Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1246/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları - xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxx 2009-cu il təvəllüdlü X3 Cavabdeh1 məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun keçmiş həyat yoldaşı, Cavabdeh1 isə onun atası, yəni onun qaynatası olmuşdur. O, Cavabdeh2 ilə 2008-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2008-ci il tarixdə oğlu X5, xx xxxxxx 2009-cu il tarixində isə qızı X6 dünyaya gəlmişlər. Lakin, sonradan şəxsi münasibətləri pozulmuş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Nikahları pozulan zaman uşaqlar onun himayəsində saxlanılmışlar. Ailə həyatı qurduqdan bir müddət sonra keçmiş həyat yoldaşı Cavabdeh2 ilə birlikdə qaynatasına məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsində ev tikilmiş və həmin evə köçmüşlər. Bundan sonra bir neçə il ərzində sözügedən evdə cavabdehlə birlikdə ailə üzvü kimi yaşayaraq ümumi təsərrüfat aparmışlar. Bu yaxınlara kimi, hətta boşandıqdan sonra da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Cehiz əşyaları da hazırda sözügedən evdədir. Yəni bu yaxınlara kimi maneəsiz olaraq uşaqları ilə birlikdə sözügedən evdə yaşamışdır. Hətta sözügedən evə pasport qeydiyyatına da düşmüşdür. Yəni, bu yaxınlara kimi maneəsiz olaraq bu evdə yaşamışdır. Lakin, sonradan cavabdehlər evin açarını dəyişərək onu evə buraxmamışlar. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən qeydiyyatda olduqları Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı onun oğlu – digər Cavabdeh2 keçmiş həyat yoldaşı, onun isə keçmiş gəlinidir. Sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin tikilməsində iddiaçının heç bir rolu olmamışdır. Bundan başqa, iddiaçı və onun ailə üzvlərinin yaşamağa yerləri olmadığından o rəsmi heç bir razılaşma olmadan onların ona məxsus evdə yaşamasına icazə vermiş və onlar yalnız 2014-2016-cı illərdə həmin evdə yaşamışdır. İddiaçı onun ailə üzvü deyil, onunla aralarında istifadə hüququnun verilməsinə dair hər hansı razılaşma olmamışdır. Ona görə də, iddiaçının ona məxsus evdən istifadə hüququ yaranmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m olan fərdi yaşayış sahəsi xx.xx.2014-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh2 və İddiaçı birgə nikahından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2011-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(044)-4354/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə X4 arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 451 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2011-ci il təvəllüdlü Pınar adlı uşaqlar anası X1 himayəsində saxlanılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanılmış nikah xx xxxxxx 2017-ci il tarixdə 08 nömrə ilə qeyd edilməklə pozulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra iddiaçı ailə üzvləri ilə birlikdə qaynatası - digər Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən evə köçmüşlər. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuş və faktiki olaraq ayrılmışlar. Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda uşaqları ilə birlikdə Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2008-ci ildə cavabdehlərdən Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bir müddət sonra qaynatası - digər Cavabdeh1 məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2014-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh1 məxsus yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1246/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1246/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver