Məhkəmə qərarları › İş №2(042)-973/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-973/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-973/2024 25.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ona məxsus fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2008-ci il doğum tarixli X3 və xx.xx.2010-cu il doğum tarixli X4 istifadə hüquqlarına xitam verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh onun keçmiş gəlini olmuşdur. X2 və cavabdeh 2007-ci ildə ailə qurmuşlar. Onların ailə münasibətlərindən 20 mart 2008-ci il tarixdə X6 və 05 dekabr 2010-cu il tarixdə X9 doğulmuşlar. Cavabdeh 2009-cu ildə evdən getmiş, ailəsi ilə birlikdə kirayəyə götürdükləri evdə, Gədəbəy şəhərində yaşamışdır. 2012-ci ildə isə cavabdehlə oğlu arasında olan nikah pozulmuşdur. Cavabdeh və onun övladları 2009-cu ildən ona məxsus evdə yaşamamışlar. Yəni, cavabdeh və uşaqlarının ona məxsus evə istifadə hüquqları olmamışdır. Buna baxmayaraq, cavabdehin uşaqları ona məlumat verilmədən və razılığı olmadan ona məxsus evə qeydiyyata alınmışlar. Halbuki, Hüseyn, cavabbdeh ona məxsus evdən köçdükdən sonra, yəni, 2010-cu ildə doğulmuşdur. Cavabdehin uşaqlarının ona məxsus evdə qeydiyyatda olmaları, onun sosial hüquqlarının təmin edilməsinə maneçelik yaradır. Belə ki, o, tək ahıl qadındır və himayəçiyə ehtiyacı var. Oğlu xəstədir və qulluğa ehtiyacı var. Lakin nəvələri yanında qeydiyyatda olduqları üçün ona himayədar təyin etməkdəm imtina edilir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həqiqətən iddiaçının oğlu ilə 2007-ci ildə ailə qurmuşdur. Ailə münasibətlərindən 20 mart 2008-ci il tarixdə X6 və 05 dekabr 2010-cu il tarixdə X9 doğulmuşlar. O, iddiaçının oğlu ilə bir müddət Gədəbəy şəhərində kirayəyə götürdükləri evdə yaşamışdır. 2012-ci ildə isə iddiaçının oğu ilə arasında olan nikah pozulmuşdur. Özü hazırda nənəsinə məxsus evdə qeydiyyatdadır və həmin evdə uşaqlarla birlikdə yaşayır. Lakin uşaqları evə qeydiyyata salmaq mümkün deyildir. Uşaqların iddiaçıya məxsus evdə qeydiyyatda olmaları təhsil almaları üçün zəruridir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə İddiaçı mülkiyyət hüququ 03 iyul 2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Arayışdan görünür ki, X10, X9 və X1 Elmira İsmayıl qızına məxsus yaşayış evində qeydiyyatdadırlar. İşdə olan X7 Şəhadətnamənin Surətindən görünür ki, X10 ilə Cavabdeh arasında olan nikah 17 mart 2012-cü il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. İşdə olan X8 surtələrindən görünür ki, X6 20 mart 2008-ci il tarixdə, X9 05 dekabr 2010-cu il taixdə doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində İddiaçı mülkiyyətində həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi vardır. Cavabdeh iddiaçının gəlini olmuş, o, 2009-cu ilə qədər cavabdehə məxsus evdə yaşamış, sonra könüllü olaraq, evdən getmiş, iddiaçının oğlu ilə kirayəyə götürdükləri evdə yaşamışdır. Onların ailə münasibətlərindən 20 mart 2008-ci il tarixdə X6 və 05 dekabr 2010-cu il taixdə X9 doğulmuşlar. 17 mart 2012ci il tarixdə cavabdehlə iddiaçının oğlu arasında olan nikah pozulmuşdur. Cavabdeh özü hazırda Gədəbəy şəhərində nənəsinə məxsus evdə yaşayır və həmin evdə qeydiyyatdadır. Lakin cavabdehin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının mülkiyyətində olan evdə qeydiyyadadırlar. Halbuki, X6 həmin evdə qısa müddətdə yaşamış, X9 isə həmin evdə heç vaxt yaşamamış və onların evə istifadə hüquqları yaranmamışdır. Cavabdehin yetkinlik yaşına çatmayan övladlarının iddiaçının mülkiyyətində olan evə istifadə hüquqlarının olmamasına baxmayaraq, həmin evdə qeydiyyada olmaları iddiaçının mülkiyyət və sosial hüquqlarını məhdudlaşmasına, ahıl yaşda olan iddiaçıya himayədar təyin edilməsinə maneçelik yaradır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlərin iddiaçının mülkiyyətində olan qeydiyyatda olmaları ilə əlaqədar olaraq, formal istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 20 mart 2008-ci il tarixdə doğulmuş X6 və 05 dekabr 2010-cu il taixdə doğulmuş X4 İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar