Məhkəmə qərarları › İş №2(043)-1059/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1059/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1059/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliy, İddiaçı nümayəndəsi (vəkili) X2, cavabdeh Quliyeva (Şükürova) Aynurə Fazil qızının nümayəndəsi (vəkili) X5 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Quliyeva (Şükürova) Aynurə Fazil qızı və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınaraq mənzilə köçürülməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Quliyeva (Şükürova) Aynurə Fazil qızı və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınaraq mənzilə köçürülməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, məcburi köçkünlərin məskunlaşdırılması üçün salınmış 1500 ailəlik yaşayış massivi olan Yeni Qəsəbə, bina 6, mənzil 37-dən məcburi çıxarılması, himayəsində olan X16 və X6 mübahisəli mənzildən istifadə hüququ verilərək onların mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Qaçkınkomun xüsusi təyinatlı yaşayış sahələrinin 21.04.2014-cü il tarixli, 6/37 saylı kirayə müqaviləsinə əsasən kirayəçi kimi yoldaşı olmuş Cavabdeh1 və onun ailə üzvü kimi ona, iki uşağına və Vasifin anası X8 verilmişdir. Cavabdeh1 onun razılığı olmadan digər cavabdeh Aynurəni mənzilində yaşamasına icazə verir, uşaqları isə evə buraxmır. Ona görə də, Cavabdeh2 mübahisəli mənzildən çıxarılmalı, ona və iki uşağına mənzildən istifadə hüququ verilməklə Gəncə şəhəri, Yeni Qəsəbə, bina 6, 37 nömrəli mənzilə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçının başqa yaşayış yeri yoxdur, cavabdehin təqsirli hərəkətləri üzündən həmin mənzildən çıxarılmışdır. Gəncə şəhəri, Yeni Qəsəbə, bina 6, 37 nömrəli mənzildə qeydiyyatda olanların iradəsinə uyğun olmayaraq Cavabdeh2 köçürülmüşdür. Cavabdeh2 nümayəndəsi (vəkili) X19 oğlu iddianı qəbul etməyərək Aynurənin Vasiflə rəsmi nikahda olduğunu və onun ailə üzvü hesab edildiyini, kirayəçinin razılığına əsasən həmin mənzilə köçərək yaşadığını, iddiaçının uzun müddət həmin mənzildə yaşamadığını bildirdi. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı məcburi köçkün deyil, mübahisəli mülk dövlət tərəfindən onlara müvəqqəti olaraq yaşamaq üçün verilmişdir. Ona ev veriləcəyi təqdirdə mülkü təhvil verəcəkdir. Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və onun ailə üzvü hesab edildiyi üçün həmin mənzilə köçürmüşdür. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs qismində işə cəlb edilmiş AR Qaçqınların və X10 üzrə DK-nin Mənzil İstismar Departamentinin Gəncə Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, həmin qəsəbədə nəzarətçi vəzifəsində işləyir, sözügedən 1500 ailəlik yaşayış massivi olan Yeni Qəsəbə, bina 6, mənzil 37-də hazırda Cavabdeh1 və onunla rəsmi nikahda olan Cavabdeh2 yaşayırlar. İddiaçı Samirə məcburi köçkün deyil, himayəsində iki uşağı olduğundan mübahisəli mənzildən qeydiyyatdan çıxarılmamışdır. Mübahisəli mülk qaçkınkoma məxsus olduğundan həmin evlərə qeyriqanuni heç kimi köçürtmək olmaz, mənzili heç kim sata bilməz, mülk 108 kvm sahədən ibarətdir və 5 nəfərlik ailə üzvü üçün nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 02.02.2021-ci il tarixli, 1751 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri məcburi köçkünlərin məskunlaşdırılması üçün salınmış 1500 ailəlik yaşayış massivində, ailə üzvləri ilə birlikdə bina 6, mənzil 37-də müvəqqəti olaraq qeydiyyatdadır. Ailə tərkibi əri Cavabdeh1, qayınanası X15, oğlu X16 və qızı X4 ibarətdir. AZ-İİ seriyalı, 513039 nömrəli Kəlbəcər rayon Qeydiyyat şöbəsi və AZ-İ seriyalı, 943249 nömrəli Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 21.09.2010-ci il tarixdə, X16 09.07.2007-ci il tarixdə anadan ollmuşlar. Valideynləri-Cavabdeh1, anası İddiaçıdır. 21 aprel 2014-ci il tarixli, 6/37 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, məcburi köçkünlərin məskunlaşdırılması üçün salınmış 1500 ailəlik yaşayış massivində bina 6, mənzil 37 kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmiş, anası X15, arvadı İddiaçı, oğlu X16 və qızı X1 ailə üzvləridir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar Sahəsinin 27 may 2021ci il tarixli, 218 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Yeni Qəsəbə, bina 6, 37 nömrəli mənzilə dair müqavilə Dövlət qaçqınkomdadır. Həmin mənzildə müvəqqəti qeydiyyatda olan şəxslərin ailə üzvləri: Cavabdeh1, X15, İddiaçı, X16, X11. AZ-İİ seriyalı, 434610 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 10.06.2021-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından 21.09.2010-ci il tarixdə X11 və 09.07.2007-ci il tarixdə X16 anadan olmuşdur. Gəncə şəhəri, məcburi köçkünlər qəsəbəsi bina 6, 37 nömrəli mənzil 21.04.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 6/37 nömrəli kirayə müqaviləsi əsasında, yəni Samirə Şükürov və Cavabdeh1 nikahda olduqları dövrdə onların sahibliyinə və istifadəsinə verilmiş. Həmin müqavilədə iddiaçı Samirə, iki övladı və Cavabdeh1 anası Həcər Şükürova kirayəçinin ailə üzvü kimi qeyd olunmuş və məcburi köçkün olmaqla xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi əsasında Gəncə şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə 6 saylı binanın 37 saylı mənzilindən istifadə hüququ əldə etmişlər. Hazırda iddiaçı və himayəsində olan iki yetkinlik yaşına çatmayan övladının həmin mənzildən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən maneə yaradılır. Kirayə müqaviləsi ləğv edilmədiyindən və ona xitam verilməsi üçün əsaslar olmadığından iddiaçının və iki övladının həmin mənzildən istifadə hüququnun məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və iki övladı mübahisəli mənzilə köçürülməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cavabdeh Quliyeva (Şükürova) Aynurə Fazil qızının Gəncə şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə 6 saylı binanın 37 saylı mənzilindən çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə 10.06.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Tərəflər rəsmi nikah qeyd etdirdikdən sonra Cavabdeh2 Cavabdeh1 kirayə müqaviləsi əsasında verilmiş Gəncə şəhəri, məcburi köçkünlər qəsəbəsi bina 6, 37 nömrəli mənzildə onunla birlikdə yaşayır. Cavabdeh2 kirayəçinin ailə üzvü hesab olunduğundan onunla bərabər hüquq və vəzifələrə malikdir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan övladları- X11 və X16 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, məcburi köçkünlərin məskunlaşması üçün salınmış 1500 ailəlik yaşayış massivi olan Yeni Qəsəbə, bina 6, mənzil 37-yə köçürülməli, iddia tələbinin cavabdeh Quliyeva (Şükürova) Aynurə Fazil qızının qeyd edilən mənzildən çıxarılması hissəsində rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları- X11 və X16 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, məcburi köçkünlərin məskunlaşması üçün salınmış 1500 ailəlik yaşayış massivi olan Yeni Qəsəbə, bina 6, mənzil 37-yə köçürülsünlər. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar