Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-98/2024 21.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə JN-311 KOD 50507018 saylı Dövlət aktı əsasında verilmiş ümumilikdə 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvülərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə JN-311 KOD 50507018 saylı Dövlət aktı əsasında ümumilikdə 0.63 ha əkin və biçənək sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun müddətdir ki, cavabdehlər tərəfindən tutularaq istifadə edilir. Cavabdehlərə onlara məxsus olan torpaq sahəsini könüllü olaraq boşaltmalarını təklif etsə də bu mümkün olmamışdır. O, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin mühəndisi tərəfindən Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin kordinantları göstərilərək onlara təqdim olunmuşdur. O, həmin aktı iddia ərizəsinə əlavə etmişdir. Lakin buna baxmayaraq cavabdehlər onlara məxsus olan torpaq sahəsini boşaltmaqdan imtina edirlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, torpaq islahatı zamanı ona ayrılmış torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi deyildir. İddiaçıya məxsus torpaq sahəsi ona məxsus torpaq sahəsindən uzaqda yerləşir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN -311, KOD 50507018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 0.63 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyətində olan torpaq sahəsinin 0.1148 ha-dək hissəsi Cavabdeh1 tərəfindən, 0.30 ha-dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyətində olan torpaq sahəsinin 0.1148 ha-dək hissəsi Cavabdeh1, tərəfindən 0.30 ha-dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin ərazinin faktiki vəziyyətdə 0.1148 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0.30 ha hissəsinin Cavabdeh2 tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, eləcə də ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 0.63 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN -311, KOD 50507018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İş materiallarında ekspert və mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyətində olan torpaq sahəsinin 0.1148 ha-dək hissəsi Cavabdeh1, tərəfindən 0.30 ha-dək hissəsi Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Bu da onu göstərir ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında ona məxsus olan 0.63 ha torpaq sahəsinin 0.1148 ha hissəsindən Cavabdeh1, 0.30 ha hissəsindən isə Cavabdeh2 məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş, JN - 311, KOD 50507018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.63 ha torpaq sahəsinin 0.1148 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 və 0.30 ha hissəsindən Cavabdeh2 (istifadə etdiyi hissəsindən) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş, JN -311, KOD 50507018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.63 ha torpaq sahəsinin 0.1148 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh1 və 0.30 ha hissəsindən Cavabdeh2 (istifadə etdiyi hissəsindən) çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-98/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-98/2024
21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver