Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-979/2020 27.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh Emilyanovnaya qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Emilyanovna qarşı 1992-ci il tarixdə Cavabdeh Emilyanovna ilə aralarında Gədəbəy rayonunun Novosaratovka kəndində inşa edilmiş ümumi sahəsi 88 kv.m olan fərdi yaşayış evinin və 0,30 ha həyətyanı torpaq sahəsinin (sadə razlaşma əsasında) alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, iddiaçı 1992-cu il tarixdə sabiq Novosaratovka kənd sakini Cavabdeh Emilyanovnaya məxsus fərdi yaşayış evini və ona məxsus olan 0,30 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu (qonşuluq aktı əsasında) ilə 19500 manata almışdır. 1992-ci il tarixdən həmin fərdi yaşayış evində yaşamaqla həmin evdə abadlıq işləri aparmışdır. Ev və həyətyanı torpaq sahəsi Cavabdeh Emilyanovnanın adına olduğu üçün Novosaratovka kənd lƏD-üzrə nümayəndəliyində onun adına rəsimləşdirilməmiş, həmin evi Cavabdeh Emilyanovnadan alarkən rəsmi qaydada, yəni, notariat kontorunda alğı-satqı müqaviləsi bağlamamışdır. Cavabdeh Emilyanovna 1992-ci il tarixdən Rusya Fedrasiyasına getmişdir. Bu səbəbdən aralarında alğı-satqı müqaviləsi bağlanılmamışdır. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Emilyanovnaya məhkəmə iclasının yeri və vaxtı barədə onun məlum olan axırıncı yaşayış yerinə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, İddiaçı 1992-cu il tarixdə sabiq Novosaratovka kənd sakini Cavabdeh Emilyanovnaya məxsus fərdi yaşayış evini və ona məxsus olan 0,30 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu (qonşuluq aktı əsasında) ilə 19500 manata almışdır. İddiaçı 1992-ci il tarixdən həmin fərdi yaşayış evində yaşamaqla evdə abadlıq işləri aparmışdır. Həmin ev və həyətyanı torpaq sahəsi Cavabdeh Emilyanovnanın adına olduğu üçün həmin evi və təsərüfatı Novosaratovka kənd lƏD-üzrə nümayəndəliyində onun adına rəsimləşdirilməmiş, həmin evi Cavabdeh Emilyanovnadan alarkən rəsmi qaydada yəni notariat kontorunda alğı-satqı müqaviləsi bağlamamışdır. Həmçinin bildirmişdir ki, 1990-cı ildən sonra cavabdeh Azərbaycandan çıxıb getmişdir. Ona görə də alğı satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında X9 və X13 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Arxiv Arayışından görünür ki, Cavabdeh Emilyanovnanın adına 0.25 ha torpaq sahəsi və 1967-ci il tarixdə tikilmiş, ümumi sahəsi 40 kv.m olan mənzil qeyd edilmişdir. İşdə olan xx xxxxxx 1992-ci il tarixli Aktın surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kənd sakinləri X5, X10, X3, X7, X6 və X1 iştirakları ilə X4 iki otaqlı şəxsi evi 19500 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə, hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatındadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Eləcə də həmin torpaq sahəsi ilə əlaqədar Gədəbəy Rayonu, Novosaratovka kənd icra nümayəndəliyinin təsərrüfütbaşına kitabında Cavabdeh Emilyanovnanın adına qeydlər aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə cavabdehin Cavabdeh Emilyanovnanın 1996-cı il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirilməlidir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Cavabdeh Emilyanovnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və 40 kv.m fərdi yaşayış evinin alğı-satqısına dair xx xxxxxx 1992-cü ildə sadə şifahi formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və fərdi yaşayış evini 19500 manata iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və 40 kv.m fərdi yaşayış sahəsini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun yayınması mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Cavabdeh Emilyanovnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 40 kv.m fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmiş, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin şifahi formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Məhkəmə sübutlara qiymət verərkən İddiaçı ilə Cavabdeh Emilyanovna arasında bağlanmış əqdə istinad edir və belə nəticəyə gəlir ki, Cavabdeh Emilyanovnaya məxsus 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 40 kv.m fərdi yaşayış evi alğı-satqı müqaviləsinə əsasən İddiaçı istifadəsinə keçmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, 1992-ci il tarixdə İddiaçı ilə Cavabdeh Emilyanovna arasında Gədəbəy rayonunun Novosaratovka kəndində inşa edilmiş ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evinin və 0,25 ha həyətyanı torpaq sahəsinin (sadə razlaşma əsasında) alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. 1992-ci il tarixdə İddiaçı ilə Cavabdeh Emilyanovna arasında Gədəbəy rayonunun Novosaratovka kəndində inşa edilmiş ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evinin və 0,25 ha həyətyanı torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-979/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-979/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver