciət etməyib, birbaşa məhkəməyə müraciət edib. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizənin qəbul edilməsinən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddiaçı iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə inzibati məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar