Məhkəmə qərarları › İş №2(042)-964/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-964/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-964/2023 31.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi İsə oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi İsə oğlunun Maraqlı şəxsna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İsə oğlu Maraqlı şəxsna qarşı mərhum atası X4 miras qalmış Gədəbəy rayonu, Düz Rəsullu kəndində yerləşən A 120850 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2992.82 kvm həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi İsə oğlunun nümayəndəsi Vəkil ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X13 ərizəçinin atasıdır. Ərizəçinin atası X13 anası X11 ilə 1955-ci ildə qeyri-rəsmi ailə qrumuş, nikahlarını xx.xx.1963-cü ildə rəsmiləşdirmişlər. Onların dörd övladı olmuşdur: Ərizəçi İsə oğlu, X19, X6 və X27. X13 xx.xx.2012-ci ildə, anası X11 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Eləcə də qardaşı X27 xx.xx.2021-ci ildə vəfat etmişdir. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Gədəbəy rayonu, Düz Rəsullu kəndində ərizəçinin atasına 2992.82 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair atasının adına A № 120850 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Ərizəçinin atası ozünə məxsus 2992.82 kv.m həyətyanı torpaq sahəsində 1976-cı ildə fərdi yaşayış evi tikdirmişdir. Evin ümumi sahəsi 112 kvm-dir. Eləcə də evin yardımçı sahələri kimi tövlə və çardaq vardır. Fərdi yaşayış evinin mövcudluğu barədə Gədəbəy rayonu Düz Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 284 nömrəli arayışı ərizəyə əlavə edirəm. Ərizənin atası X13 ölən günədək Gədəbəy rayonu, Düz Rəsullu kəndində yaşamışdır. Ona ərizəçi baxmış, ehtiyaclarını ödəmişdir. Atasının həm sağlığında, həm də ölümündən sonra onun təsərrüfatını, yəni evi və torpaq sahəsini ərizəçi idarə etmiş, əmlaka faktiki olaraq, sahiblik etmişdir. Atasının vəfatından sonra onun bütün dəfn xərclərini çəkərək, onu dəfn etdirmişdir. Atasının ölümündən sonra da ondan qalmış evə və torpaq sahəsinə sahiblik etməklə mirası faktiki qəbul etmişdir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Ərizəçinin sağ olan qardaşı X19, bacısı X6, eləcə də vəfat etmiş qardaşı X14 arvadı X9, övladları X15 və X20 mərhum X5 miras qalmış əmlakın ərizəçi tərəfimdən qəbul edilməsinə heç bir etiraz etmirlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş və səbəbləri barə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə almaqla, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesa etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi atası İsə Zeynalovdan miras qalmış torpaq sahəsi və evi idarə etmişdir. Digər vərəsələr həmin əmlakdan istifadə etməmişlər və mirasla əlaqədar vərəsələr arasında mübahisə yoxdur. Məhkəmə iclasında şahid X16 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X1 surətindən görünür ki, X17 və X18 18 aprel 1963-cü il tarixdə nikah bağlamışlar.Nikah bağladıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. İşdə olan X3 surətindən görünür ki, X17 14 iyun 2012-ci ildə ölmüşdür. İşdə olan X3 görünür ki, X12 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi İsə oğlu xx xxxxx 1963-cü il tarixdə doğulmuş, atası qrafasında X17, ana qrafasında isə X12 qeyd edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli 02 saylı qərarı ilə X10 Gədəbəy rayonu, Düz Rəsullu kənində 2992.82 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Arayışdan görünür ki, Gədəbəy rayonu, Düz Rəsullu kəndində X10 adına 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi, tövlə və çardaq olmuşdur. İşdə olan Ərizələrdən görünür ki, X19, X6, X21, X22 və X23 mirasdan imtina etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizənin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur.Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin atası X8 qanuni sahibliyində Gədəbəy rayonu, Düz Rəsullu kəndində həyətyanı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyət hüququnun gözləntisi prinsipinə əsasən əmlak onun mülkiyyətində olmuş və miras aktivinə daxil olmuşdur. Ərizəçi miras açıldıqdan sonra miras qalmış əmlakı qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmiş və mirasdan imtina etmişlər. Ona görə də ərizə təmin edilməli, Ərizəçi İsə oğlu tərəfindən atası X4 miras qalmış Gədəbəy rayonu, Düz Rəsullu kəndində yerləşən A 120850 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2992.82 kvm həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İsə oğlu tərəfindən atası X4 miras qalmış Gədəbəy rayonu, Düz Rəsullu kəndində yerləşən A 120850 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 2992.82 kvm həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar