Məhkəmə qərarları › İş №2(042)-980/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-980/2021

29.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-980/2021 29.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 22.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 0.27 ha torpaq sahəsindən, eləcə də həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 22.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 91.4 kv.m olan fərdi yaşayış evi və 0.27 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ evə tam pay, torpaq sahəsi isə hər üç iddiaçının adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hazırda evdə onlar yaşayırlar. Cavabdeh1 övladıdır. O, ailəlidir və üç qız övladı vardır. Hazırda ümumi mülkiyyət hüququ ilə onlara məxsus olan 0.27 ha torpaq sahəsində cavabdehə 1 otaqdan və kiçik mətbəxdən ayrıca ev tikmişdir. Ev tövləsinə bitişikdir. Oğlu və onun ailə üzvləri həmin evdə yaşayır. Son vaxtlar cavabdehlər onlarla münaqişələr yaradır, onları söyüb təhqir edir, rahat yaşamağa imkan vermir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçılar onun valideynləri və bacısıdır. O, iddiaçılara məxsus edə doğulmuş, orada böyümüşdür. O, 2000-ci il tarixdə evləndikdən sonra valideynlərinə məxsus torpaq sahəsində özünə bir otaqlı fərdi yaşayış evi tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Sonradan tikilmiş və ailəsi ilə birlikdə yaşadığı ev ona məxsusdur. O, çobanlıq edərək, həmin evi birtəhər tikdirmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında eyniməzmunlu izahat vermiş və iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 91.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1 qızına, 0.27 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüququ 22.06.2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan X1 surətindən görünür ki, Cavabdeh1 və X3 25.09.2013-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mürsəlova soyadı verilmişdir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 övladıdır. O 1968-ci il tarixdə iddiaçılara məxsus fərdi yaşayış evində doğulmuş, orada böyümüşdür. İkinci Cavabdeh2 Cavabdeh1 ilə ailə qurmuş, cehiz əmlakı ilə birlikdə iddiaçılara məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 övladı olmuş, o, 1968-ci il tarixdə iddiaçılara məxsus fərdi yaşayış evində doğulmuş, orada böyümüşdür. İkinci Cavabdeh2 Cavabdeh1 ilə 2000-ci il tarixdə ailə qurmuş, cehiz əmlakı ilə birlikdə iddiaçılara məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evə köçmüşdür. İddiaçıların Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə 22.06.2020-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin iddiaçılara məxsus torpaq sahəsində cavabdehlər özlərinə məxsus 1 otaqdan və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmişlər. Cavabdehlər orada yaşamış, öz övladlarını orada böyütmüşlər. İddiaçılar həmin evin onlar tərəfindən tikilərək cavabdehlərə verilməsini bildirsələr də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyi üçün işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar