Məhkəmə qərarları › İş №2(043)-1082/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1082/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1082/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk onun mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olsalar da, lakin həmin ünvanda uzun illərdir ki, yaşamırlar. Onlar həmin mülkdə onun iradəsinə zidd olaraq pasport qeydiyyatında olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. ünvan 2 ünvanında yerləşən mülk xx.xx.2020-cı ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış üzrə qeydiyyat haqqında” ******* saylı arayışını xx.xx.2021 -ci il tarixdə alanda məlum olmuşdur ki, qeydiyyatda olan şəxslər içərisində onun mülkünün əvvəlki sahibi və ailə üzvüləri onun mülkyyətində olan mənzildə hələ də qeydiyyatdadırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehlər mənzilin əvvəlki sakinləridir. Onlar iddiaçı evi aldıqdan sonra evdən çıxıb getmişlər. Həmin vaxtdan etibarən onları bir daha görməmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh (satıcı) Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti döngə 3, ev 4, mənzil 17 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı xx.xx.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti döngə 3, ev 4, mənzil 17 şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-cı il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh5 və xx.xx.1934-cü il təvəllüdlü Cavabdeh6 Gəncə şəhər, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 4, mənzil 17 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İddiaçı həmin orqana ünvanladığı ərizəsinə xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh5 və xx.xx.1934-cü il təvəllüdlü Cavabdeh6 Gəncə şəhər, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 4, mənzil 17 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla biləcəyi ünvan sahibinə izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 4, mənzil 17 ünvanında qeyydiyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 3-cü döngə, ev 4, mənzil 17 ünvanda yerləşən mənzil xx xxxx 2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh6 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur. Cavabdeh iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Həmçinin cavabdeh alqı-satqı müqaviləsində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə əvvəllər yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 8 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar