Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-106/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı Karayılan (Nəsiyyəti) Kifayət Məhərrəm qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Karayılan (Nəsiyyəti) Kifayət Məhərrəm qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Karayılan (Nəsiyyəti) Kifayət Məhərrəm qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və buna dair hüquqları dövlət qeydiyyatından keçirmişdir. Cavabdehlər onun övladlarıdır və 2017-ci il tarixdə özlərinə daimi yaşayış yeri seçərək həmin evdən köçmüşlər. Onlar artıq 3 ildir ki, onun evində yaşamırlar. Bu səbəbdən onların iddiaçıya məxsus evdə istifadə hüquqlarının qalması onun iradəsinə ziddir və onun əmlakı üzərində sərəncamverici hüququnu pozur. Cavabdehlər Bakı şəhərinə köçmüş və hazırda onların yaşayış ünvanı barədə onun məlumatı yoxdur. Bu baxımdan cavabdehləri tapa bilmədiyindən, onların evində istifadə hüquqlarının itirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh2 ona məxsus evdə yaşasa da, digər Cavabdeh1 isə uzun zamandır həmin evdə yaşamır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 1998-ci ildən anası İddiaçı məxsusdur. O, həmin ev alındıqdan sonra ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. O, 2014-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş və 2016-cı ilə qədər həyat yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Hal-hazırda Gəncə şəhərində yerləşən Kəlbəcər qəsəbəsində, ailəsi ilə birlikdə yaşayır. Buna səbəb anasının onunla daim mübahisə etməsi və onun evdə yaşamasına imkan verməməsi olmuşdur. Hazırda ona məxsus bəzi əşyalar anasına məxsus evdə yerləşir. O, qeyd edilən ünvana anası ilə aralarında mübahisə olduğuna görə gedib qala bilmir. Anası imkan versə o ailə üzvləri ilə birlikdə həmin evə köçmək istəyər. Aralarında olan mübahisənin səbəbi anasının ona məxsus evi ikinci dəfə ailə həyatı qurduğu ərinin adına rəsmiləşdirmək istəməsi olmuşdur. O, isə buna etiraz edir və razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, 1998-ci ildən bu vaxta qədər anasına məxsus ünvan 1 ünvanda yerləşən evdə anası ilə birlikdə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Qardaşı Araz isə aradabir həmin evə gəlib-gedir. Anasının hazırki iddia ərizəsini verməsinin məqsədi onu və qardaşını evdən qeydiyyatdan çıxarmaqdır. O, evdən qeydiyyatdan çıxmağa etiraz etmir. Lakin, qardaşı Araz buna etiraz edir. Odur ki, iddainin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan X1 İnventarlaşdırma və MHQİ tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 03.07.1998-ci il tarixli 3M-2- 244 nömrəli alqı-satqı müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında Nəsiyyəti (Karayılan) Kifayət Məhərrəm qızı adına qeydə alınmış, reyestr kitabında 17282 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 685237 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanda İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1998-ci ildən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının övladları olmaqla, onunla birlikdə həmin evə köçərək, uzun müddət orada yaşamışlar. İddiaçı hazırda cavabdehlərin həmin evdə yaşamadıqlarını bildirərək, onların istifadə hüquqlarının itirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1998-ci ildə yarandığına görə, yəni cavabdehlər həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçüb yaşadıqlarına görə hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göstərilən qanunvericilik normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı uşaqları olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçmələri zamanı qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində evdə cavabdehlərin uzun müddət yaşamamalarını, onların yaşayış sahəsini tərk etmələrini və evə olan ehtiyaclarının aradan qalxmasını bildirərək, cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsini tələb etmiş olsa da, cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, onların yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən iddiaçı və Cavabdeh2 izahatlarında bildirmişdir ki, Cavabdeh2 bugünədək iddiaçıya məxsus evdə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Digər Cavabdeh1 isə bildirmişdir ki, o və ailəsi 2016-cı ilə qədər daimi olaraq mübahisəli evdə yaşamış, lakin anası ilə aralarında mübahisə yarandığından məcburiyyət qarşısında qalaraq evi tərk etmiş və həmin vaxtdan bugünədək həyat yoldaşının istifadəsinə verilmiş evdə yaşamışdır. Lakin, onun mübahisəli ev ilə əlaqələri kəsilməmişdir, ona məxsus əşyaların bir qismi hələ də sözegedən evdə qalmaqdadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 2016-cı ildən sonrakı müddətdə mübahisəli evdə daimi yaşamasa da, bu onun öz arzusu əsasında deyil, iddiaçı ilə aralarında olan mübahisəli vəziyyətə görə məcburiyyət qarşısında qalmasından irəli gəldiyindən, digər Cavabdeh2 isə bugünədək iddiaçıya məxsus evdə yaşaması müəyyən olunduğundan, eləcə də cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə Cavabdeh2 halhazıradək iddiaçıya məxsus evdə yaşadığından, Cavabdeh1 isə qeyri-rəsmi ailə həyatı qurduğu arvadının istifadəsinə verilmiş evdə müvəqqəti yaşadığından və iddiaçıya məxsus evə köçmək istədiyini bildirdiyindən, onların mübahisəli evdən istifadə hüquqları itirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhər Kəpəz rayonu, Vaqif küçəsi, 3-dalan, ev 3 ünvanında olan evin anaları İddiaçı mülkiyyətinə keçdiyi tarixdən sonra mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdikləri və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı yalnız cavabdehlərə kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Karayılan (Nəsiyyəti) Kifayət Məhərrəm qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-106/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-106/2022
06.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver