Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1178/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi (vəkili) X2, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2, nümayəndəsi (vəkili) X8 və etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 77A binasında yerləşən 3 otaqlı 20 nömrəli mənzilin iki otağına köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabiq Kirovabad şəhər XDS İK-nin 13.05.1980-ci il tarixli, 12 saylı protokolu əsasında verilmiş 30 nömrəli mənzildəyişmə orderinə əsasən, ailəsinin həmin vaxtda qədər yaşadığı, Ü.Hacıbəyli küçəsi, 79 nömrəli binanın 2 otaqlı, 8 nömrəli mənzili, yaxınlıqda yerləşən 77A nömrəli binanın 3 otaqlı, 20 saylı mənzili ilə dəyişdirilmiş, həmin vaxtdan ailəsi və qardaşının ailəsi, o cümlədən anası həmin mənzildə birlikdə yaşamışdırlar. Sonradan o, 90-cı illərin axırlarında müvəqqəti olaraq Rusiyaya işləməyə getmişdir, yani həmin mənzildən birdəfəlik köçüb getməmişdir. Daimi yaşayış yeri həmin mənzildəki ayrıca 2 otaq olmuşdur. Həmin otaqlarda uzun illər onun və ailəsinin ev və şəxsi əşyaları saxlanılmaqla, o və ailə üzvləri həmişə Gəncəyə gəlib-getməklə həmin mənzilin otaqlarından istifadə etmişdirlər. X4 2017-ci ildə mənzili öz adma özəlləşdirmişdir. Özəlləşdirmə barədə o, 2018-ci ildə Kəpəz Rayon Məhkəməsində çıxarılan qətnamədən sonra məlumat almışdır.Həmin özəlləşmə tam qanunsuz aparılmış, qanunsuzluğunu o, apelyasiya şikayətində əsaslandırmışdır. Apelyasiya şikayətinə əlavə etdiyi sənədlərə əsaslanaraq göstərmişdir ki, atasının vəfatından sonra, 1993-cü ildə ailəsinin ümumi razılığı əsasında, anası Arusyak Xaçaturovnanın ərizəsinə və o cümlədən, həmin vaxt mənzildə yaşayan iddiaçı Abil Cavadun və digərlərinin razılığı əsasında, həmin mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmiş, bundan sonra X5 Bürosu tərəfindən onun adıma sxematik plan və qeydiyyat vəsiqəsi verilmişdir. Hər iki sənəd həmin evdə saxlanılmış, qeydiyyat vəsiqəsi naməlum səbəbdən itsə də, mənzilin sxematik planın əsli onlarda qalmışdır. Həmin sxematik plandan da təsdiq edilir ki, mənzil ona, yəni İddiaçı məxsusdur. 1993-cü ildən həmin mənzilə dair onun mülkiyyət hüququ yaranmışdır. Buna baxmayaraq X4 ona qarşı “mülkiyyətində olan mənzilin 2 otağının qapısının açılması və cavabdehə məxsus olan ev əşyalarının mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 77A saylı evin 20 nömrəli mənzilinin iki otağının qapısının açılmasını və ona məxsus ev əşyalarının mənzildən çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 2(043)-4503/2018 saylı mülki iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1, 20 saylı mənzildə qapıları bağlı olan iki otağının qapılarının açılması və ona məxsus əşyaların mənzildən çıxarılması qət edilmişdir. O, Kəpəz Rayon Məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti vermişdir.Gəncə Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti qismən təmin edilmiş Kəpəz Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi, mənzilin ona məxsus olan iki otağın qapılarının açılması hissəsində təmin edilmiş, ona və ailəsinə məxsus əşyaların həmin mənzildən çıxarılması hissəsində təmin edilməməişdir. Həmin qətnamədən Cavadov Abil kassasiya şikayəti verməmiş, onun tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 15 oktaybr 2019-cu il tarixli, 2(102)-6398/19 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin qərarında birbaşa qeyd edilmişdir ki, onun həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ vardır. O bildirmişdir ki, mənzilin mülkiyyətçisi olmuş qardaşı Cavad artıq xeyli vaxtdır vəfat etmişdir, onun ailə üzvləri faktiki olaraq Bakı şəhərində yaşamaqla, mənzildən arabir istifadə edirlər. O, xəstə olmaqla hazırda Rusiyadan qayıdıb həmin mənzildə yaşamaq istəyir. Lakin mənzilin giriş qapısının açarları cavabdehlərdə olduğu üçün, mənzilə daxil ola bilmir. Cavabdehlər tərəfindən onun istifadə hüququ pozulur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ona məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küşəsi, bina 77A, 20 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, eləcə də cavabdehə məxsus əşyaların həmin məmzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küşəsi, bina 77A, mənzil 20 tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzil mərhum X9 tərəfindən 06.08.2019-cu il tarixli bağışlama müqaviləsi ilə ona bağışlanmışdır. Həmin mənzilə dair ona DƏDRX tərəfindən 21.08.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Hal-hazırda həmin mənzildə o, oğlu Cavabdeh1, onun həyat yoldaşı və iki uşağı, həmçinin qızı Gülnarə Cavadova yaşayırlar və hər biri həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh mərhum əri Abil Cavadovun qardaşı olmaqla uzun müddətdir ki, yəni 26 ildir ki, həmin mənzili tərk etmiş və orada yaşamır. Belə ki, cavabdeh 1994-cü ildən etibarən daimi olaraq ailəsi ilə birlikdə Rusiya Federasiyasında y6aşayır və sonuncu dəfə Azərbaycana 2000-ci ilin avqust ayında gəlmişdir. O, iddia ərizəsində qeyd etdiyi kimi, müvəqqəti deyil, daimi olaraq həmin mənzili tərk edib Rusiya Federasiyasına getmiş və özü üçün başqa yaşayış yeri seçmişdir. Həmçinin o, öz istəyi ilə həmin mənzildən pasport qeydiyyatından da çıxmışdır. Lakin cavabdeh özünə məxsus əşyaları həmin mənzildən çıxarmamışdır. Yalnız bir neçə il bundan qabaq onun həyat yoldaşı Gülbəniz onunla boşandığı üçün özünə məxsus cehiz əşyalarını mənzildən çıxarsa da, bəzi əşyalar hələ də mənzildə qalmaqdadır. Cavabdehin sözü gedən münahisəli mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməli və ona məxsus əşyalar mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, halhazırda o, böyük qardaşının evində qalır. Mübahisəli mənzil atasından qardaşına, ondan isə Cəsarətə keçmişdir. O, 1997-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına çıxıb getmişdir və orada kirayədə yaşamışdır. 2000-ci ildə anası vəfat edərkən ailəsi ilə birlikdə gəlmiş həmin mənzildə qalmışdır. Mənzili daim öz əmlakı hesab etmiş və mənzilin 2 otağına öz əşyalarını yığıb qapısını bağamışdır. Mənzilin 1 otağından isə əvvəllər qardaşı Abil öz ailəsi ilə birlikdə istifadə etmişdir. Qardaşı da öz ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb orada yaşayır. Qardaşının oğlu Arzu ailə qurduqdan sonra həmin mənzilə gəlib mənzilin bir otağında yaşamağa başlamışdır. 2018-ci ildə X24 ona qarşı iddia qaldıraraq mənzildən əşyaların çıxarılmasını və onun istifadəsində olan iki otağın qapısının açılmasını tələb etmişdir. Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin onun bu məhkəmədən xəbəri olmamışdır. Sonradan qətnamənin icrası vaxtı qətnamədən xəbər tutmuş və apelyasiya şikayəti vermişdir. Apelyasiya məhkəməsi onun şikayətini qismən təmin etmiş, mənzildən əşyaların çıxarılması hissəsində iddianı rədd etmişdir. Ali Məhkəmədə həmin qərarı qüvvədə saxlamışdır. Yuxarı instansiya məhkəmələri hesab etmişdir ki, onun həmin mənzildən istifadə hüququ vardır. Onun başqa daimi yaşayış yeri yoxdur. Bu günə qədər də bütün ev əşyaları həmin mənzildədir. Rusiya Federasiyasına pul qazanmaq üçün getmişdir. Buna görə də hesab edir ki, iddiası təmin edilməlidir. Qarşılıqlı iddianı isə qəbul etmir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, bildirmişdir ki, 1980-ci ildən X18 ilə ailə quraraq hazırda mülkiyyətində olan mənzilə köçmüşdür. Mənzil əri tərəfindən özəlləşdirilmiş, daha sonra ona bağışlanılmışdır. Mənzilin iki otağında əvvəllər qaynı İddiaçı öz ailəsi ilə birlikdə yaşasa da sonradan ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getmişdir və 20 ildən artıq müddətdir ki, həmin mənzildə yaşamır. İddiaçı məxsus əşyalar həmin mənzildədir. X9 cavabdehə qarşı mənzildən əşyaların çıxarılması və otaqların qapılarının açılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Kəpəz Rayon Məhkəməsində onun iddiası təmin edilsə də Gəncə Apelyasiya Məhkəməsində onun iddiası mənzildən əşyaların çıxarılması hissəsində təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsində gösətrilmişdir ki, bu məsələyə ancaq cavabdehin istifadə hüququnun itirilməsi məsələsinə baxılmaqla qiymət verilməlidir. Ona görə də hazırkı qarşılıqlı iddianı vermişdir. Hesab edir ki, cavabdeh mənzili könüllü olaraq tərk edib getdiyindən və özünə daimi yaşayış yeri seçdiyindən onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməli və əşyaları mənzildən çıxarılmalıdır. 06.04.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, ilk iddianı qəbul etmir, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Hazırda mübahisəli mənzildə o, ailəsi ilə birlikdə yaşayır. Əmisi İddiaçı 1997-ci ildən Rusiyaya köçmüş, həmin mənzilə sonuncu dəfə 2000-ci ildə gəlmişdir. O isə doğulduğu vaxtdan həmin mənzildə fasiləsiz yaşamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi(vəkili) X15 ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X7 ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. 06.04.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, mübahisəli mənzillə qonşuluqda yaşayır. İlkin olaraq mübahisəli mənzil Aqilin anasının olub. 1990-cı ilin əvvəllərində Aqil mənzildən köçüb getmişdir. X20 həyat yoldaşıdır. Qaynanası özü Cəsarəti mənzilə gətirmişdir və o vəfat etdikdən sonra mənzildə Cəsarət və ailə üzvləri yaşamışdır. Anası vəfat etdikdə Aqil yas mərasiminə gəlib, 20-25 gün qaldıqdan sonra çıxıb Rusiya Federasiyasına getmişdir. 06.04.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində işləyir. İddiaçı tanımır, ilk iddia üzrə cavabdehlər isə onun işlədiyi ərzinin sakinləridir. Mübahisəli mənzil üç otaqlı mənzildir, Cavabdeh2 orada oğlu və nəvələri ilə yaşayır, üç otağın hamısı onun istifadəsindədir. O, 2016-cı ildən etibarən hazırki iş yerində işləyir. O, yeni gələndə mənzil dövlət mülkiyyətində idi, təqribən 2017-2018-ci illərdə mənzil Cavadov Abilin adına özəlləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun qaynı, Cavabdeh2 isə digər qaynı Cavadov Abilin həyat yoldaşıdır. Onun həyat yoldaşı isə Cavadov Adildir. Mübahisəli mənzil qaynanasının olmuşdur. 1990-cı ildən həmin evdə o yaşayıb, Aqil isə evlənməzdən qabaq Rusiyada yaşayıb. Aqil evləndikdən sonra o, həyat yoldaşı ilə birlikdə başqa mənzilə köçmüşdür. Aqil evləndikdən sonra mənzilin iki otağında öz ailəsi və anası ilə yaşamış, mənzilin bir otağında isə Abil ailəsi ilə birlikdə yaşamışdır. Aqil 90-cı illərin sonunda yenidən ailəsi ilə birlikdə Rusiyaya getmişdir. Bir müddət sonra isə Cəsarətgil Bakı şəhərinə köçmüşdür. Mənzil uzun müddət boş qalmışdır. Aqil sonuncu dəfə 2000-ci ildə anasının yas mərasimində iştirak etmək üçün gəlib, ondan sonra isə gəlməyib. Lakin həyat yoldaşı və uşaqları ara-bir həmin evə gəlibgedirdilər. Aqil sonuncu dəfə 2000-ci ildə anasının yas mərasimində iştirak etmək üçün gəlib, ondan sonra isə gəlməyib. Lakin həyat yoldaşı və uşaqları ara-bir həmin evə gəlibgedirdilər. Aqilin yoldaşı gəldiyi vaxt mənzildə təmizlik işləri aparırdı. Aqilgil bir dəfə mənzilin özlərinə aid olan otaqlarının qapı və pəncərələrini dəyişdirmiş, mənzilin su xəttini çəkdirmiş və hamam-tualetdə təmir işləri apartdırmışdır. Bir neçə ilə əvvəl Cəsarətin oğlu Arzu ailə quraraq mənzilə köçmüşdür və hazırda öz ailəsi ilə birlikdə mənzildə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, İddiaçı həyat yoldaşı Cavadova Gülbəniz onun xalasıdır. Xalasıgil əvvəllər mübahisəli mənzildə yaşayıb, daha sonra isə işləmək üçün Rusiyaya getmişdir. Cəsarət və Arzunu əvvəllər görməyib və 5-6 il bundan öncə tanıyıb. Xalasıgil 2000-ci illərdə işləmək məqsədi ilə Rusiya Federasiyasına gediblər və demək olan ki hər il gəlib mənzilə baş çəkiblər. Mənzilin iki otağında xalasıgilə məxsus əşyalar olub və həmin otaqların açarı xalasında olub. Xalasıgil Rusiyada yaşayarkən ona pul göndərib, o isə lazım materialları alaraq, 9-10 ay müddətində fasilə ilə mənzildə təmir işləri aparıb. Su xəttini, mənzilin xalasıgilə aid olan otaqlarının qapı və pəncərələrini dəyişib, mənzilə su qızdırıcısı qoyub hamam-tualetdə təmir işləri görüb. Həmin vaxt mənzilin bir otağının qapısı bağlı olub və həmin otaq Aqilin qardaşına aid olub. O, təmir işləri apararkən nə Cəsarət, nə də onun ailə üzvləri mənzildə olmayıb, mənzilin açarlarını ona xalası verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə ailə qurub mübahisəli mənzilə gəlin köçmüşdür. Mənzilin iki otağında onlar, bir otağında isə qaynı Cavadov Abilin ailəsi yaşayıblar. Sonra isə onlar özlərinə aid olan qapıları bağlayıb Rusiya Federasiyasına gediblər. Getdikdən sonra 2000-ci, 2005-ci, 2007ci, 2008-ci və 2010-cu illərdə Azərbaycana gəlib. Hər dəfə gəldikdə mənzilə baş çəkib, təmizlik işləri gördürüb. Rusiyada olarkən mənzilin açarlarını bacısı oğlu Akif Məmmədova vermiş, ona pul göndərmiş və mənzilə su xəttinin çəkilməsi, otaqlarının pəncərə və qapılarının dəyişdirilməsi işlərini gördürüb. X28 və onun ailəsinə məlum idi ki, mənzilin iki otağı onlara məxsusdur və həmin otaqda onların əşyaları vardır. Onların Rusiyaya getməkdə məqsədi hamı kimi işləyib pul qazanmaq olmuşdur. Rusiyada onların mənzili və ya daimi yaşayış yerləri yoxdur. Orada kirayədə yaşayırlar. Gəncə şəhərində də hər hansı başqa yaşayış yerləri yoxdur. Hazırda Gəncədə qohumların evində qalırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.11.2018-ci il tarixli, 2(043)-4503/2018 saylı qətnaməsindən görünür ki, X11 İddiaçı qarşı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz Rayonu, Ü.Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildə qapıları bağlı olan iki otağın qapılarının açılması və İddiaçı məxsus ev əşyalarının mənzildən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 06 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X18 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzili arvadı Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə olunmuş 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1916/2019 saylı 19.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4503/2018 saylı mülki iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildə qapıları bağlı olan iki otağın qapılarının açılması, İddiaçı məxsus ev əşyalarının Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildən çıxarılması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6398/2019 saylı 18.09.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin verdiyi mənzil kommunal xidmət üçün 2008-ci, 2011-ci və 2015-ci il tarixli medaxil qəbzlərindən görünür ki, X6 şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzilin 10 manat mənzil kommunal xərcini ödəmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər MKTİB-nin məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərdən görünür ki, X18 13.08.2015-ci il tarixdən 18.04.2019cu il tarixədək Ü.Hacıbəyov küçəsi, ev 77A, mənzil 20 üçün ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 02.07.2014-cü il tarixli Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin Təmizlik İdarəsinin bildirişindən görünür ki, vətəndaş (mülkiyyətçi və ya mülkdə, mənzildə kirayə yaşayan şəxs) X26 şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzil üçün 86 manat 40 qəpik xidmət haqqı borcu var. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı 1980-ci ildən mübahisəli mənzildə anası və qardaşları Cavadov Adil və Cavadov Abil ilə birlikdə yaşamış, qardaşlarından Cavadov Adil ailə qurduqdan sonra mənzildən çıxıb getmiş, İddiaçı və Cavadov Abil ailə qurduqdan sonra mənzildə birlikdə yaşamağa davam etmişlər. Bu zaman mənzilin iki otağından İddiaçı və ailəsi, bir otağından isə Cavadov Abil və ailəsi istifadə etmişdir. 1997-ci ildə İddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasına işləməyə getmiş, 2000-ci ildə anasının vəfatı ilə əlaqədar Gəncə şəhərinə qayıtmış, yas mərasimindən sonra yenidən Rusiyaya çıxıb getmişdir. İddiaçı özü gəlməsə də həyat yoldaşı və uşaqları ara-sıra Rusiyadan gələrək mübahisəli mənzilə baş çəkmiş, İddiaçı vəsaiti hesabına mənzildə bir sıra təmir işləri görülmüş, eləcə də bu günədək də mənzilin iki otağında İddiaçı və ailəsinə məxsus olan əşyalar saxlanılmışdır. Mənzil 2017-ci ildə X18 tərəfindən özəlləşdirilmiş, 2019-cu ildə Cavabdeh2 bağışlanılmışdır. 2018-ci ildə mənzilin keçmiş mülkiyyətçisi Cavadov Abil ilə İddiaçı arasında həmin mənzilə dair məhkəmə mübahisəsi olmuş, birinci instansiya məhkəməsi İddiaçı məxsus əşyaların mənzildən çıxarılması hissəsində iddianı təmin etsə də apelyasiya instansiyası məhkəməsi həmin iddianı rədd etmiş və əsas kimi göstərmişdir ki, iddiaçının (X11) irəli sürdüyü dəlillər mübahisəli mənzildən İddiaçı istifadə hüququnun olmaması barədə güvənli nəticəyə gəlməyə əsas vermir. Həmin qətnaməni qüvvədə saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2019-cu il tarixli qərarında birbaşa olaraq göstərmişdir ki, tərəflərin valideynlərinə məxsus olmuş və onların vəfatından sonra iddiaçının (Cavadov Abilin) mülkiyyətinə keçən mübahisə predmeti olan mənzildən cavabdehin (İddiaçı) istifadə hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi ondan ibarətdir ki, mülki hüquqda faktlar dedikdə, mülkihüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Məhkəmə hazırkı mübahisənin predmeti olan mənzillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktın, yəni İddiaçı mənzildən istifadə hüququnun mövcud olması faktının hazırkı işdə preyudisiallığını tanıyır və qeyd edir ki, Cavabdeh2 həmin işdə iştirak edən şəxs olmasa da həmin iş üzrə iddiaçı olmuş İddiaçı hüquq varisidir. Hüquq nəzəriyyəsində hüquq varisliyinin iki forması – universal və sinqulyar hüquq varisliyi fərqləndirilir. Universal hüquq varisliyində şəxsə aid bütün hüquq və vəzifələrin başqa şəxsə keçməsi (məs. vərəsəlik, hüquqi şəxsin yenidən təşkili və s.), sinqulyar hüquq varisliyində isə şəxsə aid hüquq və vəzifələrin bir qisminin başqa şəxsə keçməsi nəzərdə tutulur. Şəxs mülki-hüquqi əqdlərin bağlanması yolu ilə öz əmlak hüquqlarını başqasına verdikdə sonuncu şəxs əldə etdiyi əmlak hüququna münasibətdə əvvəlki şəxsin hüquq varisi hesab olunur. Bu baxımdan, X11 mülkiyyətində olan mənzillə bağlı İddiaçı ilə məhkəmə mübahisələri başa çatdıqdan sonra həmin mənzili arvadına bağışlaması Cavabdeh2 ilə İddiaçı arasında yeni hüquq münasibətləri yaranmasına səbəb olmur və əvvəlki mübahisə üzrə müəyyən edilmiş faktlar Cavabdeh2 üçün də preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Bununla belə istifadə hüququ davam edən hüquqi münasibət olduğundan istifadə hüququnun itirilməsi üçün əsasların sonradan da yaranması mümkündür. Əvvəllər istifadə hüququnun mövcud olmasının təsdiq olunması sonradan həmin hüququn itirilmiş hesab edilməsi və ya həmin hüquqa xitam verilməsi barədə yeni mübahisəyə baxılmasına mane olmur. Hazırkı mübahisə üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında İddiaçı mənzildən istifadə hüququnun olması faktı təsdiq edilmiş, lakin Cavabdeh2 həmin hüququn sonradan itirilməsi və ya ona xitam verilməsi üçün əsasların mövcud olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Göstərilənlər baxımından məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ olduğundan onun həmin mənzilə köçürülmə barədə tələbi əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, ilk iddia üzrə iddiaçı mənzilin iki otağına köçürülməsini tələb etmişdir. Bu isə iddiaçının mənzilin iki otağının faktiki olaraq uzun müddət onun istifadəsində olması ilə əsaslandırılır. Məhkəmə bununla bağlı hesab edir ki, mənzildən bu formada istifadə olunması İddiaçı və X11 şifahi razılığına söykəndiyindən və sonrakı məhkəmə mübahisəsi zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin otaqların qapılarının açılması qət olunduğundan, mənzilin iki otağından müstəsna olaraq İddiaçı istifadəsinə şərait yaradan belə tələbin təmin olunması mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququna əsassız müdaxilə təşkil edəcəkdir. Bu baxımdan məhkəmə İddiaçı iddiasını yalnız ünvan 2 ünvanda yerləşən 20 saylı mənzilinə köçürülməsi hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanda yerləşən 20 saylı mənzilə köçürülsün. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1178/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1178/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver