Məhkəmə qərarları › İş №2(042)-935/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-935/2022

17.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-935/2022 17.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Şəmkir X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli, 55/K saylı işdən azad olunma əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə aparılmasına dair məhkəməyə ərizə verərək, onun işdən azad olunması barədə X12 və Bərpası Müəssisəsinin direktoru R.C.Həsənovun xx.xx.2013-cü il tarixli, 38 nömrəli işdən azad olunma əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Gədəbəy rayon MM və Bərpası müəssisəsinin direktoru V.Nəbiyevin xx.xx.2008-ci il tarixli 60 №-li əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 14 may 2013-cü il tarixədək işləmişdir. Meşə müəssisəsinin direktorunun dəyişdirilməsi ilə əlaqədar olaraq xx.xx.2013-cil il tarixdə müəssisənin direktoru vəzifəsində işləmiş R.Həsənov tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən 38 №-li əmrlə o işdən azad edilmişdir. Yenidən o işə bərpa ilə bağlı X14 Təsərrüfatı Mərkəzinin direktoruna ərizə ilə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə 4/22 saylı əmrlə o Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 2020-ci ilin aprel ayının 23-ə kimi qüsursuz olaraq işləmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir irad və töhmət almamışdır. Həmişə rəhbərlik tərəfindən işinə görə iclaslarda təriflənmiş və rəhbərliyin hörmət və ehtiramını qazanmışdır. Rəhbərlik tərəfindən ona verilmiş xasiyyətnamədə bu öz əksini tapmışdır. Həmin vaxt onun işdən azad olunmasının əsas səbəbi olaraq onun 2013-cil il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olması olmuşdur. Ona müəssisənin sabiq direktoru İ.Əliyev bildirmişdir ki: “müvəqqəti olaraq sən öz ərizənə əsasən işdən çıx və sənin yerinə oğlunu qoyaq, yenidən səni öz əvvəlki iş yerinə bərpa edərik”. Beləcə də onlar razılaşmış və xx.xx.2020-ci il tarixdə 55/K saylı əmrlə o işdən azad olunmuşdur. Lakin bugünkü günədək o işlə təmin olunmamışdır. Sabiq meşə direktoru dolayısı ilə onu aldatmışdır. Onun 2013-cü ildə qəbul edilmiş əmrdən xəbəri olmamışdır. 2022-ci ilin iyul ayında yenidən iş düzəlmək üçün X14 Təsərrüfatı Mərkəzinə müraciət edərkən ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğu bildirilmişdir. Onda bilmişdir ki, keçmiş X12 və Bərpası Müəssisəsinin direktoru onu qərəzli olaraq işdən azad etmişdir. O, heç bir kobud pozuntuya yol verməmiş, həmçinin işdən azad olunarkən çağırılmamış, izahatı alınmamışdır. Onun həmin əmrdən ümumiyyətlə xəbəri olmamışdır. Ona sadəcə işdən çıxarıldığı bildirilmişdir. Qeyd olunanlara əsasən, hesab edir ki, onun işdən azad olunması barədə xx.xx.2013-cü il tarixli, 38 saylı işdən azad olunma əmri ləğv edilməli və o əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunmalıdır. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh X14 Təsərrüfatı Mərkəzinin direktoru Asil Nəbiyev tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 27/09/18 saylı məktubla onun əmək müqaviləsinə xitam verildiyi və onun işlə təmin olunmasının mümkün olmaması bildirilmişdir. Ona görə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişlər. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə mediator Anar Hacıyev tərəfindən arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin o, işdə azad olunarkən əmrin surəti ona təqdim edilməmiş və əmək kitabçası onda olmamışdır. O, işə bərpa edilməsi ilə bağlı iddia müddətini hüquqi savadsızlığı ilə əlaqədar vaxtında iddia qaldıra bilmədiyinə görə ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatı verərək bildirdi ki, o, əməyin mühafizəsi üzrə baş mütəxəssis vəzifəsində işləyir. İddiaçı əmək müqaviləsinə X14 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli № 55/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən səhhəti ilə əlaqədar öz xahişi ilə xitam verilmişdir. Eyni zamanda 2013-cü ildə isə X12 və Bərpası Müəssisəsinin 14 may 2013-cü il tarixli 38 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də, onlar İddiaçı işə bərpa edilməsinə razı deyildir və İddiaçı işə bərpa edilməsinə heç bir əsas yoxdur. İddiaçı işdən azad edilməsi qanuna müvafiq qaydada həyata keçrilmişdir. X14 Təsərrüfatı Mərkəzində 14 may 2013-cü il tarixli 38 saylı əmrin surətinin iddiaçıya təqdim edilməsinə dair heç bir sənəd yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Plankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 206 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 02 nömrəli təsərrüfatbaşına kitabın 138-ci şəxsi hesab nömrəsinə əsasən, Plankənd kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda ərazidə yaşayır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzi tərəfindən 14 mart 2022-ci il tarixli, 48 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X14 X3 meşəbəyliyində meşə gözətçisi vəzifəsində işəmişdir. Aylıq əmək haqqı 415 manat olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzinin xx.xx.2013-cü il tarixli, 38 №-li əmrinin təsdiq edilmiş surətindən görünür ki, Əliyev X7 Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X12 və Bərpası Müəssisəsinin həmkarlar ittifaqı komitəsinin xx.xx.2013-ci il tarixli, 11 saylı iclasının protokolunun təsdiq edilmiş surətindən görünür ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında aparılmış yoxlama müzakirə olunmuş və meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. İşdə olan 12 may 2013-cü il tarixli aktın surətindən görünür ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında yoxlama aparılmış və nəzarəti yoxlamanın çöl hesabat həcm-hesablama və qiymətləndirmə cədvəli akta əlavə olunmuşdur. İşdə olan X12 və X4 meşəbəyliyinin 10 saylı meşə dolayısının 38-39-46-47 saylı kvartalında 12 may 2013-cü il tarixdə aparılmış nəzarəti yoxlama zamanı aşkar edilmiş özbaşına qırıntıların həcm-qimyət cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, meşə fonduna 283.60 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli, 55/k №-li əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Mərkəzin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşdə olan X14 X2 İttifaqı Komitəsinin və Gədəbəy RİHB-nin Plankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, İddiaçı iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan İddiaçı aid AZE № ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli 60 №-li əmrlə Qalakənd Meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü il tarixli, 38 №-li əmrlə Müəssisənin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi vəzifəsindən əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X14 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 09 oktyabr 2022-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə X14 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli № 55/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən səhhəti ilə əlaqədar öz xahişi ilə xitam verilmişdir. Eyni zamanda 2013-cü ildə isə X12 və Bərpası Müəssisəsinin 14 may 2013-cü il tarixli 38 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan “Mediasiya şurası” Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər mübahisəyə dair prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər və bu barədə İddiaçı arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd edilən normalarına əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşçi hüququnun pozulduğunu aşkar edildiyi gün - isə işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün və işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə iclasında müəyyən edildi ki, işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2013-cü il tarixli, 38 nömrəli əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi günü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, eləcə də, X14 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X8 bunu təsdiq edən hər hansı sənədin olmadığını bildirmişdir. Belə olan halda məhkəmə iddiaçının işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi müddətini buraxılmamış hesab edir. İşin mübahisələndirilməyən faktiki hallarından aydın olur ki, Əliyev X10 Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru V.Nəbiyevin xx.xx.2008-ci il tarixli 60 №-li əmr ilə Qalakənd Meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Həmin Müəssisənin R.C.Həsənovun xx.xx.2013-cü il tarixli, 38 №-li əmri ilə iddiaçı müəssisənin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi vəzifəsində əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq o, qanunsuz olaraq işdən azad edildiyini iddia etmiş və işdən azad edilməsinə dair verilmiş əmrin ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM-in) 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinin xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydaları və əsasları ƏM-in 69-cu maddəsi (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) və 70-ci maddəsi (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə tənzminlənir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı işəgötürən X12 və Bərpası Müəssisəsinin (indiki X14 Təsərrüfatı Mərkəzi) xx.xx.2013-cü il tarixli, 38 №-li əmri əsasında, yəni işəgötürənin təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işçi ilə bağlanmış müqaviləni ləğv etmək üçün, ƏM-in 70-ci maddəsində sadalanan yuxarıdakı şərtlərdən birinin olması tələb olunur. Həmin maddədə sadalanan şərtlərdən biri də “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı gözətçisi olduğu Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında X12 və Bərpası Müəssisəsi tərəfindən 12 may 2013-cü il tarixdə nəzarəti yoxlama aparılmış və yoxlamanın nəticəsində İddiaçı meşə gözətçisi işlədiyi müddətdə qanunsuz qırıntılara yol verilməsi nəticəsində meşə fonduna 283.60 manat məbləğində ziyan vurması aşkar edilmişdir. Bundan sonra X12 və Bərpası Müəssisəsinin həmkarlar ittifaqı komitəsinin xx.xx.2013-ci il tarixli iclasında Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında aparılmış yoxlama müzakirə olunmuş və meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli, 38 №-li əmrin verilməsi əsas kimi də yoxlama aktı və həmkarlar ittifaqının iclasının protokolu göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin maddənin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı meşə gözətçisi kimi işlədiyi zaman meşə fonduna ziyan dəyməsinə görə töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək kimi nisbətən daha yüngül intizam tədbirləri görülmədən, onun daha ağır intizam tədbiri olan Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İddiaçı şəxsiyyəti, iş yeri üzrə müsbət xarakterizə olunması və işində yol verdiyi nöqsanın dərəcəsi nəzərə alınmadan, nisbətən daha yüngül intizam tədbirləri görülmədən və ya ona yazılı xəbərdarlıq edilmədən Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ədalətli deyildir və bu hal işçinin əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin vəzifələrindəndir. Həmin Məcəllənin 12-ci maddəsinin 2-ci maddəsinə əsasən, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd edilən normalarına əsasən, işəgötürən tərəfindən Əmək Müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin əmək müqaviləsi ləğv edilərkən müəssisə rəhbərliyi tərəfindən yazılı təqdimatla müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət olunmalı və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı, eləcə də, işəgötürən tərəfindən intizam tənbehi verilməmişdən əvvəl işçidən yazılı izahat verməsi tələb olunmalı, izahatı alınmalı, işçi izahat verməkdən imtina etdiyi təqdirdə isə bu rəsmi qaydada sənədləşdirilməlidir. Lakin, İddiaçı əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının iclası təşkil olunaraq razılığı alınsa da, həmin iclas barədə İddiaçı məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və iclas onun iştirakı olmada keçirilmişdir. Eləcə də, işəgötürən tərəfindən həmkarlar ittifaqına hər hansı yazılı təqdimat verilməmişdir. Göründüyü kimi həmkarlar ittifaqı təşkilatının iclası İddiaçı işdən azad edilməsi üçün formal olaraq təşkil edilmişdir. Bundan başqa iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla işdən azad edilmişdir. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X12 və Bərpası Müəssisəsinin direktoru R.C.Həsənovun xx.xx.2013-cü il tarixli, 38 №-li nömrəli əmri Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri kobud pozulmaqla verildiyindən qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə (əmək müqaviləsinə xitam verilməsinə) dair X12 və Bərpası Müəssisəsinin direktoru R.C.Həsənovun xx.xx.2013-cü il tarixli, 38 №-li əmri qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi işinə bərpa edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar