Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1182/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu X4 arvadı olmuşdur. Oğlu 16 mart 2015-ci ildə ölmüşdür. O, evinə köçmək istəyir. Ancaq cavabdeh ona məxsus evdən çıxmır. Mübahisəli mənzildə cavabdehin heç bir hüququ yoxdur. Cavabdeh ona məxsus evdə pasport qeydiyyatında deyil. Onu müvəqqəti olaraq oğlu ilə birlikdə evə buraxmışdır. Bu gün oğlu artıq yoxdur. Ona görə də cavabdehin evindən çıxmasını istəyir. O isə evdən çıxmır. Ona görə də cavabdeh ona məxsus mənzildən məhkəmə qaydası ilə çıxarılmalıdır. Cavabdeh onun ailə üzvləri siyahısına aid şəxs deyildir. Ona görə də cavabdehin ona məxsus evdən çıxmaması onun mülkiyyətçi kimi hüququnu məhdudlaşdırır. Həm də cavabdeh onun ailə üzvləri sırasına aid edilmədiyi üçün ona məxsus evdən istifadə hüququ da yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi onun qeydiyyatda olduğu ünvana və məlum olan sonuncu yaşayış yeri icra hakimiyyətinə göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq 22.01.2007-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş 17.11.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda heç bir şəxs qeydiyyata alınmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 nikahı 29.03.2011-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində 164 nömrə ilə qeyd edilməklə bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra ərə Cəfərov arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16.03.2015-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh 29.03.2011-ci ildə iddiaçının oğlu X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 4 ünvanına müvəqqəti olaraq gəlin kimi köçmüşdür. 16.03.2016-cı il tarixdə iddiaçının oğlu Yadigar Cəfərov ölmüşdür. Həmin vaxtdan indiyə qədər cavabehlə mülkiyyətçi olan iddiaçı arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh bu günədək sözügedən mənzildə yaşamağa davam edir. İddiaçı bu səbəbdən mülkiyyət hüququ ilə ona məxsus mənzil üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehin ona məxsus mənzildən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 29 mart 2011-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, ünvan 4 ünvanda yerləşən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 5 ünvanında yerləşən mənzilə hansı bir hüququ mövcud olmayan cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 6 ünvanda yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1182/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1182/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver