Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1330/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli binanın 33 nömrəli otağından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 33 saylı otağında qeydiyyatda olan Cavabdeh uzun illərdir ki, həmin otaqda yaşamır. Ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdeh Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli binada qeydiyyatda olmasına baxmayaraq, onun haqqında uzun illərdir heç bir məlumatları yoxdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 25 may 1999-cu il tarixli 6382 nömrəli sərəncamının surətindən görünür ki, “Qərbsənayetikinti” birliyinin Mənzil Kommunal Kontorunun balansında olan, 1564 mənzildən ibarət 37 yaşayış binası, o cümlədən Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 4 (yataqxana) Gəncə şəhər İcra hakimiyyətinin MPUİTİ-nin balansına qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 4, 33 saylı otaq Cavabdeh istifadəsinə verilsə də o, həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş 857 nömrəli, 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, bina 4, mənzil 33-də qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, həmin ünvanda yaşamır. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 saylı binanın 33 saylı otağı cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh bir müddət yuxarıda göstərilən otaqda yaşasa da, daha sonra özünə başqa yaşayış yeri seçməklə, könüllü olaraq həmin mənzili tərk etmişdir. Cavabdehin mübahisəli mənzili tərk etməsinin səbəbi ilə bağlı məhkəmə qeyd edir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, o, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı mənzilə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdeh mübahisəli mənzillə əlaqələrini uzun müddətdir kəsmişdir. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdeh qeydiyyatda olduğu mənzili başqa yaşayış yerinə köçməsi ilə əlaqədar tərk etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin müvafiq yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onun bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 4 nömrəli binanın 33 nömrəli otağından istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1330/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1330/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver