Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1114/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 91, mənzil 5-ə olan istifadə hüquqlarının itirilməsi və pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, bina 91, mənzil 5 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin ev Cavabdeh1 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə ona satılmışdır. Cavabdeh həmin evi boşaldıb və ona söz verib ki, həmin evdən qeydiyyatdan çıxacaqlar. Ancaq bu günədək qeydiyyatdan çıxmamışlar. Cavabdehlər ona məxsus evdə qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. Cavabdehlərin evdə formal olaraq pasport qeydiyyatında qalmaları onun mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır və o cavabdehlərə görə əlavə kommunal xərclər ödəməli olur. Ona görə də cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 91, mənzil 5 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, mənzili Cavabdeh1 almışdır. Digər Cavabdeh2 İradənin oğludur və azyaşlıdır. Buna görə də alqısatqı zamanı həmin şəxsin razılığı alınmamışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 91, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 almışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi bina 91, mənzil 5 fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 ünvan 3 mənzil 5 ünvanda qeydiyyatdadılar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 120-4623Ə-3221 nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 91, mənzil 5 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 91, 5 saylı mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən ev alındıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamışlar, lakin formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Cavabdehlər mənzilin alqı-satqısı ilə mübahisəli mənzilə olan hüquqları itmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusudur. Satıcı öz əşyası barədə alqı-satqı müqaviləsi bağladıqda mülkiyyət hüququnun, o cümlədən onun tərkib hissəsi olan istifadə hüququnun başqa şəxsə keçəcəyini qəbul edir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu əsasla məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə istifadə hüququqlarının saxlanması üçün qanuni əsas olmadığından həmin hüquqa xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, ev 91 ünvanda yerləşən 5 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1114/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1114/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver