Məhkəmə qərarları › İş №2(043)-1303/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1303/2020

24.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1303/2020 24.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, Müəyyən etdim : Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qaynatası X1 xx.xx.1989-cu ildən qulluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinəəsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı qaynatası X1 xx.xx.1989-cu ildən qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli. Ərizəçiyə Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9-cu bəndinə əsasən müvafiq orqanlara müraciət etməsi, bundan imtina olunduğu təqdirdə isə inzibati orqanın hərəkətsizliyi ilə bağlı yuxarı inzibati orqana və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı qaynatası X1 xx.xx.1989-cu ildən qulluq etməsi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar