Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1201/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi, vəkili X13, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15na məxsus ünvan 1 ünvanında yerləşən miras əmlaka faktiki idarə və sahiblik etdiyi üçün onu vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən (keçmiş Azbarit küçəsi) ev və torpaq sahəsi X15na məxsus olmuşdur. Bu barədə atasının adına evə və torpağa dair AR ƏMDK yanında DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, 27.12.2021-ci il tarixli çıxarış verilmişdir. X15 05.04.1972-ci il tarixdə, anası X16 12.11.2007-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinin 03.06.2021-ci il tarixli, 71saylı arayışında onların uşaqları haqqında aşağıdakı məlumatlar verilmişdir: X17 - 06.11.2020-ci ildə X29 - 11.05.2007-ci ildə, X19 - 29.03.2003-cü ildə, X30 - 04.02.1973-cü ildə, X31 - 27.12.2017-ci ildə vəfat etmişlər. Maraqlı şəxs3, X32 (övladlığa verilmiş) və Maraqlı şəxs2 isə yaşayır. X3 Rusiya Federasiyasının vətəndaşı olmuş, 11.05.2007-ci ildə vəfat etdikdən sonra gətirilərək Azərbaycanda dəfn olunmuşdur. X4 isə doğulduqdan dərhal sonra övladlığa verilmiş, onun övladlığa verildiyini özü də bilmir, hal-hazırda da Bakıda yaşayır. Anası Səfurə vəfat etdikdən sonra miras əmlak ünvan 1 ünvanda olan ata mülkünü özü idarə etmiş, həmin evin qonşuluğunda yaşadığı üçün hər gün evə gedib mühafizə edir, təmizlik işləri aparır, torpaq sahəsini suvarır, kiçik təsərrüfatı saxlayır, orada toyuq-cücəyə baxır və sairə işlər görür. Miras əmlakı tək vərəsə olaraq idarə və sahiblik etdiyini qonşular bilir və onlarda gördükləri, bildikləri üçün bu barədə akt tərtib edərək təsdiqləmişlər, evin və torpağın əmlak vergisini də özü ödəyir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 14.03.2022-ci il tarixli, 126 saylı imtina qərarı ilə vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Vərəsələr - bacıları Maraqlı şəxs2 və Maraqlı şəxs3 miras əmlakdan olan paylarından onun xeyrinə imtina barədə məhkəmədə ifadə verməyə hazırdırlar, vərəsələr arasında heç bir mübahisə yoxdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin vəkili X23 ərizəçi ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 izahatında göstərdi ki, X15 ilə anası X7 evliliyndən 9 uşaqları doğulmuşdur. Atası 05.04.1972-ci il tarixdə, anası 12.11.2007-ci il tarixdə vəfat etmişdir. O, 1978-ci ildə ailə quraraq həmin evdən köçmüşdür. Qardaşlarından Mahir uşaq vaxtı vəfat etmişdir. Digər qardaş və bacıları da müxtəlif vaxtlarda ailə quraraq hər biri öz evinə köçmüşdür və öz evlərində yaşamışdır. Qardaşlarından Cəbrayıl, Məzahir, Vahid ailəli olmuş və vəfat etmişlər. Qardaşı Tahir qeyri-rəsmi nikaha daxil olmuş, lakin övladı olmamışdır. O, anası ilə birlikdə yaşamış və 2017-ci ildə vəfat etmişdir. Qardaşı Zahid kiçik yaşlarından qohumlarına övladlığa verilmişdir və o, indi də onların qardaşı olduğunu bilmir. Anası Səfurə vəfat etdikdən sonra miras əmlakı - ünvan 1 ünvanda olan ata mülkünü bacısı Ərizəçi idarə etmişdir. Belə ki, bacısı Məsmə ata evinə yaxın yaşadığı üçün mütəmadi olaraq həyətə baş çəkir, evin saxlanması üçün zəruri işləri yerinə yetirir. Eyni zamanda bacısı həmin həyətdə toyuq-cücə də saxlayır. Maraqlı şəxs3 digər Maraqlı şəxs2 ilə eyni məzmunlu izahat vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, 1981-ci ildə ərizəçinin ata mülkü ilə qonşuluqda yerləşən ünvan 3 ünvana gəlin köçmüş, həmin vaxtdan bəri orada yaşayır. O, gəlin köçdüyü vaxt Məsmənin atası evində Məsmənin anası Səfurə, bacısı Fatma, qardaşı Tahir yaşamışdır. Məsmənin özü və bacısı Nahidə ailə qurub köçmüş, qardaşı Cəbrayıl ailə quraraq Gəncə şəhərində yaşamış, digər qardaşları Vahid və Məzahir Rusiya Federasiyasında yaşamışlar. Tahir anası Səfurə ölənə günə kimi və eləcə də öldükdən sonra da həmin evdə yaşamış, lakin heç vaxt Mahiri və Zahidi görməmişdir. Məsmə anasının sağlığında və vəfat etdikdən sonra da həmişə evə baş çəkmiş, evi idarə etmişdir. Hazırda da evə və həyətə nəzarəti və idarəçiliyi Məsmə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, ərizəçi onun qaynının həyat yoldaşıdır. O, 1983-cü ildə ailə qurmuş və həmin vaxtdan Məsməni tanımışdır. Məsmənin anası Səfurə oğlu Tahir ilə birlikdə yaşayırdı. Tahir ailəli olsa da övladı olmamışdır. Tahir vəfat etdikdən sonra həyat yoldaşı çıxıb getmişdir. Məsmə hər zaman anasına baş çəkmiş, anasının ölümündən sonra da hər zaman ata mülkünə gəlibgetmiş, orada kiçik təsərrüfat saxlamış və öz əmlakı kimi idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçinin ata evi ilə qonşuluqda, C.Şıxlinski küçəsi 26A ünvanda yaşayır. Əvvəllər C.Şıxlinski küçəsi, 28 ünvanda ərizəçinin anası Səfurə və qardaşı Tahir yaşamışdır. Sonradan onlar vəfat etmişdir. Məsmə qonşu küçədə yaşadığı üçün anasının sağlığında və ölümündən sonra da daimi olaraq həmin evə gedib-gəlmiş, evə sahiblik və evi idarə etmişdir. Hazırda həmin ev boş olsa da həyətdə Məsmə kiçik təsərrüfat saxlayır və mütəmadi olaraq evə baş çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, 1960cı ildə doğulmuş, doğulduğu vaxtdan indiyə qədər ərizəçinin ata mülkü ilə qonşuluda, C.Şıxlinski (keçmiş Azbarit) küçəsi 22 ünvanda yaşamışdır. Məsmənin atası Qafar, anası Safurə olmuşdur. Məsmənin digər qardaş və bacılarını da yaxşı tanımışdır. O, uşaq olarkən Məsmənin atası vəfat etmişdir. Anası isə təxminən 15 il olar ki, vəfat edib. Məsmənin qardaşlarının çoxu vəfat etmişdir. Məsmənin anası vəfat etdikdən təxminən 10 il sonra qardaşı Tahir vəfat etmişdir. Tahirin evliliyindən övladı olmamışdır. Tahir vəfat etdikdən sonra həyat yoldaşı da çıxıb getmişdir. Məsmə ailə qurduqdan sonra qonşu küçəyə köçdüyü üçün daimi olaraq ata mülkünə gəlib getmişdir. Anasının vəfatından sonra isə evi faktiki olaraq idarə etmiş, həyətdə kiçik təsərrüfat saxlamışdır. Hazırda həmin evdə heç kim yaşamır. Evə və həyətə daimi nəzarəti Məsmə həyata keçirir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında X24 adına daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr ktabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 03 iyun 2021-ci il tarixli, 71 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1926-cı il tarixdə Goranboy rayonunda anadan olmuş və 05.04.1972-ci il tarixdə vəfat etmiş X40 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Arvadı:X16- D.08.03.1934-12.11.2007-ci il tarixdə vəfat edib 2.Oğlu: X17 D. 23.12.1953 - 06.11.2020-ci il tarixdə vəfat edib 3.Qızı: X9 D.xx.xx.1955 -06.10.1978-ci il tarixdə nikaha daxil olub 4.Qızı:Maraqlı şəxs2 D. 18.10.1957 - 10.08.1978-ci il tarixdə nikaha daxil olub 5.Oğlu:X29 D.27.12.1959 —16.11.1982-ci il tarixdə nikaha daxil olub
6. Oğlu:X19 - 29.03.2003-cü il tarixdə vəfat edib
7. Oğlu: X30- D.01.04.1965 - 04.02.1973-cü il tarixdə vəfat edib
8. Qızı:Maraqlı şəxs3- D. 20.10.1967 — 16.04.1991 -ci il tarixdə nikaha daxil olub.
9. X31 -D.25.03.1970 - 27.12.2017-ci il tarixdə vəfat edib
10. X32 D.02.04.1972 İş materiallarına əlavə olunmuş Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 14 mart 2022-ci il tarixli, 126 nömrəli imtina qərarından görünür ki, X24 vərəsəsi Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmasına qərar verilmişdir. İş materiallarında olan İ-CH seriyalı, 534041 nömrəli ölüm haqqında şəhadtnamənin surətindən görünür ki, X19 29 mart 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan АЗП-ИЕ seriyalı, 421171 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X40 05 aprel 1972-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ИЕ seriyalı, 189620 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X40 ilə X18 arasında 06 dekabr 1953-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli aktan görünür ki, X14, X8, X1, X27, X2, X20 və X6 şəhəri, Cavad bəy Şıxlinski küçəsi ev 28 ünvanında yerləşən evi X7 vəfat etdikdən sonra onlarla eyni qonşuluqda yaşayan qızı-Ərizəçi idarə və sahiblik etdiyini təsdiq etmişlər. İş materiallarında olan AZ-İİ seriyalı, 206361 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 27 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı, 270405 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 04 fevral 1973-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Az-İİ seriyalı, 206362 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 06 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 05 mart 2018-ci il tarixli arayışdan görünür ki, X16 11 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ- ИЕ seriyalı, 003766 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 xx xxx 1955ci il tarixdə doğulmuşdur. Valideynləri - X15, anası X11r. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli arayışından görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 31.12.2022-ci il tarixə kimi əmlak və torpaq vergisi borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçinin anası öz ərindən miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Ərizəçinin anası X7 ölümündən sonra isə Ərizəçi miras qalmış əmlaka, yəni fərdi yaşayış evinə sahiblik və idarəçiliyi həyata keçirmişdir. Ərizəçi miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin və maraqlı şəxslərin izahatları, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X54 oğlunun adına qeydə alınmış, ünvan 6 ünvanda yerləşən evdən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: Ərizə təmin edilsin. X24 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən evdən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev