Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1325/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı ev 04 03.1991-ci il tarixli, 3951 nömrəli qeydiyyat vəsiqəsi əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra «Asan xidmət» mərkəzinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan evdə qeydiyyatda olmaları məlum olmuşdur. Cavabdeh1 onun keçmiş gəlini, Cavabdeh2 isə onun nəvəsidir. Cavabdeh1 ilə mərhum oğlu X13 ilə 10.10.1997-ci il tarixdə ailə quraraq ona məxsus ünvan 2 saylı ev gəlin köçmüşdür. Onların birgə nikahından İddiaçı Surac oğlu və Cavabdeh2 anadan olmuşdur. Bir müddət sonra oğlu ilə gəlini arasında mübahisə yaranmış və sonra Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.06.2018-cı il tarixli 2(043)2061/2018 saylı qətnaməsinə əsasən nikahların pozulması, Cavabdeh2 Cavabdeh1 himayəsində saxlanılması qət edilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxıb getmişlər. O, təqaüdçüdür və hər ay 260 manat pensiya alır. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəmə təsir edir və mülkiyyət hüquqlarını pozur. Cavabdehlər mübahisəli mənzildən çıxdıqdan sonra həmin mənzilə faktiki olaraq qayıtmamışlar və həmin mənzilə köçürülmələri ilə bağlı məhkəməyə rəsmi qaydada müraciət etməmişlər. Ona görə də hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərinə və onların uzun müddət mübahisəli mənzildə yaşamadıqlarına görə onların həmin mənzildən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Odur ki hazır ki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcbur qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, keçmiş gəlini Afaq Cəfərov 2017-ci ildən mərhum oğlu Surac Nəbiyevdən ayrılaraq ona məxsus evdən çıxıb getmişdir. Cavabdehlər həmin vaxtdan bəri ona məxsus evdə yaşamır. Cavabdehlərin özlərinin ayrı yaşayış yerləri vardır. Odur ki, iddia tələbinin təmin edilməsini və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə cavabdehlər Cavabdeh2, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, mülkiyyət sahibidir. İddiaçının oğlu X13 2022-ci ilin fevral ayında vəfat etmişdir. Cavabdeh1 isə X1 arvadı olmuşdur. Onlar arasındakı nikah aktı ləğv edilmişdir. 2017-ci ildən Cavabdeh1 öz oğlu Cavabdeh2 birlikdə həmin ünvanda yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusudur. ünvan 2 ünvanı İddiaçı məxsusdur. İddiaçının oğlu X13 2022-ci ilin fevral ayında vəfat etmişdir. Cavabdeh1 isə X1 arvadı olmuşdur. Onların birgə nikahlarından Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Onlar təxminən 5 ilə yaxın müddətdir ki ayrı yaşamışlar və 2018-ci ildə onlar aralarındakı nikah aktı ləğv edilmişdir. Təxminən 2017-ci ildən Cavabdeh1 öz oğlu Cavabdeh2 birlikdə həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 09.03.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Surac oğlu, X8, X13, X12, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.07.2018-cı il tarixli, 2(043)-2061/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 ilə cavabdeh X13 arasında 10 oktyabr 1997-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 02.04.2003-cü il təvəllüdlü Cavabdeh2 anası X5 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Qeydiyyat şöbəsinin 28.02.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13, 24 fevral 2022-ci il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbi ilə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 29.03.2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, 17 saylı fərdi yaşayış evinə dair arayışın verilməsi barədə 17 mart 2022-ci il tarixli, ********** N-0036 saylı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 3 saylı Gəncə ərazi İdarəsində baxılmışdır. X6 adına Kirovabad şəhəri, Tbilisi küçəsi, 100 saylı fərdi yaşayış evinin yerləşdiyi 574.0 kvm torpaq sahəsinə dair 18.04.1955-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhər Kəpəz rayon xalq məhkəməsinin 13.03.1986-cı il tarixli 2-218 1986 saylı qətnaməsinə əsasən sonradan ünvanı Komsomol küçəsi, 17 olan bu ünvanda yerləşən 18.2 kvm və 11.8 kvm iki yaşayış otaqlarına X7 mülkiyyət hüququ üzrə tikintiyə sahiblik faktı müəyyən edilmişdir. Gəncə şəhər Kəpəz rayon X16 İcraiyyə Komitəsinin 29.11.1990-ci il tarixli 17 nömrəli protokolundan çıxarışına əsasən bu mülkdə 34.8 kvm iki yaşayış otaqlarından başqa müvafiq icazə sənədləri olmadan inşa edilmiş 46.5 kvm yaşayış sahəsi 78.1 kvm örtülü eyvan, 5.3 kvm köməkçi sahə, 36.3 kvm zirzəmi, 44.2 kvm açıq eyvan, 25.4 kvm həyət tikililərinin hüquqverici sənədlərlə təmin edilməsi barədə rəy təsdiq edilmişdir. Həmin tikililər X7 mülkiyyətinə verilmiş, 722.0 kvm torpaq sahəsinin artıq olan 122.0 kvm hissəsi yerli Sovetinin balansında saxlanılmışdır. X9 bu əmlaka 21.12.1990-cı il tarixli 3951 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 4 saylı notariat kontorunun 17.01.1991-ci il tarixli 1/32 saylı bağışlama müqaviləsinə əsasən X15 mülkünün tikili "B"-də 25.1 kvm bir yaşayış otağı, 35.3 kvm örtülü eyvan, 68.6 kvm zirzəmidən ibarət olan hissəsini X10 bağışlamışdır. Bağışlanan hissənin ünvanı Şəddadilər küçəsi, 17A-dır. 1 saytı notariat kontorunun 18.02.1991-ci il tarixli 2-1-126 saylı bağışlama müqaviləsinə əsasən X15 öz mülkiyyətində qalan Şəddadilər küçəsi, 17 saylı fərdi yaşayış evini (tikili "A"-da 16.7 kvm bir yaşayış otağı, 15.8 kvm örtülü eyvan, 11.9 kvm zirzəmi, tikili "B"-də 52.2 kvm iki yaşayış otaqları, 54.3 kvm örtülü eyvan, 14.6 kvm mətbəx, 26.1 kvm açıq eyvan, 114.8 kvm y/zirzəmi, tikili "V"-də 20.3 kvm hamam) İddiaçı bağışlanmışdır. İddiaçı Şəddadilər küçəsi, 17 saylı fərdi yaşayış evinə 04.03.1991-ci il tarixli 3951 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏDnin 11.04.2022-ci il tarixli, 170 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, mülkiyyət sahibidir. Cavabdeh2 və Cavabdeh1 göstərilən ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq həmin mənzildə yaşamırlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ünvan 2 mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 onun nəvəsi, Cavabdeh1 isə onun keçmiş gəlini olmuşudur və onlar uzun müddətdir ki yəni 2017-ci ildən bəri həmin mənzildə yaşamırlar. Belə ki, İddiaçı Şəddadilər küçəsi, 17 saylı fərdi yaşayış evinə 04.03.1991-ci il tarixli 3951 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir, cavabdehlər iddiaçıya məxsus olan ünvan 2-də yaşamamalarına baxmayaraq qeydiyyatdan çıxmamışdırlar. Cavabdehlərin uzun müddət sözügedən mənzildə yaşamamasından görünür ki, onlar özlərinə daimi yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzili iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzilə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228–ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016–cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228–ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262–ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər–arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2–ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz–özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016–cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdehlər həmin mənzildə yaşamır və daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmiş və hazırki mənzilə olan ehtiyacları aradan qalxmışdır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehlərin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şədaddilər küçəsi 17 nömrəli evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100,0 (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab olunsun. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-1325/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1325/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver