Məhkəmə qərarları › İş №2(043)-1162/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1162/2020

10.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1162/2020 10.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi İnqilab oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı «13.06.1992-ci il tarixdən 29.06.1992-ci il tarixədək N nömrəli hərbi hissədə iştirak etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi»nə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi İnqilab oğlu maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək «13.06.1992-ci il tarixdən 29.06.1992-ci iltarixədək N nömrəli hərbi hissədə iştirak etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi»ni xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərdən bəhs edən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər Belə olan halda ərizəçi «müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı»na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyaya müraciət etməli, bundan imtina aldıqdan sonra isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ilə müvafiq İnzibati İqtisadi Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası MPMin 152.4-cü maddəsi) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara baxılması (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, məhkəmə qanunun göstərilən müddəasına əsaslanaraq hesab edir ki, Ərizəçi İnqilab oğlunun ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, «müharibə veteranları , silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı»na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyaya müraciət etməli, bundan imtina edilməsi haqqında iddia ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi İnqilab oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı «13.06.1992-ci il tarixdən 29.06.1992-ci il tarixədək N nömrəli hərbi hissədə iştirak etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi»nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar